Prezident İlham Əliyev ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışında çox mühüm məqamlara toxunub. Sözsüz ki, Orta Dəhliz kimi irimiqyaslı layihəni icra etmək üçün təhlükəsizlik və iqtisadi bacarıq məsələləri gündəmdədir. Təhlükəsizlik və iqtisadi potensial olmadan bütün region ölkələrinə fayda verəcək Orta Dəhlizin reallaşması mümkün deyil. Bu mənada istənilən genişmiqyaslı layihənin icrası üçün önəmli elementlərdən ən başlıcası sabitlikdir.
Bu Siyasetinfo-ya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Azərbaycanda uzun illərdir sabitlik və inkişaf var: “Azərbaycanın beynəlxalq arenada oynadığı rol məhz daxili siyasətin mahiyyətindən qaynaqlanır. Güclü iqtisadiyyat, siyasi, iqtisadi sabitlik bu məsələdə mühüm rol oynayır. Bu həmçinin əsas siyasi xəttin proqnozlaşdırılmasını mümkün edir. Ona görə siyasi sabitlik, təhlükəsizlik, iqtisadi inkişaf vacibdir. Ölkəmizin coğrafi mövqeyinin üstünlüyü Avropa ilə Asiyanın arasında yerləşməsi iki qitənin ortasındakı oynadığı rolu bu gün daha qabarıq görünür. Azərbaycan özünün malik olduğu infrastruktur imkanları, kommunikasiya xəttləri ilə regional və qlobal miqyasda öz rolunu və mövqeyini ortaya qoyur. Eyni zamanda artıq fəaliyyət göstərən nəqliyyat marşrutları Xəzər regionunun bütün ölkələrinin inteqrasiya olunmasına imkan verəcək”.
Millət vəkili hesab edir ki, indiki mərhələdə təhlükəsizlik məsələləri daha vacibdir: “Bunun fonunda Azərbaycanda bütün nəqliyyat layihələri üçün özünün imkanları ilə çıxış edir. Belə bir şəraitdə İran və yaxud Ermənistanın regionun nəqliyyat-infrastruktur layihələrinə əngəl törətməsi mümkün deyil. Ermənistanın regionda coğrafi və başqa imkanlarının olmaması onu bundan məhrum edir. Faktiki olaraq dalana dirənmiş Ermənistandan heç bir nəqliyyat marşrutu keçmir. Eyni zamanda onların nəqliyyat şəbəkəsi köhnəlib və özlərinə məxsus deyil. İran isə özü regional kommunikasiya layihələrində maraqlı olmalıdır. Çünki bu cür layihələr hamının xeyrinədir”.
Məlahət İbrahımqızına görə, Azərbaycan faktiki olaraq Zəngəzur dəhlizi ilə bağlı müzakirələri Ermənistanla deyil, Rusiya ilə aparır: “Çünki Ermənistanın dəmir yolları Rusiya Dəmir Yolları Şirkətinə aiddir. Bütün bunların fonunda Azərbaycanın siyasi-diplomatik müstəvidəki addımları də proseslərin davamı kimi xarakterizə olunur. Məhz İsraildə səfirliyin, Fələstində təmsilçilik ofisinin açılması ölkəmizin milli maraqlarına əsaslanır”.
Deputat Azərbaycan və Türkiyə birliyinin, dost və qardaş ölkə kimi dünya üçün örnək olduğunu söyləyib: “Ötən il Şuşada Azərbaycanla Türkiyə arasında imzalanan Müttəfiqlik Bəyannaməsi bu qardaşlığın ən yüksək zirvəsi hesab edilir. Sözsüz ki, qardaş Türkiyə ilə əməkdaşlığımız bütün sahələrdə güclənir. Bu da regional sabitliyin mühüm meyarı hesab edilir. Türkiyə ilə Azərbaycan arasında iş birliyi və birgə fəaliyyət bölgədə sabitliyin möhkəmlənməsinə yönəlib”.