Prezident İlham Əliyev 2023-cü il ilin 17 oktyabr tarixində “Füzuli şəhəri günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə çox mühüm mesajlar verib. Ölkəmizin başçısı son antiterror tədbirləri ilə separatizmə birdəflik son qoyulduğunu, Azərbaycan ərazisində bir daha bu kimi zərərli ünsürlərin baş qaldıra bilməyəcəyi qəti şəkildə vurğulayıb. Bunun Azərbaycan dövlətinin gücü və xalqımızın qətiyyəti sayəsində mümkün olduğunu bildirildi. Artıq Qarabağda tam təhlükəsizlik təmin edilib. Keçmiş qaçqın və məcburi köçkünlər kimi füzulililər də geri qayıdır. Füzuliləri tarixi gün münasibəti ilə təbrik edən ölkə başçısı gənc nəslin də öz doğma torpağına gəlməyə qərar verdiyini bildirmişdi.
Bunu Siyasətinfoya VI çağırış Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının üzvü Aqil Məmmədov deyib.
O qeyd edib ki, bu gün azad edilmiş digər ərazilərimiz kimi Füzulinin yeni siması göz oxşayır: “İşğaldan azad olunmuş bütün ərazilərdə yenidənqurma işləri aparılır. Bu, yeni reallıqdır ki, Azərbaycanda Milli Şəhərsalma Forumu işğaldan azad edilmiş ərazilərdə keçirilib. Ağdamda və Zəngilanda bu tədbirlər təşkil edilib. Eyni zamanda digər şəhərlərdə bütün layihələr təqdim olunub. Təbii ki, Füzulidə və başqa şəhər və kəndlərdə həyata keçirilən layihələr dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarına uyğun təsbit edilib. Artıq azad edilmiş ərazilərdə rahat yaşamaq üçün bütün infrastruktur, şərait var. Beynəlxalq təşkilatlar bunu çox yüksək qiymətləndirir. Çünki burada yaşayış üçün ən gözəl şərait yaradılıb. Sözsüz ki, azad edilmiş digər şəhərlərin də siması Füzuli şəhəri kimi olacaq”.
YAP üzvü bildirib ki, Füzuli şəhəri tamamilə yenidən qurulur: “Eyni zamanda Füzulinin timsalında bütün dünya gördü ki, erməni vəhşiliyi burada bütün infrastrukturu necə dağıdıb. Buraya gələn hər bir insan erməni vəhşiliyinin nədən ibarət olduğunu bir daha görmüş olur. Hətta Füzuli azad olunanda burada bir salamat bina olmadı ki, Bayrağımızı oradan ucaldılsın. Bütün bunlar isə Ermənistanın Azərbaycan xalqına qarşı etnik təmizləmə aparmaq siyasətinin mahiyyətindən qaynaqlanırdı. İşğaldan uzun on illiklər öncə Azərbaycan və erməni xalqı hər zaman yanbayan yaşamasına baxmayaraq 90-ci illərin əvvəllərində Ermənistanın işğalçılıq və vandalizm siyasəti ucbatından xalqımıza qarşı soyqırım etnik təmizləmə həyata keçirilib. Təbii ki, Azərbaycan xalqı heç vaxt işğalı, əzab-əziyyəti unutmur və unutmayacaq. Gənc nəsil də bunu bilməlidir. Xalqımızın hansı çətin sınaqlardan çıxıb, əyilməyib, sınmayıb, özünə, Ali Baş Komandanına, Ordusuna inandığı dərk olunmalıdır”.
Aqil Məmmədov bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında azad edilmiş bütün bölgələrimiz kimi Füzulinin də tamamilə yenidən qurulduğunu bildirib: “Artıq Böyük Qayıdış proqramına uyğun olaraq Füzulidə yaradılan infrastrukturla yanaşı burada geri dönüb, əbədi xoşbəxt yaşayanların da sayının artması müşahidə edilir. Bu bir reallıq ki, Böyük Qayıdış Proqramı qəbul olunduğu andan böyük uğurla icra edilir. Artıq Böyük Qayıdış Proqramının birinci mərhələsinin sonunda – 2026-cı ilin sonuna kimi Füzulidə 22 min sakinin geri dönüb yaşaması nəzərdə tutulub. Ümumilikdə isə dövlətimizin başçısının da açıqladığı kimi bütövlükdə Qarabağ və Şərqi Zəngəzurda 140 min insanın geri dönüb, rahat, xoşbəxt təhlükəsizlik şəraitində, əbədi olaraq yaşayacaq. Buna güclü, qalib Azərbaycan dövləti təminat verir”.