Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranıb. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər. Bu məqsədlə xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşmək qərarı verildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Xalqın istəyini nəzərə alaraq Ulu Öndərə müraciət edən məşhur “91-lər”in cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları müraciətdə Ulu Öndər Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu.
Bunu Siyasətinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, məhz Azərbaycan xalqının istək və arzularının ifadəsi olaraq ölkəmizin həyatında çox böyük dəyişikliklərə səbəb olan Yeni Azərbaycan Partiyasının yaranması artıq zərurətə çevrilmişdi: “Ulu Öndər Heydər Əliyevin siyasi iradəsinin ifadəsi olaraq Yeni Azərbaycan Partiyasının yaranması və qarşısında duran tarixi vəzifə olduqca mühüm və çətin bir dövrü əhatə edirdi. Beləliklə, Yeni Azərbaycan Partiyasının təsis konfransı 21 noyabr 1992-ci il tarixində Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirilib. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Nizamnaməsini və Proqramını qəbul etdi. Konfransda Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Bununla da müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı. Azərbaycan tarixinin səhnəsində Ulu Öndər Heydər Əliyev rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrildi. Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi. Ümummilli lider Heydər Əliyevin özünün dediyi kimi YAP “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi”.
Millət vəkili hesab edir ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış edib: “Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçib. Yeni Azərbaycan Partiyasının 2005-ci il 26 mart tarixində keçirilmiş III qurultayında Partiyanın yeni sədri –Prezident İlham Əliyevin seçilməsi ilə partiya həyatında yeni dönəm başlamış oldu. Eyni zamanda Ulu Öndər Heydər Əliyevin siyasi irsinə sadiqlik prinsipləri üzərində yeni çağırışlar əsas kimi qəbul edildi. Sözsüz ki, yarandığı qısa zamandan sonra böyük ictimai dəstəklə əhatə olunaraq ölkəmizin və regionun ən nüfuzlu və monolit partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının qarşısında duran taleyüklü vəzifələr ideoloji birliyi şərtləndirib. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur. Başlıca prinsip isə vətənə sadiqlik və ümummilli maraqlara sədaqət partiya üzvlərini səciyyələndirən əsas göstəricilərdən biri kimi qəbul olunmasıdır. YAP Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət və azad vətəndaş cəmiyyəti qurmaq məqsədi ilə irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən asılı olmayaraq Azərbaycan vətəndaşlarını ümumi siyasi ideya və məqsəd ətrafında birləşdirən siyasi partiyaya çevrilib. Cənubi Qafqazın ən böyük və nüfuzlu siyasi partiyası səviyyəsinə qədər inkişaf etmiş YAP-ın qərarları, konfransları və qurultayları ölkə ictimaiyyətinin diqqətində olan mühüm məsələlərdəndir. Bu mənada YAP-ın hər qurultayı Azərbaycanın yeni inkişaf tendensiyasında və cəmiyyətin inkişaf istiqamətində mühüm amil kimi önə çıxır”.
Deputat Azərbaycanın ərazi bütövlüyü, tarixi qələbəmiz fonunda YAP-ın cəmiyyət həyatındakı aparıcı rolunu nəzərə alaraq yenilənməyə, günün tələblərinə uyğun olaraq dəyişikliklərə, inkişafa açıq olmasının vacib önəmindən bəhs edib: “II Qarabağ müharibəsində əldə edilən tarixi Zəfər, ərazi bütövlüyümüz və suverenliyimizin təmin edilməsi aparıcı siyasi təşkilat kimi YAP-ın da qarşısında çox mühüm vəzifələr qoymuş oldu. 44 günlük Vətən müharibəsində YAP həm ictimai-siyasi müstəvidə, həm də beynəlxalq platformalarda Azərbaycan həqiqətlərinin təbliği və təşviqində mühüm rol oynayıb. Regionun ən güclü siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası Azərbaycanın haqlı mövqeyinin ifadə edilməsi, 30 ilə yaxın davam edən Ermənistanın işğal siyasətinin əsl mahiyyətinin geniş ictimai fikrə çatdırılmasında öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib. Tarixi Zəfərdən, Vətən müharibəsindən sonra ölkəmizin həyatında baş verən mühüm dəyişikliklər YAP-ın da yeni inkişaf mərhələsinə qədəm qoymasını şərtləndirmişdir. 5 mart 2021-ci il tarixində keçirilmiş YAP-ın VII qurultayında qəbul edilmiş qərar əsasında Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi, 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilib. Bu mənada YAP-ın VII qurultayı Azərbaycanın davamlı inkişafı və müasir dövrün çağırışları kontekstində partiyanın qarşısına yeni vəzifələri müəyyən edib. Cəmiyyətin və dövlətin müxtəlif sahələrini əhatə edən islahatların aparılmasında, yeni siyasi konfiqurasiyanın yaradılmasında və siyasi dialoqun dərinləşməsində yaxından iştirak etmək partiya üzvlərindən yüksək fəallıq tələb edir”.
Təftiş Komissiyasının sədri Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, partiyanın sədri cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-ci il 5 mart tarixində Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edilməsini mühüm önəm kəsb etdiyini söyləyib: “Sözügedən təyinat yüksək etimadın və Azərbaycanın dövlət siyasətində qadına ayrılan xüsusi diqqətin təcəssümü hesab edilir. Bununla yanaşı güc faktoru beynəlxalq münasibətlər sistemində öz aktuallığını qoruyub saxladığı üçün YAP hakim partiya olaraq öz siyasətini adekvat olaraq qurur. Dövlətin siyasi prioritetləri və beynəlxalq əməkdaşlıq vektoru milli maraqlar əsasında müəyyən olunur. Məhz bu kontekstdə beynəlxalq müstəvidə fəal mövqe və qlobal təşəbbüslər Azərbaycana çoxlu sayda tərəfdaş qazandırıb. Eyni zamanda YAP öz təşəbbüsləri sayəsində partiyalarası siyasi dialoqu stimullaşdırır. Siyasi dialoqun inkişafı dövlət siyasətinin prioritet fəaliyyət istiqamətlərindən biri olduğunu nəzərə alsaq ölkəmizdə aparılan siyasi dialoq təcrübəsi YAP-ın təşəbbüsləri ilə zənginləşir. Həmçinin YAP milli həmrəyliyi yaşadan uğurlu iqtidar-xalq modeli ortaya qoyub. VII qurultayda qəbul olunmuş qərarlar hakim partiyanın iqtidar-xalq modelinin real işə düşdüyünü, milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi. Prezident seçkilərindən sonra ərazi bütövlüyümüzün bərpası birinci dərəcəli vəzifə kimi qarşıya məqsəd qoyuldu və bu vəzifə uğurla icra olundu. Sözsüz ki, bütün müasir tendensiyaları və regionda yaranmış yeni reallıq YAP-ın yeni Proqramında da öz əksini tapıb”.
Sevinc Hüseynova YAP təsis edildiyi gündən demokratik siyasi mədəniyyət nümunəsi sərgilədiyini bildirib: “YAP Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyətə başlayan güclü bir siyasi təşkilat kimi formalaşdı. YAP müxalifət partiyası kimi yaransa da, onun hakimiyyətə münasibətdə tutduğu mövqe konstruktiv xarakter daşıyıb. Partiyanın strateji hədəfi məhz güclü, qalib inkişaf edən Azərbaycan olub. Ulu Öndər Heydər Əliyev irsinin təbliği və təşviqi, güclü iqtisadiyyat və davamlı inkişaf, inklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı partiyasının əsas hədəflərindən olub. Eyni zamanda şəffaflığın artırılması, vətəndaş cəmiyyətinin inkişafı, Azərbaycan dili və dünya azərbaycanlılarının həmrəyliyi, mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması partiyanın əsas vəzifələri kimi müəyyənləşib. Vətəndaş həmrəyliyinin təminatı, milli maraqlar və xarici siyasət, Ordu quruculuğu və işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış proqramının ən yüksək təminatı da YAP-ın əsas qayəsi hesab edilir. Bu baxımdan da Yeni Azərbaycan Partiyası dövlət və cəmiyyətin inkişafı naminə sağlam əməkdaşlıq mühitini daim olaraq təşviq edir. Açıq və etibarlı münasibətlərin bərqərar olunmasına xidmət edən islahatlar formalaşan yeni siyasi konfiqurasiyanın tərkib hissəsidir. Məhz bu kontekstdə iqtidar-müxalifət münasibətlərinin sağlam təməllər üzərində inkişaf etdirilməsi Prezident İlham Əliyevin dövlət siyasətini xarakterizə edən əsas göstəricilərdən biridir”.