ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda Prezident İlham Əliyev ölkəmizin müəllifi və təşəbbüskarı olduğu enerji və nəqliyyat layihilərinin əhəmiyyəti, Orta Dəhlizin reallaşması perspektivləri, eləcə də regionda təhlükəsizlik məsələlərindən ətraflı bəhs edib. Dövlətimizin başçısı konfransda iştirak edən nüfuzlu beynəlxalq ekspertlərin də suallarını əhatəli şəkildə cavablandırıb.
Bunu Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, beynəlxalq konfransın iştirakçıları arasında dünyanın beyin mərkəzlərinin rəhbərləri və nümayəndələri yer alıb: “Konfransda Orta Dəhlizin təhlükəsizlik aspektləri, regionun iqtisadi imkanları müzakirə olunub. Xüsusilə bu baxımdan Zəngəzur dəhlizinin əhəmiyyəti, Şərq-Qərb dəhlizinin yaradacağı yeni nəqliyyat imkanları, beynəlxalq yükdaşımalarının genişləndirilməsi və şaxələndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb”.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində dünyada böyük nüfuz qazanan Azərbaycan artıq ən mühüm mövzuların müzakirə olunduğu mötəbər beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı kimi tanınır: “Xüsusilə Vətən müharibəsindən sonrakı dövrdə keçirilən beynəlxalq tədbirlərdə işğaldan azad olunan ərazilərimizin dirçəldilməsi və beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm komponentinə çevrilməsi istiqamətində görülən işlərin təbliğinə geniş yer verilir. Ən diqqətçəkən məqamlardan biri də odur ki, bu konfrans və forumların əhatə dairəsinin genişlənməsi və iştirakçılarının sayının artması həmin tədbirlərə beynəlxalq səviyyədə marağın artdığını göstərir. Bu, həm də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən dərhal sonra dövlətimizin başçısının Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi istiqamətində həyata keçirdiyi ardıcıl və mütərəqqi siyasətə beynəlxalq ictimaiyyətin yüksək diqqətinin və artan marağının əyani ifadəsidir.
Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyev konfransda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesindən də bəhs edib: “Görünən odur ki, Ermənistan prosesə əngəl törədir. Belə ki, dövlətimizin başçısının dediyi kimi dekabrın 7-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan ilə nəzərdə tutulan görüş keçirilməyəcək. Buna səbəb isə Ermənistanın baş nazirinin həmin görüşə yalnız orada Fransa prezidenti Emmanuel Makronun iştirak edəcəyi təqdirdə razılıq verəcəyini bildirməsidir. Bu isə o deməkdir ki, həmin görüş baş tutmayacaq. Çünki Praqa görüşündən bir neçə gün sonra Fransa prezidenti Makron müsahibəsində Azərbaycana qarşı əsasız ittihamlar irəli sürdü və Ermənistana açıq-aşkar dəstək nümayiş etdirdi. Daha sonra Fransa Senatının ölkəmizə qarşı qəbul etdiyi əsassız qətnamə və digər faktlar Fransanın obyektiv vasitəşilik etmədiyini göstərir. Dövlətimizin başçısı Paşinyanın Brüssel görüşündə Makronun iştirak etməsi tələbini irəli sürməsini sülh danışıqlarını pozmaq cəhdi kimi qiymətləndirib”.
Sevinc Fətəliyeva hesab edir ki, Prezident İlham Əliyevin regionda yeni reallıqların müəllifidir və postmünaqişə mərhələsinin ümumi geosiyasi ab-havasının yenilənməsində əsas söz sahibidir: “Həmçinin Azərbaycan diplomatiyası hər bir görüşdə müsbət məzmunlu sənədlərin qəbul edilməsində fəallıq göstərir. Azərbaycan mövcud regional geosiyasi vəziyyəti obyektiv qiymətləndirir. O cümlədən regional əməkdaşlıq, sabitlik və inkişaf üçün təşəbbüslər irəli sürür. Azərbaycan regionda kommunikasiya xətlərinin, həmçinin Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfərlə Azərbaycan münaqişənin bitdiyini elan edib. Dövlətimizin başçısı İlham Əliyev hərbi əməliyyatlar bitdikdən sonra çıxışlarında qeyd edir ki, artıq münaqişə öz həllini tapıb, Azərbaycan sülh və təhlükəsizlik fonunda yeni səhifə açmağa hazırdır. Bu mənada Ermənistanın gələcəyi irəli sürülən təşəbbüslərə konstruktiv adekvat cavab verməsindən asılıdır”.