Ağsaqqal müdrikliyin, inkişafın, təcrübənin rəmzidir. Ağlı, savadı, dünyagörüşü, səmimiliyi, açıq sözlülüyü ilə cəmiyyətdə, kənddə, məhəllədə, ailədə sözü eşidilən və qəbul edilən insan məhz ağsaqqal, böyük xarakterli şəxsiyyətdir. Sözsüz ki, ağsaqqalla hörmət etmək, onun qərarlarını müzakirəsiz icra etmək, qeydlərini diqqətə almaq, göstərdiyi nöqsanları aradan qaldırmaq cəmiyyətin inkişafına, insanların bir-birinə səmimi münasibətinə şərait yaradır.
Bu bir reallıqdır ki, həyat təcrübəsi, təmkini və dünyagörüşü ilə seçilən, mühüm məsələlərin həllində söz sahibi olanlar həmişə böyük nüfuza malik olub, hörmətlə qarşılanır. Belə adamlar öz xeyirxah əməlləri ilə tanınıb, nüfuz qazanıb və sevilir. Tanınmış ziyalı, ağsaqqal, professor Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Eldar Quliyev də məhz belə şəxsiyyətlərimizdəndir.
Onun böyüklüğü, aldığı tərbiyədən, insanlara olan səmimi yanaşmasında, dövlətə və dövlətçiliyə sarsılmaz bağlılığından, türk millətinə olan sonsuz sevgisindən qaynaqlanır. Eldar müəllim həm də ziyalıdır, müəllimdir, öyrədəndir. Özü haqqında heç vaxt tərifi qəbul etməyən professor əhatəsində olanların, ondan kənarda hər kəsin ən etibarlı dostudur.
Belə bir deyim var ki, zülmətdən qurtulmaq üçün arxasınca getməyə kimisə axtarma. Həmin yolu bir dəfə getmiş adamın ardınca get. Tarixin bütün dövrlərində cəmiyyətlər inkişaf, yenilik, tərəqqi axtarır. Sözsüz ki, inkişafı, tərəqqini bütövlükdə cəmiyyət obrazında axtarmaq yanlışlıq olar. Çünki cəmiyyətlərin inkişafında lokomotiv qüvvə onun ziyalısıdır. Ziyalılar, aydınlar cəmiyyətin, toplumun mayakıdır.
Milli Məclisin deputatı, professor Eldar Quliyev həm də alim kimi Azərbaycanda ictimai rəyin formalaşması və ölkənin sabit və davamlı inkişafı üçün zəruri olan mütərəqqi islahatların hazırlanıb həyata keçirilməsinə çalışır. Bu istiqamətdə ortaya dərin iqtisadi təhlillərə əsaslanan elmi işlər qoyur. Eldar müəllim Azərbaycanda yeganə alimdir ki, onun kitabları BMT-nin xüsusi kitabxanasında yer alır.
Onun dünyanın ayrı-ayrı dillərində çap olunmuş dəyərləri əsərləri qlobal iqtisadiyyat, qida təhlükəsizliyi və ərzaq təhülkəsizliyi ilə bağlı əvəzsiz mənbədir.
Torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüz və suverenliyimizin tam təmin olunması fonunda bu gün Azərbaycan öz tarixinin ən şanlı dövrünü yaşayır. Uzun illər Azərbaycanın hər çətinliyini gözü ilə görmüş, o problemlərin həlli istiqamətində çalışmış professor Eldar Quliyev bu gün özünü həqiqətən də çox xoşbəxt hiss edir. Çünki o sarsılmaz vətən eşqi ilə Azərbaycanın bu gününü hər zaman arzulayıb, onun canlı şahidi olan şəxsiyyətlərimizdəndir.
Çox hörmətli ziyalımız, ağsaqqalımız, eyni zamanda hamımızın dostu, professor Eldar Quliyevi ad günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona can sağlığı arzulayırıq.
Hörmətlə,
Jurnalist Tapdıq Qurbanlı