Ümummilli lider, görkəmli ictimai-siyasi xadim Heydər Əliyev deyirdi “Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıdır”. Bu mənada Azərbaycançılıq ideologiyasını mili özünü dərk etmək amili ilə xarakterizə etmək olar. Azərbaycan xalqını bütöv bir amal uğrunda birləşdirmək bu tarixi şəxsiyyətin misilsiz xidmətləri sayəsində mümkün olub. Ona görə də, ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin banisi olmaqla yanaşı həmçinin milli birliyimizin də memarıdır.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Azərbaycançılıq təkcə Azərbaycan Respublikasında yaşayan azərbaycanlıları, etnik xalqları deyil, eyni zamanda, harada yaşamasından və hansı ölkə vətəndaşı olmasından asılı olmayaraq bütün dünyada yaşayan azərbaycanlıların vahid bir ideya ətrafında birliyini təmin edən başlıca amildir: “Burada milli mənsubiyyət və dinindən asılı olmayaraq Azərbaycana mənən və fiziki cəhətdən bağlı olan və onun nüfuzunu uca tutan hər bir insan Azərbaycançılıq ideologiyasının daşıyıcısı hesab edilir. Sözsüz ki, Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının və dövlətçilik fəaliyyətində müstəsna xidmətləri olan bir şəxsiyyət kimi hələ sovetlər birliyinin dağılmasından və Azərbaycanın müstəqillik əldə etməsindən sonra dilindən, dinindən və milli-mənəvi dəyərlərindən asılı olmayaraq bütövlükdə dövlətçilik ənənələrinin formalaşdırılmasında tarixi əhəmiyyət daşıyan misilsiz işlər görüb”.
Deputat bildirib ki, Azərbaycançılıq yeni müstəqillik əldə etmiş ölkəmizin inkişaf etməsi üçün Ulu Öndər tərəfindən irəli sürülmüş əvəzsiz ideologiyaya çevrildi: “Sözsüz ki, Azərbaycançılıq ideyasının yaranması ölkədə yaşayan müxtəlif etnik qrupları və xalqları dövlətin ümumi mənafeyi ətrafında birləşdirmək amalına xidmət edib. Ulu Öndərin ölkəmizə rəhbərliyinin birinci dövründə, 1969-1982-ci illərdə Azərbaycanda məhz onun rəhbərliyi ilə azərbaycan dilinin əhəmiyyəti artmış və ana dilinə olan diqqət və qayğı eləcə də dövlət qurumlarında azərbaycanlıların yüksək vəzifələrə gətirilməsi vacib əhəmiyyət kəsb edirdi. Yüzlərlə gəncin Sovet İttifaqının ən nüfuzlu ali təhsil müəssisələrinə göndərilməsi, böyük alim ordusunun yetişməsi, xalq təsərrüfatının dinamik inkişafı, mədəniyyətin çiçəklənməsi, təhsilin inkişaf etdirilməsi ulu öndərin gələcəyimizə olan inamının mahiyyətini ehtiva edirdi. Ulu öndər Heydər Əliyevin gerçəkləşdirdiyi bu siyasətin təməlində Azərbaycanın gələcəyi, milli dövlətçilik düşüncəsinin dayandığını, azərbaycançılıq ideologiyasını illər ötdükdən sonra artıq Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra daha aydın anlaşılacaqdı”.
Millət vəkili hesab edir ki, Azərbaycançılıq ideyası ümummilli lider Heydər Əliyevin ən layiqli davamçısı Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir: “Ötən illər ərzində Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinə sadiq qalmış və onu inkişaf etdirib. Belə ki, 1988-ci ildən Ermənistanla Azərbaycan arasında davam edən müharibə nəticəsində 20 faiz Azərbaycan torpaqlarının işğal faktını heç vaxt qəbul etməyən Azərbaycan münaqişənin birdəfəlik köklü həll olunması və ərazilərin işğaldan azad olunaraq köçkün və qaçqın soydaşlarımızın öz torpaqlarına geri qayıtmasını tələb kimi ortaya qoyub. Bunun nəticəsi olaraq 2020-ci ildə 44 günlük müharibəsi dövründə və 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal antiterror tədbirlərində biz Azərbaycan xalqının bir an belə dayanmadan necə vahid bir gücə çevrildiyinin və böyük əzm ilə vətəndaş borcunu göstərərək Müzəffər Orduya rəhbərlik edən Cənab Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşərək “Dəmir Yumruğa” çevrildiyinin şahidi olduq. Məhz azərbaycançılıq ideologiyası 30 ildən bəri davam edən münaqişənin bitməsinə və Azərbaycanın qələbə çalmasına yol açdı”.