Qubadlı Şəhəri Günü ilk dəfədir qeyd olunur. Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il oktyabrın 25-də Qubadlı Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək. Bu əlamətdar günün təsis olunması Qubadlı şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Belə ki, bu gün – oktyabrın 25-də şəhərin erməni işğalçılarından təmizlənməsindən 3 il ötür. Müzəffər Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırıb.
Bunu Siyasətinfoya VI çağırış Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının üzvü (YAP) Aqil Məmmədov deyib.
YAP üzvü Qubadlı rayonunun tarixi, coğrafi mövqeyi, relyefi, təbii sərvətləri, təbiəti, burada min illiklər azərbaycanlıların yaşayıb yaratdığı maddi-mədəniyyət nümunlərinin zəngiliyindən bəhs edib: “Qubadlı rayonu ölkəmizin cənub-qərbində, Qarabağ yaylasının cənub şərqində yerləşir. Rayon ərazisində zəngin tarixi mədəni və dini abidələr mövcuddur. Coğrafi mövqeyinə görə Qubadlı olduqca əlverişli bir bölgədə yerləşir. Əsasən dağlıq relyefə malik olan Qubadlı Ermənistanla 120 km məsafəyə malikdir. Rayon Şimaldan Laçın, Xocavənd rayonu, şərqdən Cəbrayıl, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir. Həkəri və Bərgüşad çaylarının ətrafında yerləşən Qubadlının zəngin torpaq örtüyü var. Rayon həmçinin təbii faydalı qazıntılarla zəngindir. Qubadlı kənd təsərrüfatı rayonu kimi Ermənistanın işğalına qədər müxtəlif məhsulların becərildiyi bölgələrimizdən biri olub.
Qubadlı rayonu 1993-cü ilin avqustun 31-də Ermənistan tərəfindən tamamilə işğal olunub. 1988-ci ildən başlayaraq Еrmənistan Qubadlı rayonuna müxtəlif istiqamətlərdən təcavüzkar hücumlar başladıb. Bu hücumlar nəticəsində dinc əhaliyə qarşı tеrror törədilməsi sistеmli şəkildə davam еtdirilib. İşğal dövründə isə rəsmi İrəvan Qubadlıda Cenevrə konvensiyalarına zidd olaraq qanunsuz məskunlaşma apararıb. Erməni lobbisinin maddi dəstəyi ilə Qubadlının Xanlıq kəndində qanunsuz olaraq qəsəbə salınıb və məskunlaşma həyata keçirilib. Təbii ki, heç vaxt işğal faktı ilə barışmayana Azərbaycan xalqı və qalib dövlətimiz II Qarabağ müharibəsinin gedişində Qubadlının Ermənistanın işğalından azad edilməsi ilə strateji əhəmiyyət kəsb edən bir bölgəni öz nəzarətinə qaytarmış oldu. Sözsüz ki, müharibənin gedişatında bu olduqca vacib olan dönüş nöqtələrindən biri idi. 2020-ci ilin 25 oktyabr tarixi 44 günlük müharibənin gedişatında Müzəffər Ordumuz qarşısında aciz qalan düşmən Qubadlını tərk etdi”.
Aqil Məmmədov vurğulayıb ki, Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi azad olunub: “Sözsüz ki, 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalın təsis edilməsi qəhrəman oğullarımızın sücaətinə verilən ən yüksək ali dəyər idi. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilib. Sözügedən Sərəncama əsasən 25 oktyabr Qubadlı şəhəri günü kimi müəyyən olunub. Bu gün işğaldan azad edilən rayon və şəhərlərimiz kimi Qubadlı da yeni dövrünü yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda həyat canlanır. Burada yeni müasir standartlara cavab verən yaşayış kompleksləri, infrastruktur qurulur. Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, həmçinin Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməli qoyulub. Böyük Qayıdış konsepsiyasına uyğun olaraq proqram xarakterli işlər qısa zamanda qubadlıların da öz ata-baba yurdlarına geri dönərək burada əbədi-xoşbəxt yaşayacağına zəmin yaradır”.