Prezident İlham Əliyevin İtaliya Respublikasına səfəri mühüm əhəmiyyət kəsb edir. Bu səfər iki ölkə arasında olan münasibətlərin inkişafında mühüm töhfə olacaq. Reallıq odur ki, Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır. İkitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinə malik dövlət kimi böyük nüfuza malikdir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın İtaliyanın rəsmi şəxsləri tərəfindən qarşılanması, göstərilən yüksək münasibət bunu bir daha təzahür etdirir.
Bunu Siyasətinfoya VI çağırış Milli Məclisin deputatı, YAP təmsilçisi Aqil Məmmədov deyib.
O qeyd edib ki, Azərbaycanla İtaliya arasında əlaqələr güclənir: “Ölkəmizin xarici siyasət kursunda İtaliya ilə münasibətlər mühüm yer tutur. Əlaqələrdə möhkəm dostluq və əməkdaşlıq ənənələri mövcuddur. Bu xüsusda qarşılıqlı faydalı tərəfdaşlıq xarakterikdir. İki ölkə rəhbərlərinin qarşılıqlı səfərləri münasibətlərin inkişafında sözsüz ki, böyük önəm kəsb edir. Bu mənada cənab Prezident İlham Əliyevin İtaliyaya növbəti səfəri böyük əhəmiyyətə malikdir. Səfəri zamanı qarşılıqlı münasibətlərin inkişafına dair faydalı müzakirələr uğurla davam edir. Ölkələrimiz arasında siyasi dialoqun inkişafı vacib yer tutur. Prezident İlham Əliyevin səfər çərçivəsində Romada İtaliyanın “Eni S.P.A” şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi ilə görüşü olduqca vacib müzakirlərin aparılması ilə yadda qaldı. Görüşdə SOCAR ilə “Eni S.P.A” şirkəti arasında imzalanacaq sənədlərin əhəmiyyətinə toxunuldu, neft-qaz, bərpaolunan enerji və iqtisadiyyatın müxtəlif sahələrində yeni texnologiyaların tətbiqi istiqamətində əməkdaşlığın genişləndirilməsi və şaxələndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı. Qeyd olundu ki, sənədlərin imzalanmasından sonra “Eni S.P.A” şirkəti daha qısa müddət ərzində konkret nəticələrin əldə edilməsi üçün işçi plan və strategiya hazırlayacaq. Eyni zamanda Prezident İlham Əliyevin İtaliya prezidenti Sercio Mattarella ilə görüşü olduqca yadda qalan oldu. Görüşdə Azərbaycanla İtaliya arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı, ölkəmizin İtaliyanın yaxın tərəfdaşı olduğu vurğulanıb. Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin iştirakı ilə mübadiləsi mərasiminin keçirilməsi münasibətlərin bundan sonrakı inkişafında mühüm yer tutur. Daha sonra isə Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın İtaliyanın paytaxtından Milan şəhərinə gedərək orada mühüm görüşlərdə iştirak edib”.
Aqil Məmmədov vurğulayıb ki, Prezidenti İlham Əliyev “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışında olduqca vacib mesajlar verib: “Həmçinin Prezident İlham Əliyev Çernobbio şəhərində İtaliyanın “Ansaldo Energia” şirkətinin baş icraçı direktoru Fabrizio Fabbri ilə görüşüb. Ölkəmizin başçısının Çernobbio şəhərində Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri, Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında Hökumətlərarası Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falih ilə görüşündə də olduqca mühüm məsələlər müzakirə olunub. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan və İtaliya arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İtaliya Avropa İttifaqının üzv ölkələri arasında Azərbaycanın əsas siyasi, iqtisadi və ticarət tərəfdaşıdır. Həmçinin İtaliya Avropada Azərbaycanın birinci ticarət və ixracat tərəfdaşıdır. İki ölkə arasında mədəniyyət və humanitar sahələrdə əməkdaşlıq yüksələn xətlə inkişaf edir”.