Prezident İlham Əliyevin İtaliya Respublikasına səfəri mühüm əhəmiyyət kəsb edir. Bu səfər iki ölkə arasında olan münasibətlərin inkişafında mühüm töhfə olacaq. Reallıq odur ki, Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır. İkitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinə malik dövlət kimi böyük nüfuza malikdir.
Bunu Siyasətinfoya VI çağırış Milli Məclisin deputatı, YAP Təftiş Komissiyasının üzvü Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın İtaliyanın rəsmi şəxsləri qarşılaması, göstərilən yüksək münasibət bunun bariz nümunəsidir: “Azərbaycanla İtaliya arasında əlaqələri güclənir. Ölkəmizin xarici siyasət kursunda İtaliya ilə münasibətlər mühüm yer tutur. Əlaqələrdə möhkəm dostluq və əməkdaşlıq ənənələri mövcuddur. Bu xüsusda qarşılıqlı faydalı tərəfdaşlıq xarakterikdir. İki ölkə rəhbərlərinin qarşılıqlı səfərləri münasibətlərin inkişafında sözsüz ki, böyük önəm kəsb edir. Bu mənada cənab Prezident İlham Əliyevin İtaliyaya növbəti səfəri böyük əhəmiyyətə malikdir. Səfəri zamanı qarşılıqlı münasibətlərin inkişafına dair faydalı müzakirələr uğurla davam edir. Ölkələrimiz arasında siyasi dialoqun inkişafı vacib yer tutur”.
Təftiş Komissiyasının üzvü bildirib ki, Prezident İlham Əliyevin səfər çərçivəsində Romada İtaliyanın “Eni S.P.A” şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi ilə görüşü olduqca vacib müzakirlərin aparılması ilə yadda qaldı: “Görüşdə SOCAR ilə “Eni S.P.A” şirkəti arasında imzalanacaq sənədlərin əhəmiyyətinə toxunuldu, neft-qaz, bərpaolunan enerji və iqtisadiyyatın müxtəlif sahələrində yeni texnologiyaların tətbiqi istiqamətində əməkdaşlığın genişləndirilməsi və şaxələndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı. Qeyd olundu ki, sənədlərin imzalanmasından sonra “Eni S.P.A” şirkəti daha qısa müddət ərzində konkret nəticələrin əldə edilməsi üçün işçi plan və strategiya hazırlayacaq. Eyni zamanda Prezident İlham Əliyevin İtaliya prezidenti Sercio Mattarella ilə görüşü olduqca yadda qalan oldu. Görüşdə Azərbaycanla İtaliya arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı, ölkəmizin İtaliyanın yaxın tərəfdaşı olduğu vurğulanıb”.
Məlahət İbrahimqızı Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin iştirakı ilə mübadiləsi mərasiminin keçirilməsi münasibətlərin bundan sonrakı inkişafında yeni bir mərhələnin başlanğıcı hesab edilir: “Hazırda Azərbaycan və İtaliya arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İtaliya Avropa İttifaqının üzv ölkələri arasında Azərbaycanın əsas siyasi, iqtisadi və ticarət tərəfdaşıdır. Həmçinin İtaliya Avropada Azərbaycanın birinci ticarət və ixracat tərəfdaşıdır. İki ölkə arasında mədəniyyət və humanitar sahələrdə əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Sözsüz ki, iki ölkə arasında əlaqələr bundan sonra da yüksələn xəttlə inkişaf edəcək”.