Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatında iştirak etmək üçün oktyabrın 23-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərinə səfəri mühüm görüşlərin, vacib müzakirələrin keçirilməsi baxımından mühüm önəm kəsb edib. Dövlətimizin başçısının təyyarəsini Kazan Beynəlxalq Hava Limanına enərkən hərbi helikopterlər müşayiəti, göstərilən yüksək hörmət və qonaqpərvərlik baxımından yadda qalan olub.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında çıxışında olduqca mühüm məsələlərdən bəhs edib: “Ölkəmizin başçısı bəyan edib ki, Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır, Bu Azərbaycanın 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə özünü əyani şəkildə göstərib. Məhz Azərbaycanın dördillik sədrliyi dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb. Təşkilat beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün Azərbaycana Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində mühüm önəm kəsb etdiyi dövlətimizin başçısı tərəfindən bəyan edilib. Sözsüz ki, bu gün özünün coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Hazırda “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir. Bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Hazırkı məqamda ölkəmizin ərazisindən yük axınının kəskin artmasını nəzərə alaraq, dəhlizlərin ötürücülük imkanlarının artırılması üçün əlavə vəsaitlərin yatırıldığı da cənab Prezidentin çıxışında toxunduğu məqamlardan biri olub”.
Millət vəkili vurğulayıb ki, gələn ay Bakı ən böyük beynəlxalq iqlim konfransının – COP29-un keçirilməsi məkanı olacağı da ölkə başçısı tərəfindən sammitdə qeyd edilib: “Təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı ölkəmizin siyasətinə hörmətin və dəstəyin parlaq sübutu olduğu bildirilib. Azərbaycan artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə verir. İqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasında Azərbaycan mühüm təşəbbüslərlə çıxış edir”.
Deputat Rusiya Federasiyasının Kazan şəhərində keçirilən XVI BRICS Sammiti əsnasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşün mahiyyətinə toxunub: “Görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib. Bütün bunlar Azərbaycan sülh gündəliyinə olan münasibətinin əyani təzhürü hesab edilir”.
Məlahət İbrahimqızı BRICS-in fəaliyyəti ilə bağlı olan önəmli amillərdən də bəhs edib: “Hazırda 9 üzvü olan BRICS 2006-cı ildə yaradılıb. Builki BRICS Sammitinə 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətləri, o cümlədən 22 dövlət başçısı və BMT-nin Baş katibi Antonio Quterreş qatılıb. BRICS 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri əlaqələndirən vahid geosiyasi bloka çevrilib. Hazırda BRICS dünya əhalisinin təxminən yarısını və qlobal iqtisadiyyatın 1/4-dən çoxunu təşkil edən nəhəng iqtisadi güc mərkəzinə çevrilib. BRICS qlobal idarəetmənin təkmilləşdirilməsinə və daha ədalətli beynəlxalq nizamın inkişafına töhfə verir və yarandığı gündən beynəlxalq münasibətlər sisteminin demokratikləşməsinə xidmət edir. Həmçinin BRICS ölkələri beynəlxalq hüquq, ərazi bütövlüyü, suverenlik və bir-birinin daxili işlərinə müdaxilə etməmə prinsiplərinə sadiq qalaraq, dövlətlər arasında qarşılıqlı faydalı münasibətləri dəstəkləyir, siyasi gündəliyin yalnız bir qrup ölkə tərəfindən inhisarlaşdırılmasının qarşısını alır”.