2023-cü ilin 15 oktyabrında Prezident İlham Əliyevin Xankəndi şəhərindən Azərbaycan xalqına müraciəti çox mühüm tarixi əhəmiyyət kəsb edib. Sözsüz ki, artıq müasir Azərbaycan dövlətçilik salnaməsində 15 oktyabr 2023-cü il tarixi bir gün kimi daxil olub. Bu mənada 2023-cü ilin 15 oktyabr tarixində Xankəndi şəhərinin mərkəzi meydanında Müzəffər Ali Baş Komandan tərəfindən Azərbaycan Bayrağının ucaldılması xalqımızın istək və arzularının ən bariz nümunəsi idi. Məhz 21 il bundan əvvəl Prezident seçilmiş İlham Əliyev xalqa müraciət edərək söz vermişdir ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək və Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq. 15 oktyabr 2023-cü il tarixi cənab Prezidentin timsalında Azərbaycan xalqının bütün istək və arzuları reallaşmış oldu.
Bunu Siyasətinfoya VI çağırış Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının üzvü Aqil Məmmədov deyib.
O qeyd edib ki, Azərbaycan xalqı hər gün, hər saat öz müqəddəs məqsədinə doğru gedirdi: “Hər gün Azərbaycan xalqı müqəddəs anı yaxınlaşdırırdı. 21 il bundan əvvəl Prezident kimi öz vəzifə borcunu yerinə yetirməyə başlayan Dövlət başçısı qarşına bir nömrəli vəzifə qoymuşdur ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Məhz bu kontekstdə ötən 21 il ərzində Azərbaycan gücləndi, ölkəmiz dünya miqyasında özünə layiq yerini tuta bildi. Dövlətimizin mövqeyi, addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşımağa başladı. Artıq bir çox hallarda Azərbaycan önəmli təşəbbüslərin müəllifi kimi çıxş edir. Eyni zamanda ötən illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaradıldı. Sözsüz ki, ölkənin güclü iqtisadi əsasları formalaşdı. Son 21 il ərzində əldə edilmiş uğurlar göz qabağındadır. Məhz bu müddət ərzində ölkə iqtisadiyyatı bir neçə dəfə artıb ki, bu da əsl müstəqilliyə nail olmaq üçün olduqca vacib amildir. Çünki güclü iqtisadiyyatın və ordunun olması dövlətin gücünün göstəricisi hesab edilir. Bütün bu uğurların nəticəsi olaraq Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilir. Bunu Ordumuz döyüş meydanında sübut etdi. 4 il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşmən kapitulyasiya aktına imza atmağa məcbur oldu. Eyni zamanda, 2023-cü ilin 19-20 sentyabr tarixlərində cəmi 23 saat davam edən antiterror tədbirləri Ordumuzun gücünü göstərdi və düşmən ağ bayraq qaldıraraq təslim oldu. Bütün bunların fonunda həm 4 il bundan əvvəl, həm son dörd il ərzində, həm də ötən ilin sentyabr ayında keçirilmiş antiterror tədbirləri zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərdi”.
YAP təmsilçisi hesab edir ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən misilsiz siyasət nəticəsində bu gün Xankəndidə şanlı üçrəngli bayrağımız böyük qürurla dalğalanır: “Sözsüz ki, bu, böyük xoşbəxtlik və tarixi hadisədir. Bu Qələbə xalqımızın, dövlətimizin tarixində əbədi qalacaq. Gələcək nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcək. Məhz ötən il Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin qeyd edildiyi ərəfədə yaşanan qürurlu hadisələr tarixi şəxsiyyətə ən böyük hörmət və ehtiramın göstəricisidir. Təbii ki, Ulu Öndərin xatirəsinə hörmətimiz əməli işlərlə ölçülməlidir. Tarixi reallıq odur ki, son 100 illikdə xalqımız böyük əzab və əziyyətlər çəkərək sınaqlardan üzü ağ çıxmağı bacarıb. Azərbaycan xalqı heç vaxt Ermənistanın ərazilərimizi işğalda saxlaması faktı ilə barışmayıb. Bütün məkirli qüvvələr Ermənistanın arxasında olsa da xalqımız qələbəyə olan ümidini heç vaxt itirməyib. Fakt odur ki, bu gün Azərbaycana ən çox düşmənçilik edən o ölkələrdir ki, 1992-1993-cü illərdə Ermənistanın yanında idi, onları işğala təhrik edirdi, işğalı dəstəkləyirdi və onlara bəraət qazandırırdı. Heç nə dəyişməyib. Bu 30 il ərzində xalqımız böyük faciələrlə üz-üzə qaldı. 1 milyon insan evsiz-eşiksiz qalıb, torpaqlarımız tamamilə dağıdılıb. Bu gün azad edilmiş torpaqlara gələn hər bir insan erməni vəhşiliyini görür, dərk edir. Amma bütün bunlara baxmayaraq Azərbaycan hər zaman müxtəlif xalqların dostluq, mehribanlıq şəraitində yaşadığı bir məkan olub. Vaxt var idi nəinki Xankəndidə, Qarabağda, Bakıda, Gəncədə, İrəvanda, Göyçədə, Zəngəzurda, Dərələyəzdə, Basarkeçərdə azərbaycanlılar və ermənilər dostluq şəraitində yaşayırdı. Məhz Ulu Öndər Heydər Əliyev sovet Azərbaycanında rəhbərliyə gələndən sonra Qarabağda o vaxta qədər olmuş bəzi millətçi qüvvələr tamamilə kənara çəkilmişdi. 1969-cu ildən 1982-ci ilə qədər heç bir xoşagəlməz hala rast gəlinməmişdi. 1969-1982-ci illərdə Qarabağda heç bir ayrı-seçkilik, diskriminasiya olmayıb. 1987-ci ildə Ulu Öndər Heydər Əliyev vəzifəsindən kənarlaşdırıldıqdan sonra erməni millətçiləri Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycandan ayrılıb Ermənistana verilməsi ilə bağlı məsələ qaldırmışdılar. Təəsüf ki, o vaxtkı Azərbaycan rəhbərliyi faktiki olaraq vəziyyəti nəzarətdə saxlaya bilməyib, qorxaqlıq, acizlik, qətiyyətsizlik göstərmişdi. Ermənistandan isə Qarabağa durmadan erməni millətçiləri, daşnaklar, qaniçənlər, beynəlxalq terrorçular gəlirdilər. Bununla da xalqımıza qarşı soyqırım, etnik təmizləmə siyasəti başladılmışdı”.
Aqil Məmmədov cəmi altı ilin Azərbaycanın Heydər Əliyevsiz qalması xalqımızın yaddaşında faciəvi, böhranlı, utancverici illər kimi qaldığını bildirib: “Torpaqlar işğal edildi. Bir-birini dəyişən antimilli hökumətlər faktiki olaraq ancaq öz şəxsi maraqlarını qorumağa çalışırdı. AXC-Müsavat antimilli cütlüyünün xəyanətkar və satqın fəaliyyəti nəticəsində ərazilərimiz erməni işğal altına düşdü. Amma bu ağrılı günlərdə də Azərbaycanın dövlət müstəqilliyini qoruyan məhz Ulu Öndər Heydər Əliyev oldu. Ulu Öndər Heydər Əliyevin dühası, onun siması, Heydər Əliyev amili Azərbaycan xalqının yardımına yetişdi. Məhz bu gün vaxtilə xalqımıza qarşı amansızlıq etmiş, hərbi cinayətlər törətmiş canilər ədalət mühakiməsi qarşısındadır. Vaxtilə qondarma respublikanın rəhbərliyində olanların bəziləri indi Bakıda qanun qarşısında cavab verir. Bütün bunların fonunda Azərbaycan xalqının onilliklər ərzində olan arzuları çin oldu. Azərbaycan xalqının ləyaqəti bərpa olundu. Torpaqlarımız geri qaytarıldı, ərazi bütövlüyümüz təmin edildi. Ermənistan və onun havadarları, revanşist qüvvələri mövcud reallığı qəbul etməlidir. Atıq qalib, güclü, Müzəffər Azərbaycan Bayrağı Xankəndidə qürurla dalğalanır. Son bir ildə isə Xankəndi ilə yanaşı azad edilən digər ərazilərimizdə, Xocalıda, Xocavənddə, Ağdərədə və başqa bölgələrimizdə misilsiz işlər görülür. Artıq Xankəndidə qısa zamanda Qarabağ Universiteti fəaliyyətə başlayıb. Bölgədə canlanma yaranıb və həyat bərpa olunub. Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini tam təmin etdikdən sonra ilk dəfə olaraq bütöv ərazilərimizdə prezident və parlament seçkiləri keçirilib. Eyni zamanda bu gün Qarabağın tacı olan Şuşa beynəlxalq tədbirlərə ev sahibliyi edir. Qarabağ bu gün cənnət-məkana çevrilir. Bu da məhz Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu, praqmatik siyasətin məntiqi nəticəsidir”.