Bu gün Azərbaycan öz tarixinin ən güclü dövrünü yaşayır. Müstəqillik tariximizdə Azərbaycan heç vaxt bu günki qədər güclü, qüdrətli olmayıb. Eyni zamanda Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini tam təmin etmiş bir ölkə kimi regional və qlobal miqyasda, söz sahibi, hörmət və ehtiram göstərilən bir dövlətdir. Sözsüz ki, bu uğurlar heç də asanlıqla əldə edilməyib. Məhz Azərbaycanı 90-cı illərin əvvəllərində düşmüş olduğu ağır təlatümlərdən, çətinliklərdən, parçalanma və yox olma təhlükəsindən xilas edən Ulu Öndər Heydər Əliyev strategiyasının məntiq bu günki səviyyəyə çatdırıb. Ümummilli Lider Heydər Əliyevin strategiyası böyük əzmlə davam etdirən Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin praqmatik siyasəti nəticəsində Azərbaycan qalib ölkə kimi dünya birliyinin layiqli üzvü, etibarlı tərəfdaşı, aparıcı aktorudur.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, məhz 15 oktyabr 2003-cü ildə keçirilən prezident seçkilərində xalqımız Ulu Öndər Heydər Əliyev strategiyasının davam etdirilməsinə səs verməklə Azərbaycanın bu gününə, gələcəyinə, tarixi zəfərimizə, qələbəmizə olan birmənalı mövqeyini ifadə edib: “Sözsüz ki, 2003-cü ilin oktyabrından ölkəmizin bu günə kimi keçmiş olduğu yol inkişaf və tərəqqi ilə müşahidə edilir. Bu uğurun əldə olunmasında Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət mühüm önəm kəsb edir. Regionda reallaşdırılan bütün irimiqyaslı layihələr Azərbaycanın iştirakı ilə reallaşır. Ölkəmizin praqmatik xarici siyasət strategiyası beynəlxalq münasibətlər sistemində onu etibarlı, strateji tərəfdaş kimi tanıtdırıb. Təbii ki, irəli sürülən regional təşəbbüslər ölkəmizin mövqelərinin daha da möhkəmlənməsinə, bölgədəki əməkdaşlığa xidmət edir”.
Deputat hesab edir ki, zaman-zaman Azərbaycana qarşı çıxan qüvvələr dövlətimizin başçısının qətiyyətli siyasəti ilə dəf edildi: “Bütün bu uğurlu siyasətin məntiqi nəticəsi olaraq Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Ölkəmizin 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi Azərbaycan tarixinin ən mühüm bir hisəsəsi idi. Bu gün Avropanın enerji təhlükəsizliyində ən mühüm rol oynayan Azərbaycan özünün etibarlı tərəfdaş mövqeyinə uyğun olaraq qarşıya qoyulmuş bütün hədəflərə çatmaqdadır. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Trans-Anadolu və Trans-Adriatik qaz kəmərləri, Cənub Qaz Dəhlizi layihəsi, Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi Azərbaycan tarixinin və onun iqtisadi əsaslarının mühüm hissəsi hesab edilir. Sözsüz ki, qarşıdakı dövrdə Orta Dəhlizin ölkəmiz üçün siyasi önəmi onun mövqelərini daha da gücləndirəcək”.
Millət vəkili bildirib ki, 2020-ci il 44 günlük Vətən Müharibəsi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Liderliyinin, Sərkərdəliyinin möhtəşəmliyini daha bir təntənəsi hesab edilir: “Məhz tarixi Zəfərlə torpaqlarımız Ermənistanın işğalından azad edildi. 30 illik işğala son qoyuldu. 44 günlük Vətən Müharibəsi Azərbaycanın siyasi, iqtisadi, diplomatik və hərbi qüdrətini, həmçinin xalqımızın milli birliyini və sarsılmaz iradəsinin nümayişi idi. Ötən ilin 19-20 sentyabrında isə qəhrəman Azərbaycan Ordusu 23 saatlıq antiterror tədbirləri ilə uzun illər ölkə ərazisində kök salmış separatizmə son qoydu. Bununla da ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin edildi. Bu isə müasir Azərbaycan tarixinin ən şanlı səhifəsi, təntənəsi idi”.
Məlahət İbrahimqızı vurğulayıb ki, Azərbaycan bu gün bir sıra beynəlxalq tədbirlərin təşəbbüskarı və ev sahibi kimi çıxış edir: “Bu mənada gələn ay ölkəmizin ev sahibliyi edəcəyi COP29 dünyanın ən mötəbər təşkilatının Bakıda keçirilməsi tarixi hadisədir. Bu sözsüz ki, Azərbaycana, Onun Lideri cənab Prezident İlham Əliyevə olan ən yüksək hörmət və ehtiramın bariz nümunəsidir”.