
Niderland Krallığının parlamentinin Nümayəndələr Palatasının Azərbaycan əleyhinə qəbul etdiyi növbəti iki əsassız qətnamə əhəmiyyətsiz kağız parçasıdır. Eyni zamanda Niderlandın xarici işlər naziri Kaspar Veldkampın çıxışı zamanı bu qərəzli qətnamələrə dəstək ifadə etməsi məntiqdən uzaqdır. Çünki Azərbaycan tərəfindən həbs edilmiş keçmiş separatçı rejimin nümayəndələrinin və terrorçuların “hərbi əsir” kimi qələmə verilərək azad edilməsinə dair çağırışların edilməsi tamamilə əsassızdır.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, sözügedən əsassız sənədlər və səslənən qərəzli fikirlər ölkəmizə qarşı birmənalı münasibəti göstərir: “Bu eyni zamanda Azərbaycan əhalisinin etnik təmizləməyə məruz qoyulmasının, Ermənistanın Azərbaycana qarşı hələ də davam edən ərazi iddialarının qulaqardına vurulməsi deməkdir. Reallıq odur ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və torpaqlarımızın işğalı zamanı 1954-cü il Haaqa konvensiyasına zidd olaraq mədəni və dini irsimizin dağıdılıb, təhqir edilib, mənimsənilib. Həmçinin Ermənistan tərəfindən sərvətlərin ölkəmizdən qeyri-qanuni çıxarılması kimi hərbi cinayətlərə Niderland kimi ölkələr etinasız yanaşıb. Amma bunun müqabilində Niderlandın indiki halda ermənilərin saxta təbliğatına istinad edərək ölkəmizin guya erməni abidələrini hədəf aldığını bildirməyə heç bir mənəvi haqqı çatmır”.
Millət vəkili hesab edir ki, Niderland tərəfindən “hərbi əsirlər” kimi istinad edilən şəxslər Azərbaycan ərazisində separatçılıq, qəsdən adam öldürmə, işgəncə, terrorçuluq və digər insanlıq əleyhinə cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərdir: “Azərbaycanın həm beynəlxalq hüquq, o cümlədən 1949-cu il Cenevrə Konvensiyaları, Muzdluların cəlb edilməsi, istifadəsi, maliyyələşdirilməsi və təliminə qarşı beynəlxalq Konvensiya, həm də yerli qanunvericiliyə əsasən bu şəxsləri məsuliyyətə cəlb etməyə həm hüququ, həm də beynəlxalq öhdəliyi var. Ona görə də, məhz bu kontekstdə Niderland kimi bir ölkədən Azərbaycana qarşı səslənən bütün fikirlərin heç bir əhəmiyyəti yoxdur”.