Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 2023-cü ilin 15 oktyabr tarixində Xankəndidə Azərbaycan xalqına müraciəti böyük qürur və fərəh hissi ilə qarşılanmışdı. Bu mənada 15 oktyabr 2023-cü il müasir Azərbaycan tarixinin parlaq bir səhifəsinə çevrildi. Məhz 15 oktyabr tarixində Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağının qaldırılması suverenliyimizin, konstitusiya quruluşumuzun bərqərar olduğunu göstərən mühüm bir faktor oldu. Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyev tərəfindən 21 il öncə müəyyən olunmuş bütün vəzifələr icra edildi. 21 il bundan əvvəl Prezident seçilmiş cənab İlham Əliyev xalqımıza müraciət edərək söz vermişdir ki, “Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək. Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq”. Sözsüz ki, Azərbaycan xalqı hər gün, hər saat öz müqəddəs məqsədinə doğru gedirdi. Hər gün Azərbaycan xalqı müqəddəs anı yaxınlaşdırırdı. İyirmi bir il bundan əvvəl Prezident kimi öz vəzifə borcunu yerinə yetirməyə başlayan Dövlət başçısı qarşına bir nömrəli vəzifə qoymuşdur ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Məhz ötən 21 il ərzində Azərbaycan gücləndi, dünya miqyasında özünə layiq yerini tuta bildi. Artıq ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha böyük coğrafiyada vacib məna kəsb edir.
Bunu Siyasətinfoya YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, son 21 il ərzində əldə edilmiş uğurlar göz qabağındadır: “Ölkəmizin iqtisadiyyatı bir neçə dəfə artıb. Çünki əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyatın və Ordunun olması olduqca vacib amildir. Atılan addımlar nəticəsində Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilir. Ordumuz bunu döyüş meydanında sübut etdi. 4 il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşmən kapitulyasiya aktına imza atmağa məcbur edildi. Eyni zamanda, 2023-cü ilin 19-20 sentyabr tarixlərində cəmi 23 saat davam edən antiterror tədbirləri Ordumuzun gücünü göstərdi və düşmən ağ bayraq qaldıraraq təslim oldu. Həm 4 il bundan əvvəl, həm son dörd il ərzində, həm də 2023-cü ilin sentyabr ayında keçirilmiş antiterror tədbirləri zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərdi”.
Millət vəkili hesab edir ki, ötən ilin oktyabrında Xankəndinin mərkəzində, Azərbaycan Gerbi, Azərbaycan Bayrağının dalğalanması böyük xoşbəxtlik və tarixi hadisə idi: “Bu Qələbə tariximizdə əbədi qalacaq. Gələcək nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcək. Sözsüz ki. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illiyinin qeyd edildiyi həmin tarixi günlərdə Xankəndidə üçrəngli bayrağımızın ucalması Dahi Liderin şəxsiyyətinə böyük hörmət və ehtiramın ifadəsi idi. Təbii ki, Ulu Öndərin xatirəsinə hörmətimiz əməli işlərlə ölçülməlidir. Bu mənada ötən il Ulu öndərin 100 illiyinin hər bir azərbaycanlının ürəyində yaşayan Şuşada qeyd etmək böyük rəmzi məna daşıyırdı”.
Deputat bildirib ki, Azərbaycan torpağında heç bir tarixi, coğrafi və siyasi əsası olmayan Dağlıq Qarabağ Muxtar Vilayəti 101 il bundan əvvəl – 1923-cü ildə yaradılıb: “Bu 101 il ərzində xalqımız məhz məkirli ideyalara görə əzablar, istirablar çəkib. Amma uca xalqımız bu tarixi sınaqlardan da üzü ağ çıxıb. Fakt odur ki, bu gün Azərbaycana ən çox düşmənçilik edən o ölkələrdir ki, 1992-1993-cü illərdə Ermənistanın yanında idi, onları işğala təhrik edirdi, işğalı dəstəkləyirdi və onlara bəraət qazandırırdı. Reallıq isə odur ki, bu 30 il ərzində heç nə dəyişməyib. Xalqımız böyük faciələrlə üz-üzə qaldı, 1 milyon vətəndaşımız evsiz-eşiksiz, qaçqın və məcburi köçkünə çevrildi. Ermənistan isə işğal etdiyi Azərbaycan torpaqlarında barbarlıq, vandallıq törədirdi. Bu gün azad edilmiş torpaqlara gələn hər bir insan erməni vəhşiliyini görmüş olur. Amma vaxt var idi Xankəndidə, Qarabağda, Bakıda, Gəncədə, İrəvanda, Göyçədə, Zəngəzurda, Dərələyəzdə, Basarkeçərdə azərbaycanlılar və ermənilər dostluq şəraitində yaşayırdı. Məhz Ulu Öndər Heydər Əliyev sovet Azərbaycanında rəhbərliyə gələndən sonra Qarabağda o vaxta qədər olmuş bəzi millətçi qüvvələr tamamilə kənara çəkilmişdi. 1969-cu ildən 1982-ci ilə heç bir xoşagəlməz hala rast gəlinməmişdi. 1969-1982-ci illərdə Qarabağda heç bir ayrı-seçkilik, diskriminasiya olmamışdı. 1987-ci ildə Ulu Öndər Heydər Əliyev öz vəzifəsindən kənarlaşdırıldıqdan sonra erməni millətçiləri məsələ qaldırmışdılar ki, Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycandan ayrılıb Ermənistana verilsin. O vaxtkı Azərbaycan rəhbərliyi faktiki olaraq vəziyyəti nəzarətdə saxlaya bilmirdi, qorxaqlıq, acizlik, qətiyyətsizlik göstərmişdi. Ermənistandan Qarabağa isə durmadan erməni millətçiləri, daşnaklar, qaniçənlər, beynəlxalq terrorçular gəlirdilər. Xalqımıza qarşı soyqırım, etnik təmizləmə siyasəti başladılmışdı. Cəmi altı il Azərbaycan Heydər Əliyevsiz qalmışdı. Bu 6 il xalqımız üçün faciəvi, böhranlı, utancverici illər kimi tarixdə qaldı. Torpaqlar işğal altına düşdü, bir-birini dəyişən antimilli hökumətlər faktiki olaraq ancaq öz şəxsi maraqlarını qorumağa çalışırdılar. AXC-Müsavat antimilli cütlüyünün xəyanətkar və satqın fəaliyyəti nəticəsində ərazi işğal məruz qaldı”.
Məlahət İbrahimqızı vurğulayıb ki, bu ağrılı məqamlarda da Azərbaycanın dövlət müstəqilliyini qoruyan məhz Ulu Öndər Heydər Əliyev oldu: “Ulu Öndər Heydər Əliyevin dühası, onun siması, Heydər Əliyev amili Azərbaycan xalqının yardımına yetişdi. Dahi Liderin uzaqgörənliyi ilə Azərbaycan bu günki qalib, güclü bir ölkəyə çevildi. İndi elə bir şərait yetişib ki, vaxtilə Azərbaycan ərazisində özləri üçün qondarma respublika quranların əksəriyyəti Bakıda həbsdədir. Azərbaycan xalqına qarşı cinayətlər törətmiş hərbi canilər mühakimə qarşısındadırlar. Bütün bunlar onu göstərir ki, Azərbaycan xalqının onilliklər ərzində olan arzuları çin oldu. Azərbaycan xalqının ləyaqəti bərpa olundu. Torpaqlarımız geri qaytarıldı, ərazi bütövlüyümüzü bərpa edildi. Ermənistan və onun havadarları, revanşist qüvvələri mövcud reallığı qəbul etməlidir. Onlar bir reallığı dərk etməlidirlər ki, şanli üçrəngli bayrağımız Xankəndidə dalğalanır və bu əbədiyyətə qədər belə olacaq”.