Prezident İlham Əliyevin Rusiya Federasiyasına səfəri çərçivəsində Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxışında mühüm mesajlar verib. Azərbaycan Rusiya əlaqələri çoxəsrlik tarixə söykənir. Bu gün Rusiya-Azərbaycan münasibətləri dinamik şəkildə inkişaf edir. Azərbaycan Prezidentinin Rusiyaya, Rusiya Federasiyasının Prezidentinin isə ölkəmizə səfərləri münasibətlərin yeni müstəvidə inkişafında mühüm önəm kəsb edir. MDB Dövlət Başçıları Şurasının iclasında Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın dünya və region ölkələri ilə əməkdaşlıq məsələlərindən bəhs edilib.
Bunu Siyasətinfoya VI çağırış Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının üzvü Aqil Məmmədov deyib.
O qeyd edib ki, cənab Prezident çıxışında Rusiya Federasiyası Prezidentinin Azərbaycana bu yaxınlardakı dövlət səfərinin Rusiya-Azərbaycan münasibətlərinin müttəfiqlik xarakterini bir daha təsdiqi olduğunu bildirib: “İki ölkə arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsi gələcək münasibətlər üçün mühüm amil olduğu önə çəkilib. Cənab Prezident həmçinin Emoməli Şərifoviç Rəhmona Tacikistan Respublikasının növbəti il MDB-də sədrliyində uğurlar arzulayıb. Eyni zamanda MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsinin xüsusi önəminə toxunulub. Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biri olub. Şəhər ermənilər tərəfindən demək olar ki, tamamilə dağıdılmışdı. Artıq öz azadlığına qovuşan Laçın şəhəri bərpa olunub. Laçında artıq yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər öz evlərinə qayıdıblar. Bu mənada Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük rəğbətlə qarşılanıb. Ölkəmizin başçısı çıxışında məhz bu amillərə diqqət çəkərək Azərbaycanın tərəfdaş ölkələrlə hər zaman yüksək münasibətlər qurduğunu vurğulayıb. Növbəti il Azərbaycanda III MDB Oyunlarının keçirilməsi də mühüm əhəmiyyət kəsb edir. III MDB idman yarışlarının Gəncə şəhəri ilə yanaşı Azərbaycanın 10-dan çox şəhərində keçirilməsinin əhəmiyyəti vurğulanıb”.
YAP üzvü bildirib ki, ölkəmizin başçısı çıxışında bir aydan sonra Bakıda keçiriləcək böyük beynəlxalq tədbir olan COP29 iqlim konfransı ilə bağlı da görülən işləri dövlət başçılarının diqqətinə çatdırdığını söyləyib: “Azərbaycanın məhz 200-ə yaxın ölkənin dəstəyi ilə bu konfransa ev sahibliyinin ölkəmizə olan yüksək hörmət və ehtiramın bariz nümunəsi olduğu qeyd edilib. Ölkəmizin başçısı eyni zamanda MDB dövlət başçılarının İkinci Dünya müharibəsində Qələbənin 80 illiyi ilə bağlı müraciəti ilə bağlı da fikirlərini bölüşüb. Azərbaycan bu ümumi qələbəyə vermiş olduğu töhfələrdən bəhs olunub. Azərbaycanlıların da bu qələbədə böyük qəhrəmanlıq və sucaət göstərdiyi qeyd edilib. Bu mənada 9 May Qələbəsi MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının mühüm amili kimi qiymətləndirilib. Azərbaycan bu əməkdaşlığa böyük əhəmiyyət verir”.
Aqil Məmmədov Azərbaycanın bundan sonra da qarşılıqlı fəaliyyətin daha da möhkəmləndirilməsi üçün öz töhfəsini verəcəyinə əminliyini ifadə edib: “Prezident İlham Əliyevin səfər zamanı “Rossiya-1” televiziya kanalına müsahibəsində vermiş olduğu mesajlar da olduqca önəmlidir. Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasına toxunulub. Bu xüsusda ABŞ-ın ölkəmizə qarşı əsassız sanksiyalarının mahiyyətindən bəhs edilib. Təbii ki, bu əsassız sanksiyalar qeyri-qanuni və əsassızdır. Daha çox Amerikada uzun on illiklər lövbər salmış artıq bu ölkənin siyasi sisteminə nüfuz etmiş erməni lobbisinin növbəti məkirli planıdır. Azərbaycan haqlı olduğu halda ABŞ konqresinin bu kimi məsələlər üzərindən qarayaxma kampaniyası aparmasının yolverilməzliyi önə çəkilib”.