
Parlamentdə təmsil olunan siyasi partiya nümayəndələri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması ilə bağlı Milli Məclisin sədrinə bir neçə ay bundan öncə müraciət ediblər. Ölkəmizdə bu sahədə qanun qəbul edilməsidən artıq 30 il keçib. Təbii ki, bu müddətdə Azərbaycan davamlı olaraq inkişaf edib və ölkənin ictimai-siyasi həyatında köklü dəyişikliklər baş verib. Yeni qanun layihəsinin hazırlanması ilə bağlı siyasi partiyaların təklifi Milli Məclisin sədri tərəfindən dəstəklənmiş və yeni qanun layihəsinin hazırlanması haqqında tapşırıq verilib.
Bunu Siyasetinfo-ya Milli Məclisin deputatı Cavid Osmanov deyib.
O hesab edir ki, yeni qanun layihəsi hazırlanarkən dünyanın qabaqcıl ölkələrinin təcrübəsi öyrənilmiş, həmçinin ölkənin siyasi sistemi və milli xüsusiyyətləri, bununla yanaşı, Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi haqqında tövsiyələri nəzərə alınıb: “Milli Məclis tərəfindən ölkədə fəaliyyət göstərən siyasi partiyalara öz təkliflərini bildirmələri üçün müraciət edilmiş və 47 siyasi partiyadan 250-dən çox təklif alınıb.
“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi hazır olduqdan sonra Milli Məclisin saytında yerləşdirilmiş, geniş ictimaiyyətin müzakirəsinə təqdim olunmuşdur. Bundan əlavə, qanun layihəsi ilə bağlı siyasi partiya təmsilçilərinin və Qeyri-Hökumət Təşkilatlarının nümayəndələrinin iştirakı ilə iki dinləmə keçirilmişdir. İctimai dinləmələrdə, mətbuat və sosial şəbəkələrdə sənədlə bağlı aparılan müzakirələrdə təqdim olunan təkliflər nəzərə alınaraq, qanun layihəsi üzərində iş davam etdirilmiş və sənəd yenilənmiş variantda müzakirəyə çıxarılmışdır. Bir sözlə, siyasi partiyaların ictimai müzakirələr zamanı səsləndirdiyi fikirlər sənəddə öz əksini tapmışdır. Müxtəlif platformalarda geniş müzakirələrin təşkil edilməsində məqsəd qanun layihəsinin Konstitusiyaya və Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olmasına, habelə birləşmək azadlığı hüququnu özündə ehtiva etməsinə nail olmaq olmuşdur. Məhz bu məqsədlə də müzakirələr zamanı siyasi partiyalar və ictimaiyyət nümayəndələrinin səsləndirdiyi fikirlər qanun layihəsinə edilən dəyişikliklərdə öz əksini tapıb.

Yenilənmiş layihədə sənədlərin toplanması ilə bağlı müddət artırılmış, partiyanın təsis edilməsi, qeydiyyatı, sənədlərin yoxlanılması ilə bağlı rəqəmlər azaldılmışdır. Layihəyə edilən dəyişikliklər nəticəsində müzakirələr zamanı bəzi məqamlarla bağlı narahatçılıq doğuran məsələlər aradan qaldırılmışdır. Konkret olaraq, qanun layihəsi “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə uyğun formada hazırlanıb”.
Cavid Osmanova görə, dövlətin idarə olunmasında və hakimiyyətin formalaşmasında əsas institutlardan biri partiyalardır: “Odur ki, partiyalarla bağlı yeni qanun layihəsi demokratik prinsiplərə əməl edilməklə, şəffaflıq şəraitində hazırlanmışdır. Layihədə müdafiə olunmayan təkliflərin sənəddən çıxarılması, əvəzində demokratik norma və prinsiplərə daha çox üstünlük verilməsi sübut edir ki, qanun layihəsi xalqın siyasi iradəsini ifadə edir.
“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi sağlam siyasi mühitin formalaşmasında, yeni cəmiyyət quruculuğu prosesinin sürətləndirilıməsində mühüm əhəmiyyətə malik olacaq. Qanun layihəsi çoxpartiyalı sistemin yaradılmasına, partiyaların ölkənin ictimai-siyasi həyatında rolunun artmasına xidmət edəcək.
Qəbul ediləcək yeni sənəd Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına, dövlətlə siyasi partiyalar arasında səmərəli əməkdaşlığa, siyasi partiyalar arasında qarşılıqlı faydalı dialoqa öz töhfəsini verəcək. Burada dövlətin də əsas məqsədi ölkədə siyasi mühitin canlanması və çoxpartiyalılıq üçün əsasların genişləndirilməsidir”.