Prezident İlham Əliyevin ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışında səsləndirdiyi məsələlər mühüm əhəmiyyət kəsb edir. Çünki Orta Dəhliz kimi irimiqyaslı layihəni icra etmək üçün təhlükəsizlik və iqtisadi bacarıq məsələləri davamlı olaraq müzakirə edilməlidir. Təhlükəsizlik və iqtisadi potensial olmadan bütün region ölkələrinə fayda verəcək Orta Dəhlizin tam istismara verilməsi məqsədinə nail olmaq mümkün deyil. Bu mənada istənilən genişmiqyaslı layihənin icrası üçün önəmli elementlərdən biri sabitlikdir.
Bunu Siyasətinfo-ya açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, Azərbaycanda sabitlik iqtisadi inkişaf mövcuddur: “Ölkəmizin beynəlxalq arenada oynadığı rol da, daxili sabitliyin nəticəsində mümkün olub. Güclü iqtisadiyyat, siyasi, iqtisadi sabitlik xarici siyasətin prioritetlərini formalaşdırır. Siyasi sabitlik, təhlükəsizlik, iqtisadiyyat vacib amillər hesab edilir. Bununla yanaşı, Orta Dəhlizin bir hissəsi olan hər bir ölkənin öz daxildə atmış olduğu addımlar vacib amil kimi önə çıxır”.
Deputat hesab edir ki, ölkəmizin coğrafi mövqeyinin üstünlüyü Avropa ilə Asiyanın arasında yerləşməsi ilə bağlıdır: “İki qitənin ortasında yerləşən ölkəmiz özünün tranzit imkanları ilə iqtisadi əsasların formalaşmasına mühüm töhfə verir. Eyni zamanda Azərbaycanda dayanıqlı və etibarlı infrastruktur imkanları yaradılıb. Məhz bu amil iki qitə arasında Azərbaycanın imkanlarından yararlanmaqla mühüm iqtisadi imkanların yaradılmasını ehtiva edib. Azərbaycan bütün bunlarla yanaşı infrastrukturun inkişafına uzun illər ərzində sərmayə yatırır. İndi dəmir yolları əlaqələri, yol infrastrukturuna nəzərə saldıqda Azərbaycanın bu məsələdə olan hazırlığı daha qabarıq görünür. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi kimi iri həcmli infrastruktur layihələri bu mənada vacib rola malikdir. Şimal-Cənub dəhlizi kimi digər nəqliyyat layihələri Şərq-Qərb dəhlizinə əlavə təkan verəcək”.
Aqil Məmmədov İran və Ermənistanın regionun nəqliyyat-infrastruktur layihələrinə əngəl törətmək məqsədilə atmaq istədikləri təxribat xarakterli addımlara da münasibət bildirib: “İranın və Ermənistanın formalaşmaqda olan regional layihələrə əngəl yaratmaq imkanları yoxdur. Faktiki olaraq Ermənistanın buna coğrafi və iqtisadi imkanları yoxdur. Uzun müddət ölkəmizə qarşı həyata keçirdiyi işğal siyasətinə görə Ermənistan iqtisadi blokada vəziyyətinə düşüb və dalan dövlətə çevrilib. Azərbaycan isə öz növbəsində faktiki olaraq Zəngəzur dəhlizi ilə bağlı müzakirələri Ermənistanla deyil, Rusiya ilə aparır. Çünki Ermənistanın dəmir yolları şəbəkəsi Rusiya Dəmir Yolları Şirkətinə aiddir”.