Milli Məclis tərəfindən “Siyasi partiyalar” haqqında yeni qanun layihəsi ictimai müzakirəyə təqim edildiyi gündən proses böyük maraqla qarşılanıb. Ölkəmizin ictimai-siyasi arenasında təmsil olunan siyasi partiyalar bu müzakirələrə qatılır, ayrı-ayrı platformalarda yeni qanun layihəsi ilə bağlı fikir və təkliflərini bildirib. Parlamentdə təşkil edilən dinləmələrdə də tam demokratik müstəvidə siyasətçilər, politoloqlar, ictimai-siyasi proseslərdə fəal olan şəxslər tərəfindən “Siyasi partiyalar” haqqında yeni qanun layihəsinin mütərəqqi bir məsələ kimi önəmi vuruğuyıblar.
Bunu Siyasetinfo.az-a Yeni Azərbaycan Partiyasının təftiş komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O hesab edir ki, “Siyasi partiyalar” haqqında yeni qanunun qəbul edilməsi artıq zəruri bir prinsip kimi qarşıya qoyulub: “Siyasi partiyaların fəaliyyətini tənzimləyən qanun 1992-ci ildə qəbul edilib. Təbii ki, ötən 30 ildə ölkəmizin ictimai-siyasi həyatında çox mühüm dəyişikliklər baş verib. Ölkədə siyasi aktivliyin təmin olunması üçün daha mütərəqqi qaydaların olması artıq günün tələbidir. Məhz bu amil yeni qanunun hazırlanıb qəbul olunmasını zərurətə çevirib”.
Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu islahatların tərkib hissəsi kimi siyasi siferada da mühüm canlanmanın olması reallığa çevilib: “Artıq qalib Azərbaycan cəmiyyətinin daha mütərəqqi və konseptual məsələləri əhatə edən fundamental yanaşmalara əsaslanaraq siyasi sistemdə aktiv rol alması mümkündür. Demokratik dəyərlərin bərqərar olunduğu ölkəmizdə siyasi sistem də sözsüz ki, dövlətin ümumi inkişaf konsepsiyasının tərkib hissəsi hesab edilir. Bu baxımdan müasir, güclü və qalib Azərbaycanda daha mütərəqqi və yeni çağırışlara uyğun siyasi proseslərin formalaşmasının zamanı çatıb”.
Sevinc Hüseynovaya görə, yeni siyasi konfiqurasiya siyasi partiyalar arasında münasibətləri, dialoq mühitinin inkişafını özündə ehtiva edir: “Artıq bir çox məsələlərdə siyasi partiyalar konstruktiv əməkdaşlıqda maraqlıdır. Bu islahatların nəticəsidir ki, Milli Məclisin rəhbərliyində, eləcə də komitə sədr və müavinləri arasında siyasi partiyaların, o cümlədən müxalifət partiyalarının nümayəndələri yer alıb. Sözsüz ki, bu amil ölkəmizdə siyasi dialoqun inkişafının nümunəsi olmaqla yanaşı hakimiyyət bölgüsündə digər siyasi partiyaların iştirakının da rolunun olmasına zəmin yaradır. Dəyişən qalib bir cəmiyyətdə siyasi mədəniyyətin formalaşması məmnunluq doğurur. 44 günlük Vətən müharibəsində ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyəti Ali Baş Komandanın ətrafında olduğunu bəyan etdi. Bütün bu amillər tarixi qələbədən sonra formalaşmış siyasi konfiqurasiyada, yeni siyasi dialoq mühiti və dünyada baş verən tendensiyaların qanunvericilik bazasının təkmilləşməsini tələb edir. Bu mənada bir neçə ay öncə parlamentə təmsil olunan 11 siyasi partiya Milli Məclisin rəhbərliyinə müraciət edərək yeni qanun layihəsinin hazırlanmasını təklif edib. Sözsüz ki, yeni qanun layihəsi hazırlanarkən Avropa ölkələrinin də mütərəqqi qanunvericiliyinin təcrübəsi öyrənilib. Yeni qanun layihəsində siyasi partiyanın anlayışı, partiyaların təsis edilməsi və ləğvinin əsasları, qeydiyyata dair tələblər, partiyanın maliyyələşməsi, dövlət tərəfindən maliyyə yardımı, ianələrlə bağlı məsələlər və digər məqamlar əksini tapıb”.