Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti bu gün uğurla davam etdirilir. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda gənc nəslə olan münasibət tamamilə dəyişdi. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər hər zaman böyüməkdə olan gənc nəslə diqqət və qayğı ilə yanaşıb. Məhz bu kontekstdə ulu öndərin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüs nəticəsində 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilib.
Bunu Siyasetinfoya Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumu mühüm əhəmiyyət kəsb edirdi: “Forumda Ulu Öndər Heydər Əliyev çıxışı səsləndirdiyi konsepsiya gənclər siyasətinin istiqamətini müəyyənləşdirən mühüm yol xəritəsi idi. Eyni zamanda Ulu Öndər ölkə gəncləri qarşısında tarixi bir vəzifə qoydu. Məhz ulu öndərin 1996-cı il fevralın 2-si İmzaladıgı Sərəncamla Azərbaycanda Gənclər Günü elan edildi. Bu MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd edilməyə başlanıb”.
Deputat bildirib ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra təhsilimizin ötən əsrin 70-80-ci illərində mövcud olmuş bir çox ənənələri davam etdirilib: “2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gəncin təhsil alması bunun bariz nümunəsidir. Eyni zamanda istedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün Prezident Heydər Əliyevin ali məktəblərə qəbul imtahanlarından ən yüksək bal toplamış abituriyentlərə “Prezident təqaüdü”nün verilməsi barədə qərarı mühüm önəm kəsb edir. Ümummilli Liderin müəyyənləşdirdiyi dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi gənclərin qarşısında duran problemlərin həllinə münasibətin köklü surətdə dəyişməsinə səbəb oldu. Gənclərin Azərbaycançılıq ideologiyası ətrafında daha da sıx birləşməsi təmin edildi. Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda formalaşması ümummilli liderin azərbaycançılıq ideologiyasının tərkib hissəsi idi”.
Millət vəkilinə görə, ulu öndər siyasətini böyük uğur və əzmlə davam edtirən Prezident İlham Əliyev Azərbaycan gəncliyinə, onun formalaşmasına hər zaman böyük önəm verib: “Vətənpərvər, savadlı gəncliyin yetişməsi üçün bütün zəruri addımlar atılıb. Bütün bunlar ölkəmizdə gənclərlə bağlı işin dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu göstərir. Gənclərin potensialının gerçəkləşməsi, vətənpərvərlik ruhu, savadlı kadrların hazırlanması, gənc ailələrin sosial təminatı dövlətin hər zaman diqqətlə yanaşdığı sahələr olub. Məhz dövlətin gənclərə yüksək dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyi özünə, gücünə, istedadına inanıb. Bununla bağlı Prezident İlham Əliyev tərəfindən ötən müddət ərzində bir sıra mühüm sənədlər imzalanıb. Ölkəmizdə gənclərin potensialının inkişaf etdirilməsi, onların faydalı məşğulluğunun təmin edilməsində bu sənədlər mühüm baza rolunu oynayıb. Bunun nəticəsidir ki, gənclər siyasəti sahəsində atılan addımlar və qəbul olunan mühüm qərarlar Prezident İlham Əliyevin gələcəyə hesablanmış uğurlu siyasətinin təcəssümü kimi xarakterizə edilir. Həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər yetişib”.
Aqil Məmmədov 1997-ci ildən etibarən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti seçilmiş dövlət başçısı İlham Əliyev gənclərin idmana cəlb olunması istiqamətində misilsiz xidmətlərindən bəhs edib: “Bu gün ölkəmizin bölgələrində 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılıb ki, bu da gənclərin sağlam ruhda böyüməsində müstəsna əhəmiyyət kəsb edir. Sözsüz ki, bu proses hazırda da uğurla davam edir. Ölkəmizin paytaxtında ən mötəbər idman yarışları təşkil edilir. Bunun nəticəsidir ki, Azərbaycan dünyada idman ölkəsi kimi böyük şöhrət qazanıb. Bütün bunların fonunda Prezident İlham Əliyevin hakimiyyəti illərində yetişən vətənpərvər gənclər 30 illik erməni işğalına son qoydu. Bu gənclər böyük qəhrəmanlıq göstərdi. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşdu. Həmin qəhrəman gənclərimiz öz adlarını şanlı tariximizə şərəflə yazdırdı. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclərimizin qəhrəmanlığı sayəsində əldə olunan bu Şanlı Zəfərlə ölkəmizin ərazi bütövlüyü təmin olundu. Eyni zamanda gənclərimiz ideoloji mübarizədə də öndə gedir. Sözsüz ki, ümummilli Heydər Əliyevin görmək istədiyi Azərbaycan gəncliyi məhz indiki qalib, vətəninə, dövlətinə, xalqına sadiq gənclik idi”.