Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar edilməsi istiqamətində göstərilən səylər dalana dirənib. Buna səbəb sülhün Ermənistanın məqsədyönlü gərginlik və revanşizm siyasətinin qurbanına çevrilib və ciddi çağırışlarla üzləşməsidir. 2022-ci ilin dekabrında ilk uğursuzluğuna baxmayaraq, Ermənistan yenidən BMT Təhlükəsizlik Şurasından özünün absurd iddialarına dəstək axtarır. Erməni tərəfi siyasi, hərbi və informasiya yönümlü manipulyasiya kampaniyası üçün BMT TŞ-ı alətə çevirməyə cəhd göstərir.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, Ermənistan 30 ilə yaxın müddət ərzində BMT Təhlükəsizlik Şurasının qətnamələrini heçə sayıb: “Məhz 1993-cü ildə qəbul olunmuş dörd qətnamə və Təhlükəsizlik Şurası sədrinin işğalçı qüvvələrin Azərbaycan ərazisindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən bir sıra bəyanatlara məhəl qoymayan ölkə Ermənistan olub. Bu baxımdan da Ermənistanın bölgədə “humanitar vəziyyətin pisləşməsi” və “davam edən blokada” ilə bağlı əsassız iddialarla əlaqədar BMT Təhlükəsizlik Şurasına müraciəti tamamilə məntiqsizdir. Bu növbəti dəfə beynəlxalq tərəfdaşlar vasitəsilə balanslı, beynəlxalq hüquqa əsaslanan və məqbul həll yolu tapmağa yönəlmiş səylərə Ermənistanın qəsdən və məqsədyönlü şəkildə mane olmaq cəhdidir”.
Deputat bildirib ki. son üç il ərzində Ermənistan Laçın yolundan geniş miqyasda sui-istifadə edib: “Ona görə də, Azərbaycan öz sərhədində təhlükəsizlik və asayişi təmin etmək məqsədilə sərhəd nəzarət-buraxılış məntəqəsi təsis edib. Bu addım Azərbaycanın legitim hüququdur. Ermənistanın isə bu səyləri “blokada” kimi təqdim etməyə çalışması mənasızdır. Erməni tərəfinin nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması barədə qərar qəbul etmək üçün Beynəlxalq Ədalət Məhkəməsinə müraciəti də nəticəsiz qaldı. Beynəlxalq Ədalət Məhkəməsi 6 iyul tarixli qərarında bu tələbi yekdilliklə rədd etdi”.
Millət vəkilinə görə. əslində Ermənistan Azərbaycan ərazisindən öz silahlı qüvvələrini tam çıxarmayıb: “Eyni zamanda erməni tərəfi Azərbaycanın Qarabağ bölgəsinə yüklərin çatdırılması üçün “Ağdam-Xankəndi” yolu kimi digər marşrutlardan istifadə edilməsinə qarşı bir sıra hərbi və digər maneələr törədir. Hətta Qarabağ bölgəsinə humanitar yüklərin müxtəlif marşrutlarla çatdırılması, həmçinin Azərbaycanın xüsusi nümayəndəsi ilə yerli erməni sakinlərinin nümayəndələri arasında görüşün təşkili ilə bağlı razılığı da Ermənistan və onun havadarları son anda pozmuş oldular. Bununla da Yevlaxda Azərbaycanın xüsusi nümayəndəsi və yerli erməni sakinlərinin nümayəndələri arasında görüşün keçirilməsi baş tutmadı. 5 avqust 2023-cü ildə Ermənistan öz qondarma rejimi vasitəsilə siyasi motivli, qeyri-qanuni şərtlər və müxtəlif bəhanələr irəli sürməklə əldə olunmuş razılıqdan son anda boyun qaçırdı”.