Polşa prezidenti Andjey Dudanın Azərbaycan-Ermənistan şərti sərhədinə səfər etməsi və burada təşkil edilən “binokl şousunda” iştirakı heç bir məntiqlə izah oluna bilməz. Dudanın Azərbaycan-Ermənistan sərhədinə – Arazdəyənə gəlməsi, burada Avropa İttifaqının müşahidə “missiyasının” fəaliyyəti ilə yerində tanış olmaq kimi görüntü yaratmağa çalışması başqa mətləblərdən xəbər verir. 2025-ci ilin yanvarından etibarən Avropa İttifaqı Şurasının rəhbərliyi Polşaya keçəcək. Ola bilsin ki, Dudanın “aktivliyi” bundan qaynaqlanır. Aİ-yə rəhbərlik edəcək Polşa prezidentinin İrəvana xüsusi səfəri və sərhədə – Arazdəyənə ziyarət planı ittifaqın Ermənistanda müşahidə “missiyasının” gələcəyi ilə bağlı olması da növbəti hiyləgər niyyətin tərkib hissəsidir.
Bunu Siyasətinfoya VI çağırış Milli Məclisin deputatı, YAP üzvü Aqil Məmmədov deyib.
O qeyd edib ki, fəaliyyət müddəti 2025-ci ilin 19 fevralında başa çatacaq “missiyanın” daha iki il Ermənistanda qalması ilə bağlı iddialar irəli sürülür: “Sözsüz ki, Avropa İttifaqının Ermənistandakı “missiyası” Azərbaycan tərəfindən qəbul edilmir və bu sülh prosesinə zərbə vurmaq üçün atılan növbəti addım kimi dəyərləndirilir. Aİ-nin patrul apardığı ərazilər tarixi Azərbaycan yəni, Qərbi Azərbaycanlıların tarixən yaşadığı, dəfələrlə deportasiya edildiyi, dağıdılmış, viran edilmiş torpaqlardır. Aİ-a bununla bağlı Qərbi Azərbaycan İcması tərəfindən edilən müraciətlər təəsüf ki, cavabsız qalıb. Bu xüsusda Polşa prezidentinin ölkəsinin “Azərbaycan və Ermənistan arasında münaqişənin tənzimlənməsinə daha çox cəlb oluna biləcəyi” ilə bağlı verdiyi açıqlaması isə heç bir məntiqə əsaslanmır”.
Aqil Məmmədov hesab edir ki, Polşa prezidentinin “binokl şousunda” iştirakı onun gələcək siyasi fəaliyyəti üçün heç nə vəd etmir: “Bu kimi addımlar sözsüz ki, erməni lobbisinin maraqlarına xidmət etməklə birbaşa onların diktəsi ilə baş tutub. Amma uzun müddət erməni lobbisinin yedəyində gedənlər dərk etməlidir ki, regionda yeni bir reallıq yaranıb. Bu reallığın müəllifi güclü və qalib Azərbaycandır. Ona görə də, kənar qüvvələr bölgədə sülhü pozmaq əvəzinə prosesin daha da sürətlənməsi üçün addımlar atmalıdır”.