10 noyabrın 2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putun və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanata əsasən Laçın rayonunun heç bir itki vermədən, bir güllə atılmadan işğaldan azad edilməsi tarixi hadisə idi. Bu II Qarabağ Müharibəsində əldə edilmiş tarixi qəlbədən sonra siyasi-diplomatik müstəvidə əldə edilmiş növbəti uğurdur. Beləliklə, Ermənistan tərəfindən ərazilərin boşaldılması qrafik üzrə həyata keçirilib və bununla da Ağdam, Kəlbəcər rayonlarından sonra həmin qrafikə əsasən, 2020-ci il dekabrın 1-də Laçın rayonu da erməni işğalından azad edilib.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, laçın keçmiş Dağlıq Qarabağın ətrafında yerləşən 7 rayondan biri kimi 2020-ci ilin noyabrın 8-də tarixi Şuşa şəhərinin azad edilməsinin ardınca noyabrın 9-da Azərbaycan Ordusu Laçının da Güləbird, Səfiyan, Türklər kəndlərini işğalçılardan təmizləyib: “Müzəffər Azərbaycan Ordusunun Laçın rayonunun bir hissəsinə və digər mühüm strateji mövqelərə daxil olmasından, xüsusilə Şuşa şəhəri və onun ardınca 70-dən artıq kəndin azad olunmasından az sonra Ermənistan ağ bayraq qaldıraraq kapituliyasiya aktına imza atmağa məcbur oldu. Bu müasir Azərbaycan tarixinin Zəfər salnaməsidir. Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan tərəfindən işğal edilmişdi. O dövr ölkəmizdə hakimiyyətdə olan qüvvələrin səriştəsizliyi nəticəsində Laçın rayonu Ermənistanın işğalına məruz qalıb. 1992-ci il mayın 15-də AXC-Müsavat cütlüyü qanunsuz olaraq hakimiyyətə gəldikdən cəmi 3 gün sonra – mayın 18-də Laçın rayonu Ermənistan tərəfindən işğal edilməsi məhz yarıtmaz idarəçiliyin bariz nümunəsi idi. Sözsüz ki, Laçının işğal edilməsi ölkəmiz üçün yeni faciələrin, torpaq itkilərinin başlanğıcı oldu. Laçının rayonu böyük strateji əhəmiyyətə malik olması, keçmiş Dağlıq Qarabağla Ermənistanı birləşdirən yolun məhz buradan keçməsi proseslərin sonrakı dövrü üçün daha faciəvi nəticələr formalaşdırdı”.
Deputat bildirib ki, işğal dövründə ermənilər digər rayonlarımızda olduğu kimi Laçında da böyük dağıntılar, barbarlıq, vandallıq aktları icra edib: “Torpaqlarımızda, tarixi, dini-mənəvi abidələrimizə və təbiətimizə qarşı terror həyata keçirilib. Eyni zamanda Ermənistan bütün beynəlxalq konvensiyalara ziddi olaraq Laçında qanunsuz məskunlaşma siyasəti həyata keçirib. Amma bütün bunlara baxmayaraq Ağdam və Kəlbəcərdə olduğu kimi, qeyri-qanuni yaşadıqları əraziləri – Azərbaycan torpaqlarını tərk edən ermənilər Laçından da təhlükəsiz şəkildə, atəşə məruz qalmadan rahatlıqla bütün əşyalarını götürüb, ərazini rahat şəkildə tərk etmələri üçün lazımı şərait yaradılmışdı. Erməni tərəfi isə hər zaman olduğu kimi özünün vandal xislətinə uyğun olaraq Laçından çıxan zaman qaldıqları evləri yandırıb, vandallıq edib, meşələrə od vuraraq, suları çirkləndirərək ekoloji fəlakət törədərək ərazidən çıxıblar. Halbuki vaxtilə azərbaycanlılar öz ata-baba yurdlarından güllə yağışı altında, soyqırıma, etnik təmizləməyə, məruz qalaraq zorla çıxardılıb”.
Məlahət İbrahimqızı vurğulayıb ki, bu gün Laçın öz azadlığının növbəti mərhələsini yaşayır: “Ötən ilin 28 may tarixindən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib. Laçınlılar 31 ildən sonra öz doğma yurdlarına qayıdıblar və artıq burada yaşayırlar. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Böyük Qayıdışı təmin edəcək Dövlət Proqramına əsasən indiyədək Laçın şəhərinə 534 ailənin, yəni 1971 nəfərin daimi məskunlaşması təmin edilib. Hazırda da Laçında bütün lazımi şərait yaradılır. Hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun. Laçın şəhəri ilə yanaşı Zabux və Sus kəndində də artıq məskunlaşma həyata keçirilib. Bu kəndlər tamamilə yenidən tikilərək istifadəyə verilib. Böyük Qayıdış konsepsiyasına uyğun olaraq Laçında da digər azad edilmiş ərazilərimizdə olduğu kimi quruculuq-bərpa işləri ardıcıl, proqramla həyata keçirilir ki, bütün keçmiş məcburi köçkünlər öz doğma torpaqlarına qayıdaraq burada əbədi, xoşbəxt, təhlükəsiz şəraitdə yaşayıb, yaratsınlar. Bütün bunlar isə Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin nəticəsində mümkün olur”.