Avropa İttifaqı (Aİ) hər vəchlə Cənubi Qafqazda sülh prosesinə maneə olmağa çalışır. Bir müddət öncə Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel də təmsil etdiyi təşkilatın Ermənistandakı mülki “missiyasının” sayını artırdıqlarını bəyan etmişdi. Daha sonra isə həmin “missiya”nın sayı və tərkibi şübhəli olaraq artırıldı. Beləliklə, Aİ-nin Şurası Ermənistandakı mülki “missiyasının” sayı 138 nəfərdən 209-a çatdırıldı. Sözsüz ki, bütün bunlar regionda formalaşmaqda olan sülh prosesi üçün başlıca təhdiddir. Regionda gedən sülh prosesləri Qərbin müxtəlif strukturlarını, o cümlədən Brüsseldə oturan siyasətçiləri, erməni lobbisini qane etmədiyi üçün vaxtaşırı olaraq bölgədə təxribata xidmət edəcək addımlar atılır.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki. Qərb Avropa İttifaqı vasitəsilə bölgədə hər vəchlə sabitliyi, əmin-amanlığı pozmağa çalışır: “Məhz “missiya” oyunu da həmin komponentlərin tərkib hissəsidir. Bölgəni Ukraynaya, Suriyaya çevirmək planından əl çəkmək istəməyən qüvvələr üçüncü tərəflərin vasitəsi ilə gərginliyi pik həddə çatdırmağa çalışır. Ermənistan isə bu məkrli oyunun iştirakçısı kimi müxtəlif qruplar arasında olmaqla özünün çirkin maraqlarını reallaşdırmağa ümid edir”.
Millət vəkili hesab edir ki, bir müddət öncə Polşa Prezidenti Andjey Dudanın Avropa İttifaqının Ermənistandakı missiyasının üzvləri ilə birgə Ermənistan və Azərbaycan arasında sərhəd bölgəsinə gəlməsi də həmin məkirli planın bir hissəsi idi: “Əslində bu təxribat xarakterli səfər Aİ-yə üzv müxtəlif ölkələrin və Avropa institutlarının anti-Azərbaycan siyasətinin növbəti təzahürüdür. Sözsüz ki, bütün sahələrdə olduğu kimi siyasi-diplomatik müstəvidə güclü olan Azərbaycan bu kimi təxribat xarakterli addımlara layiqli formada cavab verib və bundan sonra da belə addımlar qarşılıqsız qalmayacaq”.