Bu gün Cənubi Qafqazın lideri ölkəsi olan Azərbaycanla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə böyük maraq göstərən dövlətlərdən biri də Albaniyadır. Son illər bu iki ölkə arasında münasibətlər dinamik şəkildə inkişaf edir. Artıq münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlib. Bu baxımdan da Albaniya prezidenti Bayram Beqayın Azərbaycana rəsmi səfəri əlaqələrin bundan sonra daha intensiv şəkildə inkişafında mühüm təsirə malik olacaq.
Bunu Siyasətinfoya Milli Məclisin deputat Aqil Məmmədov deyib.
O qeyd edib ki, Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Albaniya ilə əməkdaşlığın inkişafı Azərbaycan üçün vacib əhəmiyyət daşıyır: “Bu həmçinin rəsmi Bakının xarici siyasət kursunun mühüm istiqamətlərindən biri hesab edilir. Məhz ölkəmizə səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Albaniya Prezidenti Bayram Beqayın təkbətək və geniş tərkibli görüşündə əlaqələrin uğurlu inkişafından bəhs edilib. Bu müstəvidə gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub”.
Deputat hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıqdan bəhs edib: “Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Sözsüz ki, bu dəstək qarşılıqlı olub. Həm işğal, həm də II Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatları, Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstək yüksək qiymətə malikdir. Eyni zamanda iki ölkə arasında enerji sahəsində fəal əməkdaşlıq mövcuddur. Albaniya və Azərbaycan enerji sektorunda əməkdaşlıqla bir-birinə sıx bağlıdır. Bu xüsusda hər iki ölkə arasında eherji sahəsi ilə yanaşı digər sahələrdə də əməkdaşlıq uğurla davam edir”.