Ölkəmizdə ordu quruculuğunun əsası çağdaş dövlətimizin banisi və qurucusu Ulu Öndər Heydər Əliyev tərəfindən hələ sovet dövründən qoyulub. Ümummilli lider 1969-cu ildə Sovet Azərbaycanında hakimiyyətə gəlişindən sonra məhz onun misilsiz xidmətləri sayəsində respublikamızda milli hərbi kadrların hazırlanması prosesi başlanıldı və bu qısa müddətdə geniş vüsət aldı. Ulu Öndərin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradıldı ki, xalqımız yenidən öz müstəqilliyini bərpa etdikdən sonra bu liseyin məzunları milli ordumuzun formalaşmasında müstəsna rol oynadı.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, ulu öndər Heydər Əliyevin ikinci dəfə ölkəmizə rəhbərlik etdiyi dövrdə sağlam, güclü, sözün əsil mənasında instutlaşmış, peşəkar və davamlı Milli Orquruculuğu həyata keçirildi: “Ordumuz NATO standartlarına uyğunlaşdırılırdı. 2003-cü ildən NATO standartlarına uyğunlaşdırılan Azərbaycan Ordusu artıq modern orduya çevrildi. Prezident İlham Əliyev 2003-cü ildə hakimiyyətə gəldiyi ilk gündən Milli Ordu quruculuğunu dövlət siyasətinin əsas prioritetinə çevirdi. Bunun nəticəsini 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Milli Ordumuzun qazandığı möhtəşəm Zəfərdə görmüş olduq. Sözsüz ki, son illər ərzində Silahlı Qüvvələrin maddi-texniki təchizatı yenilənib, müasir infrastruktur yaradılıb, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb. Prezident İlham Əliyevin rəhbərliyi ilə müdafiə sənayesi sahəsindəki inkişaf ayrıca qeyd edilməlidir. Azərbaycanda son illərdə formalaşan və sürətlə inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Güclü və yenilməz Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində hərb tarixinin yeni və şanlı salnaməsini yazdı. Rəşadətli Ordumuzun şücaəti, Vətən torpaqları uğrunda apardığı ölüm-dirim savaşı sayəsində ərazi bütövlüyümüz bərpa olundu, haqq, ədalət öz yerini tapdı”.
Millət vəkili vurğulayıb ki, bu gün Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasında yer alıb: “Vətən müharibəsi Ordumuzun gücünü dünyaya bir daha nümayiş etdirdi. Qüdrətli dövlətimiz, ordumuz və xalqımız bütün dünyaya bizim müzəffər və yenilməz xalq olduğumuzu nümayiş etdirdi. II Qarabağ müharibəsindən sonra Azərbaycan Ordusunun daha da gücləndirilməsi istiqamətində zəruri addımlar atılıb. Müharibədən üç il keçməsinə baxmayaraq Ordu quruculuğunda inanılmaz nailiyyətlər əldə edilib. Silahlı Qüvvələrin bütün növlərinin maddi-texniki bazası ən müasir texnika ilə zənginləşdirilir, davamlı olaraq yüksək ixtisaslı hərbi kadr hazırlığı həyata keçirilir, yeni hərbi birləşmələr yaranır. İyunun 23-də Prezident, Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olması da məhz bu qəbildən atılan addımlardandır. Prezident komando hərbi hissəsinə Döyüş bayrağının təqdimatı zaman etdiyi çıxışında Ordumuzun bu günü və sabahı ilə bağlı önəmli mesajlar verdi”.
Deputat vurğulayıb ki, Ali Baş Komandan Vətən Müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə yekunlaşsa da müharibədən sonra ordu quruculuğu üçün əlavə addımlar atıldığını və bu prosesin bundan sonra da davam edəcəyini söyləyib: “Ölkə başçısı geosiyasi vəziyyətin gərgin olduğunu və buinun bizim bölgəmizdə də yeni təhdidlər yaratdığını bildirib. Qeyd edilib ki, Ermənistanda revanşist qüvvələr baş qaldırır: “Bütün bunları nəzərə alaraq, Ordumuzun daha da gücləndirilməsi vəzifəsi bir nömrəli vəzifə olaraq qalır. Buna nail olmaq üçün təbii ki, kompleks tədbirlər görülür. Vətən müharibəsindən sonra yeni silahların alınması prosesi davam edir və artıq bir çox kontraktlar imzalanmışdır – həm yeni pilotsuz uçuş aparatlarının ölkəmizə gətirilməsi, həm uzaqmənzilli raketlərin ölkəmizə gətirilməsi, o raketlər ki, böyük dağıdıcı qüvvəyə və yüksək dəqiqliyə malikdir. Müdafiə Nazirliyinin strukturunun təkmilləşdirilməsi prosesi gedir və bu proses davam edir. Hərbi təhsillə bağlı qəbul edilmiş qərarlar, əminəm ki, yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir. Yeni döyüş birləşmələrinin yaradılması, ilk növbədə, Komando Qüvvələrinin yaradılması döyüş qabiliyyətimizin artırılması üçün önəmli amillərdən biridir”.
Məlahət İbrahimqızı ölkə başçısının hər dəfə olduğu kimi bu tədbirdə də Azərbaycan ordusunun daha da güclənməsi üçün atılacaq addımları qeyd edib: “Azərbaycan xalqı 44 günlük müharibədə sözünü deyib. Ölkə sərhədlərini qorumaq və sərhədlərimiz daxilində Azərbaycan Konstitusiyasına, müstəqilliyinə, suverenliyinə qarşı atılacaq hər bir addımlara qarşı humanitar, hərbi yolla cavab verməyə qadirik. Sözsüz ki, qüdrətli və güclü Ordunun yaradılması heç də müharibə etmək məqsədi üçün deyil, dayanıqlı sülhün və sabitliyin əldə olunması baxımından başlıca şərtdir. Bu bir reallıqdır ki, Azərbaycanın Müzəffər Milli Ordusu Cənubi Qafqazda təhlükəsizliyin, sülhün və sabitliyin qarantıdır”.