Çağdaş Azərbaycan dövlətinin qurucusu və banisi Heydər Əliyevin xalqımız qarşısında xidmətləri kainat kimi sonsuz və bitməyən ümman kimi dərindir. Ulu Öndərimiz minilliklər qovşağında təkcə dövləti qurmadı. O həm də Azərbaycan xalqını milli məfkurə və ideologiya əsasında dünyanın ən güclü millətlərindən birinə çevirdi. Biz bunu hər ötən gün hiss edirik. Ümumiyyətlə müasir Azərbaycan xalqı çox xoşbəxtdir ki, belə bir Dahi İnsanın müasiri olubdur. Heydər Əliyevn dahiliyi ondadır ki, o bütün fəaliyyətində təkcə güclü Azərbaycan dövləti haqqında düşünməyib. Heydər Əliyev həm də hər gün güclü Azərbaycan xalqı və milləti haqqında düşünüb. Elə bir xalq ki, onun adı dünya xalqları və millətləri arasında şərəfli və qürurlu adı ilə imzası seçilsin. Məhz ümummilli liderimiz olan Heydər Əliyev şəxsiyyətinin fəlsəfəsinin mahiyyəti də budur. Dünya tarixinin və xalqların təkamül prosesini, eyni zamanda dünyada çox sürətlə gedən qloballaşma prosesini çox gözəl bilən, Heydər Əliyev bildirirdi ki, xalqların və millətlərin gələcək taleyi əsas aparıcı qüvvəsi, lokomotiv gücü gənclərdir. Bu mənada Əbədiyaşar Prezidentimiz ölkəmizə rəhbərlik etdiyi bütün dönəmlərdə Azərbaycan gəncliyi onun arxa və dayağı olmaqla, həm də əsas mənəvi silahdaşlarından biri olub. Eyni zamanda dövlət siyasətində gənclər strateji istiqamət kimi dəyərləndirilib.
Bunu Siyasətinfoya Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Azərbaycan gəncliyinə dövlətimizin, şəxsən möhtərəm Prezidentimizin həyata keçirdiyi siyasət də eyni yanaşma və prinsiplərə əsaslanır: “Bu mənada Heydər Əliyev siyasətində təkcə güclü dövlət prinsipi yetərli hesab edilməmiş, siyasətinin ana xətti “Güclü Dövlət və Güclü Millət”, daha dəqiq ifadə etsək “Güclü Dövlət və Güclü Gənclik” olubdur və bu gün də belədir. Ruhu qarşısında baş əyərək, fəxrlə deməliyik ki, bu ideologiya, bu məqdəd və hədəf özünü 44 günlük Vətən müharibəsində özünü bir daha sübut etdi. Heydər Əliyevin gəncliyə verdiyi önəm haqqında “Hər bir xalq özünün xoşbəxt gələcəyi olan ümidlərini ilk növbədə gənc nəsillə bağlayır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün iftixar və qürur hissi ilə bildirmək istəyirəm ki, müasir Azərbaycan gəncliyi milli mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi indi də qoruyub yaşadır”. Qulaqlarımızda daima səslənəcək bu əbədiyaşar fikirləri özlüyündə hər şeyi aydın ifadə edir. Ümummilli lider Heydər Əliyev dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı peşəkar kadrların yetişdirilməsindən, gənclərin cəmiyyətin bütün sferalarında iştirakından, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Gənclərin potensialından düzgün istifadə, bu istiqamətdə siyasətin doğru qurulması heç şübhəsiz ki, həmin dövlətin gələcəyinin sığortasıdır. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir, onun qlobal rəqabətə davamlılığının, milli təhlükəsizliyinin vacib şərtlərindəndir. Daha lakonik ifadə etsək, gənclərə münasibət həmin dövlətin gələcəyinə münasibətidir”.
“Heydər Əliyev yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib”
Deputat bildirib ki, Azərbaycanda müstəqillik dövrünün ilk illərində hökm sürən hərc-mərclik şəraitində çox sayda gənclər təşkilatları yaransa da, onların əksəriyyətində siyasiləşmə meyilləri öz əksini tapmışdı: “Lakin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması, ölkədə hüquqi demokratik dövlət quruculuğu prosesinin həyata keçirilməsi vəzifələri gənclərin ayrı-ayrı siyasi qurumlarda deyil, ümummilli dövlət mənafeləri əsasında səfərbər olunması, vahid gənclər siyasətinin hazırlanıb həyata keçirilməsi zərurətini ortaya atdı. Ümummilli Lider Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Onun potenisal güc mənbəyi kimi elmi-fiziki güclərinə üstünlük verdiyi, ictimai və sosial həyatın, cəmiyyət quruculuğunun bütün sferalarında təmsil olunmalarına geniş imkanlar yaratdığı qüvvə həmişə gənclər olub. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olub. Bu siyasətin banisi isə xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Ulu öndər Heydər Əliyevin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub. Əlbəttə, milli dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, demokratik cəmiyyət quruculuğu, siyasi, hüquqi və iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı ulu öndərin ideyaları və irəli sürdüyü prinsiplər Azərbaycanın hazırkı və gələcək inkişaf strategiyasının əsasını təşkil edir. Ümummilli liderimiz həmişə gənclərimizə böyük ümidlər bəsləyir, dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Həyatı boyu, respublikaya rəhbərliyinin bütün dövrlərində ulu öndər sağlam, normal gəncliyin, bu dövlətə sahib dura biləcək bir nəslin yetişməsinə xidmət edirdi. Ulu öndərin ən böyük xidmətlərindən biri də o idi ki, gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verir, bu siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi. Dahi şəxsiyyət gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etmişdi. Məhz bunun bariz nümunəsi olaraq 1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb. 1995-ci ildə isə o, Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürüb. 2 fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib və ulu öndər tədbirdə şəxsən iştirak edib. 1 Fevral 1997-ci il tarixdə forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən ulu öndər “2 fevral – Azərbaycan gəncləri gününün elan edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətinin məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin edib. “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında”, “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında”, “Dövlət gənclər siyasəti haqqında” qanun, fərman və sərəncamlar, həmçinin, “Gənc ailə”, “İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı” və digər proqramlar çərçivəsində ölkəmizdə gənclərin sosial-maddi şəraitinin yüksəldilməsi, ictimai fəallığının artırılması istiqamətində mühüm fundamental baza olub”.
“Azərbaycanın inkişafı naminə görüləcək bu əzəmətli işlərin həyata keçirilməsinin əsas ağırlığı və məsuliyyəti isə bugünkü gənclərin üzərinə düşür”
Millət vəkili ümummilli lider gəncliyin aktiv sosial təbəqə kimi ictimai həyatdakı roluna mühüm əhəmiyyət verib: “Ulu öndər qeyd edir ki, “gəncləri gördükcə daha da ruhlanıram, siz mənə daha da ilham verirsiniz və sizdən ilham alaraq Azərbaycanı daha da qüdrətli etməyə çalışıram. Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti, Azərbaycanın prezidenti sizin – gənclərimizin bütün hüquqlarının qorunmasının təminatçısı olub və bundan sonra da təminatçısı olacaqdır. Əmin ola bilərsiniz ki, Azərbaycan gənclərinin yaxşı yaşaması, təhsil alması üçün, yaxşı əmək fəaliyyəti göstərməsi üçün bundan sonra da əlimizdən gələni edəcəyik.” 2 mart 1999-cu il tarixdə Azərbaycan gənclərinin ikinci forumundakı çıxışında ulu öndər Heydər Əliyev respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şəraitin yaradılması, dövlət orqanlarının diqqətini gənclərin problemlərinin həllinə yönəltməklə bağlı tövsiyələr verib. “XXI əsrdə müstəqil Azərbaycanın inkişafı naminə görüləcək bu əzəmətli işlərin həyata keçirilməsinin əsas ağırlığı və məsuliyyəti isə bugünkü gənclərin üzərinə düşür. İnanıram ki, zəngin və dərin mənəviyyata sahib, vətənpərvər gəncliyi olan xalqımızın daha böyük, daha parlaq gələcəyi var. Ona görə də Azərbaycanı, dövlətçiliyi yaşatmaq, onu qüdrətli etmək üçün siz, yüksək amallı gənclər daim hazır olmalısınız” deyən ümummilli lider gəncləri gələcək inkişafımızın möhkəmlənməsində və dövlət quruculuğunda fəal iştirakçı kimi qiymətləndirirdi. Ümumiyyətlə, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və həyata keçirdiyi gənclər siyasəti 5 mühüm istiqaməti ehtiva edirdi. Milli mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolunu artırmaq, gənc nəslin tarixi köklərimizə bağlı olaraq vətənpərvərlik ruhunda tərbiyələndirilməsini təmin etmək, gənclərin elmi, intellektual potensialının artırılması üçün ciddi təhsil və mədəni islahatlar həyata keçirmək, gənclərin təşkilatlanmasını təmin etməklə, onları müstəqilliyimizin keşiyində vahid qüvvə kimi birləşməyə səfərbər etmək, gənclərin dövlət idarəçiliyində rolunu əhəmiyyətli dərəcədə artırmaq və onların məsuliyyət hissini formalaşdırmaq, Azərbaycan dövlətinin beynəlxalq aləmə inteqrasiyasının yaratdığı imkanlardan gənclərin maksimum səviyyədə yararlanmasına möhkəm əsaslar yaratmaq ümummilli liderin müəyyən etdiyi strateji hədəflər olub. Ümummilli Liderin gənclər siyasəti ilə bağlı qeyd edilən istiqamətlərdə gördüyü işlər Prezidentimiz cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Belə ki, 2005-ci il avqustun 30-da Prezident İlham Əliyev “Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb. Dövlətin gənclər siyasətini müasir tələblərə uyğun şəkildə həyata keçirmək məqsədilə Gənclər və İdman Nazirliyi 2006-cı ildə yenidən qurulub. Növbəti addım kimi 2007-ci il Prezidentimiz tərəfindən ölkədə “Gənclər ili” elan edilib. 16 aprel 2007-ci ildə Prezidentimiz tərəfindən imzalanan Sərəncamla təsdiq olunan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində yüzlərlə gənc təhsil almaq üçün xarici ölkələrə göndərilmişdir. 2003, 2005, 2008, 2011-ci illərdə Bakıda gənclərin növbəti forumları keçirilib. 6 aprel 2011-ci il tarixində Prezident İlham Əliyev tərəfindən “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı haqqında sərəncam imzalanmışdır. Gənclər siyasətilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərin stimullaşdırılması məqsədilə Gənclər Fondu yaradılıb. Fond gənclər tərəfindən irəli sürülən layihələri reallaşdırır. Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə, malik gənclərin formalaşması bu məqsədyönlü siyasətin nəticəsidir. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır”.
“Vətən uğrunda canından və həyatından keçməyi bacarmayan gənc öz millətinin və Vətəninin həqiqi mənada övladı ola bilməz”.
Təftiş Komissiyasının üzvünə görə, həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə, malik gənclər formalaşıb: “Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının aktiv fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini artırıb. Hər il gənclərimiz iştirak etdikləri beynəlxalq olimpiadalarda və idman yarışlarında yeni-yeni qələbələrlə ölkəmizin şərəfini ucaldıblar. Artıq ölkəmiz kifayət qədər inkişaf edib. Azərbaycan gəncliyi artıq ən mühüm, strateji beynəlxalq tədbirlərin iştirakçısından təşkilatçısına çevrilibdir. Bütün bunlara baxmayaraq, dünyada Qalib Dövlət kimi tanınan ölkəmizin iqtisadi və siyasi gücü günü-gündən artsa da, ölkəmizə qarşı ermənipərəst qüvvələrin informasiya terroru davam edir. Hesab edirəm ki, bugün Heydər Əliyev siyasətini və ideologiyasını yüksək səviyyədə davam edirən Prezidentimiz möhtərəm cənab İlham Əliyevin ətrafında sıx birləşmiş Azərbaycan gəncləri yeni internet və sosial medianın mümkün texniki imkanlarına yaxşı bələd olaraq bundan sonra da dünya erməniliyinin antiazərbaycan təxribatlarına, eləcə də ölkəmizin daxilindəki antimilli qüvvələrə qarşı davamlı, barışmaz və prinsipial mübarizələrini davam etdirəcəklər. Bugün dünya əhalisi və dövlətləri, bəşəriyyət, eləcə də gənclik kürəsəlləşmənin gətirdiyi təhlükələrin, təhdidləri altında çox mürəkkəb dövrünü yaşayır. Az qala sərhədlərin götürüldüyü bir dünyada gənclər dünyanın ən nüfuzlu ali təhsil universitetlərini bitirə, ən nadir ixtisaslara, peşə və sənətə yiyələnə, yüksək vəzifələrdə çalışa və çox pul da qazana bilər. Çox təəssüf ki, bəzi gənclər də öz vəzifə və məsuliyyətini ancaq bu çərçivədə görür. Amma vətənpərvər, milli ruhun daçıyıcısı olmayan, Vətənini göz bəbəyi kimi qorumağı həyat amalı bilməyən, Vətən uğrunda canından və həyatından keçməyi bacarmayan gənc öz millətinin və Vətəninin həqiqi mənada övladı ola bilməz”.
“44 günlük Vətən müharibəsində Azərbaycan Gəncliyi adına şanlı tariximizə, qəhrəmanlıq salnaməsinə şərəflə yazdı”
Məlahət İbrahimqızının fikrincə o dövlətlər və xalqlar da xoşbəxtdir ki, onun mübariz, şücaətkar, rəşadətli, fədakar və hər an Vətəni, Dövləti. Milləti uğrunda canından keçən qeyrətli və şərəfli oğulları var: “Bu mənada Azərbaycan gəncliyi çox xoşbəxtdir. Ona görə ki, əsası Ulu Öndərimiz tərəfindən qoyulmuş Dövlət Gənclər siyasəti Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Məhz bu siyasətin nəticəsidir ki, bu gün dünyanın heç bir gəncinə və gəncliyinə nəsib olmayan müqəddəs bir ad Qalib Dövlətin, Qalib Gəncləri adını Azərbaycan Gəncliyi daşıyır. Bu gün ən nüfuzlu ali təhsil universitetlərini bitirmiş, yüksək vəzifələrdə çalışan Azərbaycan gənci şəhid, qazi, Qarabağ müharibəsi iştirakçısı adını daşımaqla fəxr edir. Azərbaycan Gəncliyi ötən dövrlərdə hər zaman öz Liderinin müsəlləh əsgəri oldu. 44 günlük Vətən müharibəsində bütün Azərbaycan gəncləri Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin çağırışı ilə bir yumruq kimi birləşərək, Vətən qarşısında, həm də əbədiyaşar Liderinin vəsiyyətinə sadiqlik nümayiş etdirdilər. 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfərdə Azərbaycan Gəncliyi adına şanlı tariximizə, qəhrəmanlıq salnaməsinə şərəflə yazdılar”.
Yaşasın Azərbaycan Xalqı və Dövləti! Yaşasın Heydər Əliyev ideyaları! Yaşasın Azərbaycan Gəncliyi!