Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurlu enerji siyasəti həyata keçirilir. Azərbaycanın nəhəng enerji infrastrukturu formalaşıb ki, bu da ölkəmizin önəmini və rolunu daha da artırır. Bu baxımdan da Azərbaycanın yaratdığı reallıq Avrasiya məkanının enerji xəritəsini əsaslı şəkildə dəyişdirmiş olub. Azərbaycanın günü-gündən artan nüfuzu onun qloballaşan dünyada artıq ciddi faktor kimi önəmindən xəbər verir. Mayın 31-də ölkəmizdə start götürmüş Bakı Enerji Həftəsinin əhəmiyyətini bu mənada xüsusi ilə qeyd etmək olar.
Bunu Siyasetinfoya Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, Bakı artıq təkcə regionda deyil, enerji sahəsində ən önəmli beynəlxalq platformalardan biridir: “Bakı Ekspo Mərkəzində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin təşkili bu baxımdan diqqəti cəlb edir. “Xəzər Neft və Qaz” sərgisinin keçirilməsi Ümummilli Lider Heydər Əliyevin təşəbbüsüdür. Ona görə də, Bakı Beynəlxalq Xəzər Neft və Qaz sərgisi neft, qaz və energetika sahəsində aparıcı mütəxəssislərin görüş yeri hesab olunur”.
Millət vəkilinə görə, beynəlxalq tədbirin açılışında Prezident İlham Əliyevin iştirakı və çıxışı vacib mesajların verilməsi, Azərbaycanın bu istiqamətində gördüyü və qarşısında dayanan hədəflərin açıqlanması baxımından vacib amil kimi yadda qaldı: “Dövlətimizin başçısı Xəzər Neft-Qaz Sərgisinin 1994-cü ildən etibarən Azərbaycana öz potensialını beynəlxalq investorlara təqdim etmək baxımından əhəmiyətindən bəhs edib. Bunun vacib bir imkan və platforma olduğu söylənib. Vurğulanıb ki, 1994-cü ildə ilk neft-qaz sərgisinin keçirilməsi və Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Eyni zamanda “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanda vəziyyəti müsbət inkişaf istiqamətdə dəyişməsinin bu günki inkişaf strategiyamızın əsas elementi olduğu bildirilib”.
Deputat Azərbaycanın özünün daxilində enerjiyə olan tələbatını qarşılamaqla yanaşı qlobal miqyasda da rolundan danışıb: “Artıq regional və qlobal miqyasda Azərbaycanın enerji təchizatı ilə bağlı mövqeyi güclənir. Sözsüz ki, bu gün Azərbaycan ilk növbədə Avropa dövlətlərinin enerji təhlükəsizliyində mühüm rol oynayır. Azərbaycanın Avropa qitəsində enerji daşıyıcıları sahəsində fəaliyyətini genişləndirməsi tərəfdaşlar üçün olduqca zəruri imkanlar açır. Bu baxımdan Cənub Qaz Dəhlizi böyük önəm daşıyır. Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına hər dəfə ölkəmizin ev sahibliyi etməsi isə dövlətimizin layihədə aparıcı rolunu önə çıxarmış olur”.