Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan uğurlu enerji siyasəti həyata keçirir. Azərbaycanın nəhəng enerji infrastrukturu bu istiqamətdə qarşıya qoyulan bütün vəzifələrin icrasına imkan verir. Məhz bu mənada Azərbaycanın yaratdığı reallıq Avrasiya məkanının enerji xəritəsini əsaslı şəkildə dəyişdirib və formalaşdırmış olub. Ölkəmizdə mayın 31-də start götürmüş Bakı Enerji Həftəsinin əhəmiyyəti bu baxımdan xüsusi ilə qeyd edilməlidir.
Bunu Siyasetinfoya YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Bakı artıq təkcə regionda deyil, enerji sahəsində ən önəmli beynəlxalq platformalardan biri hesab edilir: “Bakı Ekspo Mərkəzində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin təşkili də mühüm əhəmiyyətə malikdir. “Bu layihəyə beynəlxalq maraq böyükdür. Hər il Xəzəryanı regionun əsas neft-qaz layihələrinin müzakirəsi və enerji təhlükəsizliyinin təmin olunması məqsədilə ən yüksək səviyyəli rəhbər işçiləri öz meydanında bir araya gətirən bu platforma diqqət mərkəzindədir”.
Deputat hesab edir ki, “Xəzər Neft və Qaz” sərgisinin keçirilməsi Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə reallaşıb: “Bu eyni zamanda Beynəlxalq Xəzər Neft və Qaz sərgisi neft, qaz və energetika sahəsində aparıcı mütəxəssislərin görüş yeri kimi vacib önəm kəsb edir. Əslində bu cür yüksək səviyyəli tədbirlərdə gələcək əməkdaşlığa dair bir sıra memorandumlar, müqavilələr, qarşılıqlı razılaşmalar da əldə olunur”.
Millət vəkili beynəlxalq tədbirin açılışında Prezident İlham Əliyevin iştirakına və çıxışında səsləndirdiyi məsələlərə toxunub: “Ölkəmizin başçısı Xəzər Neft-Qaz Sərgisinin 1994-cü ildən etibarən Azərbaycana öz potensialını beynəlxalq investorlara təqdim etmək baxımından mühüm imkan və platforma olduğunu qeyd edib. 1994-cü ildə ilk neft-qaz sərgisinin keçirilməsi Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və gərgin səyləri nəticəsində mümkün olub. “Əsrin müqaviləsi”nin imzalanması isə Azərbaycanda vəziyyəti kökündən dəyişdirdi. Azərbaycanın bu günki inkişaf strategiyası məhz o dövrdən əsası qoyuldu. Ölkəmiz öz daxili tələbatlarını ödəməklə yanaşı Avropa dövlətlərinin enerji təhlükəsizliyində mühüm rol oynayır”.
Məlahət İbrahimqızı vurğulayıb ki, Azərbaycanın Avropa qitəsinin enerji təminatında rolu getdikcə artır: “Cənub Qaz Dəhlizi bu baxımdan böyük önəm daşıyır. Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına hər dəfə ölkəmizin ev sahibliyi etməsi isə dövlətimizin layihədə aparıcı rolunu önə çəkmiş olur. Artıq Azərbaycanın qaz ixracının coğrafiyası genişlənir. Bakı Enerji Həftəsində keçirilən tədbirlər bir çox Avropa ölkəsinin Azərbaycanla əməkdaşlığının daha da artacağını göstərir”.