Ölkəmiz hər zaman sülh müstəvisində danışıqlara sadiq qalıb. 30 ilə yaxın Azərbaycan ərazilərinin 20 faizi Ermənistanın işğalında olduğu dövrdə də dövlətimiz münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu sona kimi nümayiş etdirib. Sadəcə olaraq Ermənistanın qeyri-konstruktiv mövqeyi və Azərbaycan ərazilərini sonsuza qədər işğalda saxlamaq niyyəti sülh prosesini pozub. Bu ölkə həmçinin beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyü ilə bağlı çıxarmış olduğu bütün qərar və qətnamələri heçə sayaraq status-kvonu saxlamağa cəhd edib. Hətta özünün işğalçı mövqeyinə və ənənəsinə sadiq qalan Ermənistan Azərbaycanı yeni mühairbə yeni ərazilərlə təhdid edib. 2020-ci il 27-i sentyabrı da Ermənistanın növbəti hərbi təxribatı Azərbaycan ordusuna, mülki vətəndaşlarımıza qarşı yeni bir hərbi cinayəti ilə başladı. Lakin Azərbaycan özünün güc və imkanlarını səfərbər edərək 44 gündə düşməni döyüş meydanında darmadağın etdi. Ordusunun tamamilə darmadağın olduğunu qəbul edən Ermənistan 2020-ci ilin 10 noyabrında kapitulyasiya aktına imza atmağa məcbur oldu. Azərbaycan döyüş yolu ilə özünün ərazi bütövlüyünü, fundamental hüquqlarını bərpa etdi.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Azərbaycan dövləti özünün sülh prinsiplərinə sadiq qalaraq II Qarabağ müharibəsindən sonra barış mövqeyini ortaya qoyub: “Ermənistana beynəlxalq hüququn norma və prinsiplərini özündə ehtiva edən 5 bəndlik sülh paketi təqdim edib. Hazırda tərəflər arasında müxtəlif platformalarda danışıqlar, müzakirələr aparılır. Bu mənada Brüssel, Vaşinqton, Moskva formatlarını xüsusi ilə qeyd etmək olar. Sözsüz ki, bu platformalarda aparılan intensiv danışıqlar sülhün əldə olunması üçün önəmlidir. İyunun 1-də Moldovanın paytaxtı Kişinyovda Avropa Siyasi Birliyinin sammiti çərçivəsində baş tutan beştərəfli qeyri-rəsmi görüş də tərəflərin mövqeyini ifadə etmək baxımından əhəmiyyətli olub”.
Deputat bildirib ki, Kişinyovda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Almaniyanın Kansleri Olaf Şolts və Fransanın prezidenti Emmanuel Makronun iştirakı baş tutan görüş mühüm önəm kəsb edir. Burada sülh məsələsi ətrafında ciddi müzakirələr aparılıb və açıqlanan məqamlar beştərəfli qeyri-rəsmi görüşün pozitiv müstəvidə keçdiyinə dəlalət edir. İyulun 21-də Brüsseldə növbəti üçtərəfli görüşün keçiriləcəyini də bu baxımdan qeyd etmək olar. Təbii ki, Ş.Mişelin vasitəsilə aparılan bu danışıqlar daha çox koordinasiya xarakterlidir”.
Məlahət İbrahimqızı hesab edir ki, Azərbaycan Brüssel formatını dəstəkləyir: “Brüssel formatı çərçivəsində tərəflər müəyyən məsələlərlə bağlı razılığa gələ bilib. Ölkəmizin mövqeyi bölgədə sülhə nail olmaq üçün irəli sürülən beynəlxalq təşəbbüslərə dəstəyi ifadə edir. Məhz bu zərurətdən də dövlətimiz müxtəlif platformalarda təşkil olunan görüşlərdə yer alır. Moldovada baş tutan beştərəfli görüş də bu baxımdan xüsusi olaraq qiymətləndirilir. Fransa və Almaniya liderlərinin Kişinyov görüşlərində yer alması isə qeyri-formal xarakter daşıyırdı. Ümumiyyətlə bu və ya digər görüşlərdə əsas məsələ Azərbaycanın prinsipial mövqeyinin ifadəsidir. Artıq bütün beynəlxalq tərəfdaşlar və vasitəçilər Azərbaycanın yaratmış dolğu reallığı qəbul edir. Bu Azərbaycan Prezidentinin qətiyyəti və xalqımızın iradəsinin ifadəsidir”.