
Azərbaycan II Qarabağ müharibəsindən dərhal sonra özünün sülh mövqeyini ortaya qoyub. Bu məqsədlə ölkəmiz tərəfindən Ermənistana beynəlxalq hüququn norma və prinsiplərini özündə ehtiva edən 5 bəndlik sülh paketi təqdim edilib. Bununla yanaşı Azərbaycanla Ermənistan arasında qısa zamanda sülhün təmin olunması üçün bir sıra vacib platformalar mövcuddur. Burada da tərəflər bölgədə daimi sülhə nail olmaq üçün mühüm təşəbbüslərlə çıxış edirlər. Brüssel, Vaşinqton, Moskva formatlarında sülh müstəvisində aparılan intensiv danışıqlar bu baxımından önəmlidir.
Bunu Siyasetinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qey edib ki, Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasını istəyən beynəlxalq vasitəçilər bu məqsəd üçün müxtəlif təşəbbüslərlə çıxış edir: “İyunun 1-də Moldovanın paytaxtı Kişinyovda Avropa Siyasi Birliyinin sammiti çərçivəsində baş tutan beştərəfli qeyri-rəsmi görüş də tərəflərin mövqeyini ifadə etmək baxımından vacib idi. Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniyanın Kansleri Olaf Şolts və Fransanın prezidenti Emmanuel Makronun iştirakı baş tutan görüşdə sülh məsələsi ətrafında müzakirlər aparılıb. Müşahidlər isə o olub ki, beştərəfli qeyri-rəsmi görüş pozitiv müstəvidə keçib”.

Deputat Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bu görüşün nəticələri haqqında açıqlamasına diqqət çəkib: “İyulun 21-də Brüsseldə növbəti üçtərəfli görüşün keçiriləcəyinin bu baxımdan önəmi qeyd edilə bilər. Sözsüz ki, Şarl Mişelin vasitəsilə aparılan bu danışıqlar daha çox koordinasiya xarakteri daşıyır. Azərbaycan Brüssel formatını dəstəkləyir. Artıq bu format çərçivəsində tərəflər müəyyən məsələlərlə bağlı razılıq əldə edib. Azərbaycanın birmənalı mövqeyi bölgədə sülhə nail olmaq üçün irəli sürülən beynəlxalq təşəbbüslərə dəstəklə bağlıdır. Bu baxımdan da dövlətimiz müxtəlif platformalarda təşkil olunan görüşlərdə yer alır. Moldovada baş tutan beştərəfli görüş də bu baxımdan qiymətləndirilməlidir. Təbii ki, Fransa və Almaniya liderlərinin burada iştirakı qeyri-formal xarakter daşıyıb”.
Sevinc Hüseynova hesab edir ki, bu görüşdə əsas məqam sülh müqaviləsi üzrə danışıqların intenstivləşdirilməsinin vacibliyinin önə çəkilməsidir: “Artıq bu ay ərzində Azərbaycan və Ermənistanın Xarici İşlər nazirlərinin Vaşinqtonda növbəti görüşünün keçirilməsi nəzərdə tutulub. Bu görüşdə də sülh müqaviləsi ilə bağlı müzakirələr aparılacaq. Təbii ki, danışıqlar prosesində intensivlik sülhün əldə edilməsinə ümidləri artırmış olur. Ermənistan isə hər zaman olduğu kimi qeyri-konstruktiv mövqe nümayiş etdirərək danışıqları pozur, sülh müqaviləsinin imzalanmasını mümkün qədər uzatmağa çalışır. Bu baxımdan Ermənistana qısa zamanda sülhün əldə olunması ilə bağlı beynəlxalq birlik tərəfindən təzyiqlər edilməlidir”.