1993-cü ildə Gəncədə baş vermiş 4 iyun hadisələri Azərbaycan müstəqilliyini yenicə qazandıqdan sonra baş vermiş olaylardan biridir. Bu əslində yenicə müstəqil olmuş bir ölkədə bir çox məsələlərin düzgün getməməsi, normal idarəçiliyin olmamasından qaynaqlanan hallardan biri olub. Ölkəmizdə o dövrdə hakimiyyətdə gələn və bir-birini əvəz edən siyasi komandalar üzərlərinə düşən məsuliyyətli dərk edə bilmirdilər.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, həmin dövr ölkəmiz özünün ağır dövrünü yaşayırdı: “Separatizm baş alıb gedirdi, ayrı-ayrı silahlı dəstələr müxtəlif siyasi qruplara xidmət edirdi. AXC-Musavat cütlüyünün hakimiyyəti dövründə yeni müstəqillik əldə etmiş Azərbaycan yenidən parçalanmaq təhlükəsi ilə üzləşmişdi. Bu baxımdan 1993-cü ildə Gəncədə baş vermiş hadisələrdə məhz o dövr hakimiyyətdə olan qüvvələrin yarıtmaz fəaliyyəti səbəb olmuşdu”.
Deputat bildirib ki, AXC-Musavat cütlüyü 1993-cü il 4 iyun və baş verən bütün hadisələrin səbəbkarıdır: “Cəmiyyətdə parçalanma baş verdi, onun problemləri ilə məşğul olmadılar. Ordu quruculuğu sahəsində heç bir iş görülmədi. Ancaq kreslo davası, öz qrupunun daha yaxşı vəzifə tutması uğrunda mübarizə aparırdılar. Bütün bunlar şübhəsiz ki, sonda məhz bu cür hadisələrlə nəticələndi. Məhz ulu öndər Heydər Əliyevin xalqın istəyi ilə yenidən siyasi hakimiyyətə qayıtması ilə Azərbaycanı yox olmaqdan, parçalanmaqdan xilas oldu. Dahi Liderin uzaqgörən strategiyası ilə Azərbaycan məhz bu günki səviyyəyə yüksəldi. Ulu öndər Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən qurtardı, O ölkəmizdə milli birlik yaratdı. Nizami ordunun əsası qoyuldu. Keçmiş Dağlıq Qarabağ məsələsində Azərbaycanın prinsipial mövqeyi ortaya qoyuldu”.
Məlahət İbrahimqızı hesab edir ki, ulu öndər Heydər Əliyev strategiyasının Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsinə, Ermənistanın torpaqlarımızdan qovulmasına, güclü, qalib dövlət kimi dünya birliyi tərəfindən tanınmağımıza imkan yaratdı”.