Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu enerji siyasəti həyata keçirir. Bu amil ölkəmizin dünyada getdikcə daha qabaqcıl mövqelərə sahib olmasını şərtləndirir. Hazırda Azərbaycanın nəhəng enerji infrastrukturu formalaşır. Ölkəmizin yaratdığı bu reallıq Avrasiya məkanının enerji xəritəsini əsaslı şəkildə dəyişdirib. Sözsüz ki, dövlətimizin artan nüfuzu ölkəmizdə keçirilən mühüm beynəlxalq tədbirlərin əhəmiyyətinə təsir edir. Bu mənada mayın 31-də ölkəmizdə start götürmüş Bakı Enerji Həftəsinin həmiyyətini xüsusi ilə qeyd etmək olar. Təbii ki, bu artıq təkcə regionda deyil, enerji sahəsində ən önəmli beynəlxalq platformalardan biridir.
Bunu Siyasetinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, Bakı Ekspo Mərkəzində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin təşkili də mühüm önəm kəsb edir: “Hər il Xəzəryanı regionun əsas neft-qaz layihələrinin müzakirəsi və enerji təhlükəsizliyinin təmin olunması məqsədilə ən yüksək səviyyəli rəhbər işçiləri öz meydançasında bir araya gətirən bu layihəyə maraq getdikcə artmaqdadır. “Xəzər Neft və Qaz” sərgisinin keçirilməsi təşəbbüsü Ümummilli Lider Heydər Əliyevə məxsusdur. Bu baxımdan Beynəlxalq Xəzər Neft və Qaz sərgisi neft, qaz və energetika sahəsində aparıcı mütəxəssislərin görüş yeri kimi qiymətləndirilir”.
Deputat bildirib ki, bu cür yüksək səviyyəli tədbirlərdə gələcək əməkdaşlığa dair biur sıra memorandumlar, müqavilələrə də imza atılır: “Təbii ki, bu beynəlxalq tədbirin açılışında Prezident İlham Əliyevin iştirakı və çıxışı vacib mesajların verilməsi ilə yadda qaldı. Ölkəmizin başçısı Xəzər Neft-Qaz Sərgisinin 1994-cü ildən etibarən Azərbaycana öz potensialını beynəlxalq investorlara təqdim etmək baxımından mühüm imkan və platforma olduğunu söyləyib. Qeyd edilib ki, 1994-cü ildə ilk neft-qaz sərgisinin keçirilməsi və Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və gərgin səyləri nəticəsində “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanda vəziyyəti müsbət inkişaf istiqamətində dəyişib. Azərbaycan öz daxilində enerjiyə olan tələbatını tam təmin etməsi ilə yanaşı bu gün sayı getdikcə artan ölkələrin və ilk növbədə Avropa dövlətlərinin enerji təhlükəsizliyində mühüm rol oynayır. Azərbaycanın Avropa qitəsində enerji daşıyıcıları sahəsində fəaliyyətini genişləndirməsi tərəfdaşlar üçün olduqca zəruri imkanlar açır. Bu baxımdan Cənub Qaz Dəhlizi böyük önəm daşıyır. Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına hər dəfə ölkəmizin ev sahibliyi etməsi isə dövlətimizin layihədə aparıcı rolundan xəbər verir”.
Millət vəkili vurğulayıb ki, Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan TAP layihəsi 2020-ci ilin dekabr ayının 31-də tamamlanıb: “Sözsüz ki, bu qlobal layihənin reallaşmasında Azərbaycan və Avropa Komissiyasının təşkilatçılığı ilə beynəlxalq maliyyə institutlarının Məşvərət Şurasının iclasında səylərinin koordinatorları burada mühüm rol oynayıb. Dəyəri 33 milyard ABŞ dolları olan Cənub Qaz Dəhlizi layihəsi müasir tarixdə çox azsaylı layihələrdən biridir ki, onun icrasına bütün aparıcı beynəlxalq maliyyə institutları iştirak edib”.
Sevinc Hüseynova Azərbaycanın qaz ixracının coğrafiyasının genişlənəcəyindən bəhs edib: “Bakı Enerji Həftəsində keçirilən tədbirlər daha çox Avropa ölkəsinin Azərbaycanla əməkdaşlıq etdiyini və bu göstəricinin getdikcə artdığını göstərir. Bu yaxınlarda Yunanıstan-Bolqarıstan interkonnektorunun açılışını burada xüsusi ilə qeyd etmək olar. Artıq yeni interkonnektor sayəsində Azərbaycan Bolqarıstana da qaz nəql edə biləcək. Həmçinin Bolqarıstan vasitəsilə digər ölkələrə də Azərbaycan qazının nəqli imkanları nəzərdən keçirilir. Prezident İlham Əliyevin vurğuladığı kimi bütün interkonnektorlar bu ilin sonuna qədər inşa edilsə, Azərbaycan qazının Macarıstana və Serbiyaya nəqli mümkün olacaq. Bütün bunlar Azərbaycanın qaz ixracı coğrafiyasının yaxın dövr üçün daha da genişlənəciyindən xəbər verir”.
Qeyd edək ki. iyunun 3-dək davam edən Bakı Enerji Həftəsində 38 ölkədən 331 şirkət iştirak edib.