Azərbaycanın dünya miqyasında nüfuzu artır və beynəlxalq əlaqələrinin əhatə dairəsi daha da genişlənir. Prezident İlham Əliyevin müxtəlif ölkələrə ardıcıl səfərləri və ayrı-ayrı dövlətlərin başçılarının Azərbaycana səfərləri və eləcə də ölkəmizdə keçirilən beynəlxalq tədbirlər bunun bariz nümunəsidir. Eyni zamanda, Azərbaycanın rəhbərliyi ilə həyata keçirilən irimiqyaslı layihələr ölkəmizə olan marağın getdikcə daha da artdığının əyani göstəricisidir. Beləki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Litvaya rəsmi səfəri ölkəmizin xarici əlaqələrinin coğrafiyasının genişlənməsi baxımından mühüm əhəmiyyətə malikdir.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
O qeyd edib ki, səfər çərçivəsində bir sıra yüksək səviyyəli görüşlərin keçirilməsi və mühüm sənədlərin imzalanması iki ölkə arasında münasibətlərin daha da inkişaf etməsi və əməkdaşlıq çərçivəsinin daha da genişlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir: “Artıq Azərbaycan və Litva arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. İki ölkə arasında çox fəal siyasi dialoq aparılır və bu dialoq konkret nəticələrlə də tamamlanır. Siyasi müstəvidə əldə edilmiş razılaşmalar bütün digər sahələrə də öz müsbət təsirini göstərir. Sözsüz ki, Litva ilə ikitərəfli əməkdaşlıq eyni zamanda, Avropa İttifaqı-Azərbaycan çərçivəsində də önəmli rol oynayır. Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır. İxrac edilən qazın həcmi və Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmi ildən-ilə artır.Ölkəmizin mövcud müasir infrastrukturu buna imkan yaradır. Xəzər dənizini, Cənubi Qafqazı Baltik dənizi ölkələri ilə birləşdirən nəqliyyat marşrutları da bəllidir. Birgə səylərlə həmin birləşmə layihələrini həyata keçirərək bu sahədə də uğurlu əməkdaşlığa nail olunacaq”.
Çillət vəkili Prezident İlham Əliyevin Vilnüs şəhərində keçirilmiş Azərbaycan-Litva biznes forumunda çıxışına bir sıra məsələlərə toxunduğunu söyləyib: “Bir il ərzində ikinci dəfə ölkə başçılarının biznes forumunda çıxış etməsi iki ölkənin biznes subyektləri və sahibkarları arasında əlaqələrə verilən əhəmiyyətin əyani göstəricisi kimi qiymətləndirilib. Şübhəsiz ki, bu biznes forumu iki ölkənin biznes subyektləri arasında əlaqələrin qurulmasına və yeni biznes imkanlarının formalaşmasına ciddi təkan verəcək”.
Deputat hesab edir ki, mövcud olan iqtisadi, siyasi sabitlik nəticəsində ölkəmiz dünyada etibarlı tərəfdaş kimi qəbul olunur: “Sabitlik və uğurlu əməkdaşlığın təminatı olan iqtisadi inkişaf ölkəmizin mövqelərini daha da gücləndirib. Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu iqtisadi siyasətin nəticəsində mümkün olub. Təbii ki, Azərbaycan özünün inkişaf konsepsiyasına uyğun olaraq inkişaf edir və güclənir. Ölkəmizin iştirakı ilə reallığa çevrilən beynəlxalq layihələr bunun əyani təzahürüdür”.