Azərbaycan regionlararası əməkdaşlığın coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirmək niyyətindədir. Artıq bu coğrafiya Baltikyanı ölkələri əhatə edir. Azərbaycan və Litva bu mənada artıq öz regionlarında böyük rol oynayır. Bu hamıya aydındır. Prezident İlham Əliyevin Litvaya rəsmi səfəri təkcə ikitərəfli formatda deyil, həm də Avropa İttifaqı çərçivəsində əlaqələrin daha da genişlənməsinə güclü təkan verə biləcək mühüm addımdır. Bu baxımdan Litva Azərbaycanla Aİ arasında əməkdaşlığın inkişafına fəal kömək edən ölkələrdən biridir.
Bunu Siyasətinfoya Milli Məclisin komitə sədri, professor Hicran Hüseynova deyib.
O qeyd edib ki, mayın 22-də Prezident İlham Əliyevin Litvaya səfəri, keçirmiş olduğu görüşlər, verilən bəyanatlar mühüm əhəmiyyət kəsb edir: “Litva Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq münasibətlərinin tərəfdarıdır. Şərq Tərəfdaşlığı proqramı çərçivəsində də strateji tərəfdaşlığın inkişafı üçün yeni imkanlar var. Avropa İttifaqının Azərbaycanla enerji sahəsində əməkdaşlığa dair əldə etdiyi razılaşmalar bu mənada mühüm önəm kəsb edir. Bu əməkdaşlıq Avropa İttifaqının enerji bazarına müsbət təsir göstərir. Eyni zamanda Azərbaycan “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində həyata keçirilən layihələrin sayına görə Litvanın əsas tərəfdaşı hesab olunur. 2007-2022-ci illərdə Litva Azərbaycanda keçirilən 26 layihə seçimində iştirak edib və onlardan 17-də qalib gəlib”.
Professor bildirib ki, Prezident İlham Əliyevin vurğuladığı kimi ötən ilin mayında Litva prezidentinin Azərbaycana səfərindən iki ay sonra Bakıda Avropa Komissiyası ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanması mühüm tarixi hadisə idi: “Azərbaycan öz təbii qazını Avropa bazarlarına nəql etmək üçün çox ciddi addımlar atır. Nəql olunan, yəni ixrac olunan qazın həcmi ildən-ilə artır və bundan sonra da artacaq. Azərbaycan və Litvanın nəzərdən keçirdiyi yeni perspektivli layihələr iqtisadi əlaqələrin genişləndirilməsi baxımından böyük maraq doğurur. Azərbaycan dövlət başçısının Litva ilə tranzit daşımalar sahəsində əməkdaşlığın dərinləşdirilməsindən də böyük gözləntiləri var”.
Millət vəkilinə görə, Azərbaycanla Litva Avrasiya qitəsində daha rahat nəqliyyat-kommunikasiya imkanları üçün vacib tərəfdaşdır: “Hər iki ölkənin üzərinə qitələri birləşdirən kommunikasiya xətləri məsələsində böyük vəzifə düşür. Eyni zamanda Prezident İlham Əliyevin uzaqgörən və hərtərəfli siyasəti son illər Azərbaycanın onun avropalı tərəfdaşları arasında əməkdaşlığının daha da möhkəmlənməsinə imkan yaradıb. Avropanın müxtəlif ölkələrindən yüksək səviyyəli rəsmilərin və işgüzar nümayəndə heyətlərinin çoxsaylı səfərləri əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirib. Bu mənada ölkə başçısının da qeyd etdiyi kimi biznes strukturlarının birgə fəaliyyəti ikitərəfli ticarət dövriyyəsinin artmasına səbəb olacaq. Ötən ilin mayında Bakıda və bir il sonra, mayın 22-də Vilnüsdə iqtisadiyyatın müxtəlif sahələrində iştirak edən 80-ə qədər şirkətin iştirakı ilə keçirilən biznes forumlar buna qarşılıqlı marağı sübut edir”.
Hicran Hüseynova hesab edir ki, Bakı və Vilnüs ikitərəfli əlaqələrin daha da inkişafına ciddi yanaşır: “Bu, həm strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş siyasi münasibətlərin uğurla inkişafı, həm də iqtisadi əməkdaşlığın genişləndirilməsində möhkəm baza və qarşılıqlı maraq doğurur. Azərbaycan Litva üçün Cənubi Qafqaz regionunda mühüm tərəfdaşdır. Litva öz növbəsində Baltikyanı regionda Azərbaycan üçün imkanlar pəncərəsini genişləndirir. Artıq konkret razılaşmalar və potensial konturlar müəyyən edilib. Bundan sonra isə gələcək qarşılıqlı əlaqəni konkret məzmunla doldurmaq qalıb. Azərbaycan üçün Litva Qərbə, Azərbaycan isə Litva üçün Şərqə açılan qapıdır. Bu isə daha geniş regionda bütün maraqlı tərəflər üçün perspektivli imkanlar açır”.