Azərbaycan beynəlxalq müstəvidə əlaqələrini genişləndirir. Ölkəmiz bu istiqamətdə uğurlu xarici siyasət həyata keçirir. Sözsüz ki, Azərbaycan dünyanın bir çox dövlətləri ilə münasibətlərin inkişafı yönündə mühüm addımlar atıb vacib, nəticələr əldə edib. Bu mənada Azərbaycan-Litva münasibətlərinin xarakteri mühüm əhəmiyyətə malikdir.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, mayın 22-də Prezident İlham Əliyevin Litvaya rəsmi səfəri bu ölkə ilə mövcud əlaqələrin dinamik inkişafından xəbər verir: “Ölkələrimiz arasında bir çox sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticari, turizm, mədəniyyət, təhsil sahəsində əməkdaşlıq mövcuddur. Bu əlaqələr dinamik olaraq inkişaf edir. Artıq Azərbaycanla Litva arasında ikitərəfli münasibətlərdə hüquqi baza formalaşıb. İki dövlət arasında əldə edilən razılaşmalar və sənədlər bu məsələlərdə müsbət təsirə malikdir. Eyni zamanda davamlı olaraq hər iki ölkə əlaqələrin inkişafında maraqlı olduğunu nümayiş etdirir”.
Millət vəkili hesab edir ki, ölkələrin münasibətləri əlaqələrin daha dinamik şəkil almasına xidmət edir: “Təbii ki, dövlət başçıları səviyyəsində təşkil olunan qarşılıqlı səfərlər əlaqələrin daha da sıxlaşmasına və möhkəmlənməsinə müsbət təsir göstərir. Ötən ilin may ayında Litva prezidenti Gitanas Nausedanın ölkəmizə rəsmi səfər bu baxımdan vacib əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin Litvaya rəsmi səfəri zamanı Vilnüsdə ölkə başçılarının mətbuata birgə bəyanatları zamanı da bir sıra vacib mesajlar verilib. Prezident İlham Əliyev regionda real vəziyyət, Azərbaycanın sülh və əməkdaşlıq təşəbbüsləri haqqında fikirlərini çatdırıb. Vurğulanıb ki, Azərbaycan Cənubi Qafqazın sülh və əməkdaşlıq məkanı kimi formalaşmasına çalışır. Artıq Azərbaycan öz ərazi bütövlüyünü təmin etdikdən sonra bu bölgədə sülh üçün başlıca zəmin yaranıb. Sadəcə olaraq özünün işğalçı mahiyyətindən uzaqlaşa bilməyən Ermənistan indiyə qədər Cənubi Qafqazda sülhün və əməkdaşlığın qurulmasına yenə də maneə olmağa çalışır”.
Deputat deyib ki, Ermənistanın bütün cəhdlərinə baxmayaraq Cənubi Qafqazda sülh və təhlükəsizlik təmin olunacaq: “Azərbaycanın bu istiqamətdəki təşəbbüsləri nəhayət özünün məntiqi sonluğuna çatacaq. Bütün bunlarla yanaşı Azərbaycan bu gün regional və qlobal miqyasda bir sıra iri layihələrin icraçısı və təşəbbüskarıdır. Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində olan əməkdaşlıq bunun bariz nümunəsidir. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır”.
Məlahət İbrahimqızına görə, perspektivli əməkdaşlıq istiqaməti sahələrində o cümlədən Litvada və Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması ilə bağlı hər iki tərəf paralel iş aparır:
“Sözsüz ki, hər iki tərəfdə bu sahəyə böyük maraq var. Eyni zamanda Avrasiya qitəsində daha rahat nəqliyyat-kommunikasiya imkanlarını yaratmaq üçün ölkələrimizin üzərinə böyük vəzifələr düşür Azərbaycan ərazisindən keçən tranzit yükləri, mövcud müasir infrastruktur, Xəzər dənizi ilə Cənubi Qafqazı Baltik dənizi ölkələri ilə birləşdirən nəqliyyat marşurutları geniş imkanlar açır. Bütün bunlar onu deməyə əsas verir ki, birgə səylərlə qarşıya qoyulan bütün hədəflərə nail olmaq mümkündür. Bunun üçün hər iki ölkə arasında olan münasibətlər və liderlərin konkret mövqeyi olduqca önəmlidir”.