
II Qarabağ müharibəsindən sonra Ermənistanın Azərbaycana və xalqımıza qarşı terror siyasəti davam edir. Özünün terrorçu, cinayətkar mahiyyətindən uzaqlaşa bilməyən Ermənistan insanlıq əleyhinə olan addımlarından imtina etmir. Müharibədən sonra Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana verməkdən imtina etməklə bir daha özünün çirkin xarakterini nümayiş etdirdi. Bütün təzyiqlər fonunda erməni tərəfinin nəhayət təqdim etdiyi mina xəritələrinin doğruluğu isə 25 faiz təşkil edib. Bu isə azad olmuş ərazilərdə hələ də insanlıq əleyhinə hərbi cinayətlərin davam etdiyinin bazir nümunəsidir.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, 10 noyabr 2020-ci ildə əldə edilmiş razılaşmaya uyğun olaraq Ermənistan ərazilərimizdə qalmış silahlı qüvvələri tamamilə çıxarmalı idi: “Laçın yolundan isə erməni tərəfi ancaq silah-sursat, mina, terrorçu daşıyıb. Ona görə də, Azərbaycan tərəfi haqlı olaraq bu cür qanunsuzluqlara son qoymağı tələb edirdi. Son olaraq isə Azərbaycan özünün fundamental hüquqlarına əsasən Laçın-Xankəndi yolunun girişində sərhəd-buraxılış postu qurmalı oldu. Bununla da əraziyə qanunsuz daxilolmaların, Qarabağa aid olmayan şəxslərin bu bölgəyə keçməsinə son qoyuldu”.
Deputat bildirib ki, üçtərəfli bəyanatın imzalanmasından keçən iki il yarım müddət ərzində Laçın yolundan Ermənistan tərəfindən genişmiqyaslı sui-istifadə edilib: “Ermənistan tərəfindən bu yoldan minalar daşınaraq sonradan Azərbaycanın suveren ərazilərində basdırılması xüsusilə ağır fəsadlara səbəb olub. 2022-ci ilin avqust ayından etibarən Laçın və Kəlbəcər rayonlarının ərazisində 2021-ci il Ermənistan istehsalı olan 2700-dən çox piyada əleyhinə mina aşkar edilib. Aydındır ki, bu minalar Üçtərəfli bəyanata zidd olaraq, Azərbaycan ərazisinə məhz Laçın yolu vasitəsilə daşınıb. Sonuncu dəfə, 22 aprel 2023-cü il tarixində Azərbaycan Ordusunun hərbi yük maşını ermənilər tərəfindən basdırılmış 2021-ci il istehsalı minaya düşərək partlayıb və 3 nəfər hərbi qulluqçumuz yaralanıb. Müharibənin sonundan etibarən 294 nəfər azərbaycanlı mina qurbanı olub. Bununla yanaşı, 22 aprel tarixində Ermənistana məxsus yük avtomobilləri ilə iki ədəd hərbi məqsədlər üçün yaşayış konteynerlərinin və hərbi avtomobillər konvoyunun Üçtərəfli bəyanata və beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq Azərbaycan ərazisinə keçirildiyi faktları aşkarlanıb”.
Millət vəkili 28 aprel 2023-cü il tarixində Tərtər rayonunda mina partlayışı nəticəsində 3 nəfər mülki şəxsin həlak olmasının növbəti erməni terroru olduğunu bildirib: “2020-ci ildə 44 günlük Vətən müharibəsindən indiyə qədər ümumilikdə 298 nəfər mina qurbanı olmuş, onlardan 54 nəfər həlak olub. Tərtərdə baş verən mina partlayışı bir daha onu göstərir ki, Azərbaycana yararlı və düzgün mina xəritələrini təqdim etməyən, üçtərəfli bəyanatın 6-cı bəndini kobudcasına pozaraq Azərbaycan ərazisində hərbi fəaliyyəti və minaların yerləşdirməsini davam etdirən Ermənistanın əsas məqsədi post-münaqişə dövründə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, bu ərazilərdə fəaliyyət göstərən mülki əhaliyə, habelə məcburi köçkünlərin geri qayıtmasına və öz yerlərində dinc yaşamasına maneçilik yaratmaqdır”.