Mayın 2-də Azərbaycan Ağsaqqallar Şurası, Azərbaycan Kooperasiya Universiteti və Azərbaycan İqtisadçılar İttifaqının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və müasir Türk dünyası” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.
Siyasətinfo xəbər verir ki, tədbirdən əvvəl konfrans iştirakçıları Fəxri xiyabanda müasir, müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Şimali Kipr Türk Respublikası, Pakistan və Gürcüstandan olan görkəmli alimlərin, ictimai-siyasi xadimlərin, eləcə də respublikamızın tanınmış alimlərinin, ziyalıların iştirakı ilə keçirilən beynəlxalq elmi konfransın plenar iclası Azərbaycanın Dövlət Himnin səsləndirilməsi ilə başlayıb.
Sonra Ulu Öndər Heydər Əliyevin keçdiyi şərəfli ömür yolunu və Türk dünyasının müasir əlaqələrini özündə əks etdirən videoçarx nümayiş olunub.
Konfransın təşkilat komitəsinin sədri, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, Milli Məclisin hesablayıcı komissiyasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyev giriş nitqi ilə çıxış edib.
Tədbirdə, həmçinin elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan İqtisadçılar İttifaqının sədri, Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə, Türk Dövlətləri Təşkilatının baş katibinin müavini Yerjan Mukaş, Özbəkistanın Qəhrəman Ali Məclisinin senatoru, respublika veteranlarının ictimai fəaliyyətinin dəstəklənməsi üzrə “Nuraniy” Fondunun İdarə Heyətinin sədri Sodiqjon Turdiyev, Türkiyənin görkəmli yazıçısı, publisist İmbat Muğlu, Qazaxıstanın Senatorlar Şurasının üzvü, TDT Ağsaqqallar Şurasının üzvü İkram Adırbek, Qırğız Respublikasının Qəhrəmanı, parlamentin sabiq spikeri, TDT Ağsaqqallar Şurasının üzvü Medetxan Şerimkulov, Şimali Kipr Türk Respublikasının tanınmış ictimai-siyasi xadimi, görkəmli yazıçı, TDT Ağsaqqallar Şurasının üzvü Tansel Fikri, filologiya elmlər doktoru professor, Qazaxıstanın Adil Axmet və digərləri çıxış ediblər.
Çıxışlarda görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın və Türk dünyasının çoxəsrlik dövlətçilik tarixinin nadir simalarından biri olduğu, Ulu Öndər Heydər Əliyevin yaşadığı dövrün real mahiyyətini dərindən görərək özünün aydın siyasi mövqeyi, möhkəm iradəsi və uzaqgörənliyi ilə zamanı irəli aparmaq qüdrətinə malik olduğu vurğulanıb.
Konfransda Azərbaycanın Türk dünyası ilə əlaqələrinin qurulmasında, münasibətlərin dərinləşməsində, habelə ölkəmizdəki tolerantlıq mühiti və azərbaycançılıq ideologiyasının inkişafında Heydər Əliyevin əvəzsiz xidmətləri xüsusi qeyd edilib.
Plenar iclasdan sonra konfrans işini bölmələr üzrə davam etdirib.
Sonda bölmə rəhbərlərinin hesabatları təşkilat komitəsi tərəfindən qəbul olunub, irəli sürülən təklif və tövsiyələr nəzərə alınmaqla məruzələr, məqalələr və tezislərin toplu şəklində çap edilməsi qərara alınıb.
Bununla da konfrans öz işini yekunlaşdırıb.