
Fransanın Azərbaycanla bağlı hər hansı bir məsələyə şərh verməsi, münasibət bildirməsi məntiqdən və reallıqdan uzaqdır. Rəsmi Paris özünün dövlət və konyuktur maraqlarına görə başqa bir dövlətin daxili işlərinə qarışa bilməz. Azərbaycan müstəqil dövlət kimi dünya birliyinin layiqli üzvüdür. Ölkəmiz bütün tərəfdaşları və dünya ölkələri ilə ancaq qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında münasibətlər qurur. Bu mənada Fransanın oturub-durub Azərbaycanı ittiham etməsi, heç bir əsas olmadan ölkəmizlə bağlı “şərhlər” verməsi yersizdir və beynbəlxalq münasibətlər sistemində formalaşmış etnik qaydalardan tamam uzqdır.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, erməni lobbisinin maliyyə yardımları ilə və diktəsi ilə hərəkət edən Fransa hakimiyyəti məsuliyyət anlayışını belə itirib: “Gecə- gündüz ancaq Ermənistan və erməni lobbisinin maraqları ilə yaşayan Emmanuel Makron hakimiyyəti və onun erməniləşmiş komandası reallıq hissini belə unudub. Ermənidən daha çox erməni olmaq Paris hakimiyyəti üçün uçuruma yönələn bir yoldur. Fransanın öz maraqları qalıb bir kənarda, ancaq Ermənistanı və erməniləri düşünmək açıq riyakarlığın və qərəzli psixoloji sindiromun mahiyyəti ilə izah oluna bilər”.

Deputat hesab edir ki, Azərbaycan dünyanın bir çox yerlərinə münasibətdə xarici siyasəti iflasa uğramış Fransanın bölgəmizdə destruktiv fəaliyyətinə son qoyulmasını tələb edir: “Fransa bu regionla bağlı birtərəfli yanaşmasından əl çəkməlidir. Bəlkə də Fransa tarixində bu ölkə heç bu qədər rəzil bir duruma düşməmişdi. Vaxtilə böyük mütəfəkkirlər, fikir, ideya sahibləri yetirmiş fransız xalqı görünür Makron kimilərindən də dalı deyilmiş. Fransa başqa dövlətlərin və xalqların daxili işlərinə qarışmaqdansa, özünün qanlı keçmişinə, soyqırım cinayətlərinə görə utanması lazımdır. Afrikada Fransanın həyata keçirdiyi soyqırım, etnik təmizləmə, ancaq mənfəət əldə etmək naminə xalqları qul, kölə halına salmaq siyasəti hamıya məlumdur. Müasir dünyada neokolonializm siyasətinin ən bariz nümunəsini də Fransa həyata keçirir. Ona görə dəı, bu qədər çirkaba batmış bir ölkənin Azərbaycana hədəfə alması açıq riyakarlığın nümunəsidir”.
Millət vəkili bildirib ki, Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baronun Azərbaycan əleyhinə səsləndirdiyi fikirlər tamamilə qərəz və erməni lobbisinin tezisləri əsasənda qurulmuş mövqeyə əsaslanır: “Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baronun “France Inter” kanalına müsahibəsi zamanı “Azərbaycanın Ermənistana münasibətdə beynəlxalq hüququ pozduğunu” bildirməsi bu ölkənin Azərbaycana qarşı növbəti əsassız və qərəzli, düşmən münasibətinin göstəricisidir. Bu sözsüz ki, beynəlxalq hüquqa zidd olmaqla yanaşı, dayaz və səthi düşüncənin bariz nümunəsidir. Ölkəmizin beynəlxalq hüquqa zidd davrandığını iddia etmək absurddur. Çünki Fransa kimi bir ölkənin bunun əksini sübut edəcək heç bir dəlili yoxdur. Maraqlıdır ki, özünü beynəxalq hüququn təbliğatçısı və ədalətin təminatçısı kimi təqdim edən Fransa heç zaman Azərbaycana münasibətdə beynəlxalq hüququn bütün norma və prinsiplərini kobud şəkildə pozulmasını tənqid etməyib. Bir milyona yaxın azərbaycanlını öz doğma yurd-yuvasından didərgin salmıış, kütləvi qırğınlar və insanlığa qarşı cinayətlər törətmiş, Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya edilmiş yüz minlərlə azərbaycanılının qayıdış hüququnu heçə sayan Ermənistanı qurban kimi təqdim etmək yanlış siyasətdən xəbər verir”.