Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Ölkəmizin həyata keçirdiyi uğurlu enerji strategiyası onun bu istiqamətdə etibarlı tərəfdaşa çevrilməsini təmin edib. Sözsüz ki, Avropa Azərbaycanla münasibətlərə və əməkdaşlığa xüsusi önəm verir. Məhz bu baxımdan da bir neçə il bundan əvvəl Cənub Qaz Dəhlizinin istismara verilməsi ölkəmizi Avropanın enerji təminatında mühüm faktora çevrilməsinə zəmin yaradıb.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Azərbaycan Avropa ilə enerji siyasəti ilə yanaşı bir sıra digər sahələrdə də etibarlı tərəfdaşlığa malikdir: “Məhz bu konteksdə Prezident İlham Əliyevin Bolqarıstana səfəri mühüm önəm kəsb edir. Dövlətimizin başçısının bu səfəri çərçivəsində “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan), “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”u imzalanıb. Bu sənəd enerji resurslarının şaxələndirilməsi, enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində atılmış vacib addım hesab edilir”.
Millət vəkili Azərbaycan-Bolqarıstan münasibətlərinin tarixindən bəhs edib: “İki ölkə arasında münasibətlər hər zaman yüksək səviyyədə olub. Bu müsbət dinamika hazırkı dövrə qədər davam edir. Azərbaycanla Bolqarıstan arasında diplomatik münasibətlər 1992-ci il iyunun 5-də qurulub. Ötən il ölkələrimiz arasında əlaqələrin yaradılmasının 30-cu ildönümü qeyd edildi. Bu müddət ərzində qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan münasibətləri siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf edib. Ölkələrimiz arasında səmərəli əməkdaşlıq mühiti yaranıb. Təbii ki, Azərbaycan-Bolqarıstan münasibətləri Prezident İlham Əliyevin 2015-ci ildə Sofiyaya rəsmi səfəri zamanı Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ilə keyfiyyətcə daha yüksək mərhələyə yüksəlmiş olub. Məhz bu Birgə Bəyannaməyə əsasən, Azərbaycan-Bolqarıstan Strateji Dialoqu təsis edilib. Bu Strateji Dialoqun birinci iclası 2018-ci ildə, ikinci iclası isə 2022-ci ildə keçirilib. Eyni zamanda bu ilin aprel ayının 25-də imzlanan Anlaşma Memorandumu “Həmrəylik Halqası” təşəbbüsünün reallaşması üçün böyük əhəmiyyət kəsb edir”.
Məlahət İbrahimqızına görə, Azərbaycanın enerji sahəsində həyata keçirdiyi siyasət bu gün bir çox ölkələr və təşkilatlar üçün açıq nümunədir: “Dünyanın bir çox ölkələri Azərbaycanın enerji diplomatiyasından bəhrələnməyə çalışır. Azərbaycan bu sahədə meqalayihələrin uğurla icra olunduğu ölkə kimi tanınır. Neft-qaz, yaşıl enerji layihələri də ölkəmizdə uğurla icra edilir. Bütün bunlar Avrasiyanın enerji xəritəsinin yenidən cızılmasında Azərbaycan vacib tərəfdaşlardan biridir”.