“2018-ci il aprelin 11-də Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçildi. O, sayca 8-ci olan növbədənkənar prezident seçkilərində Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin – 86,02 faizinin səsini alaraq parlaq qələbə qazandı. Bununla da Azərbaycan xalqı növbəti dəfə öz səsini ölkədə sabitliyin qorunmasına verərək Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bir daha dəstəklədi. İlk dəfə 2003-cü ilin oktyabrın 15-də ölkə rəhbəri seçilən cənab İlham Əliyevə xalqın növbəti seçkilərdə də səs verməsi ona artan etimadın bariz nümunəsi idi. Keçən müddət ərzində ölkə rəhbəri çox böyük uğurlara imza atıb. Azərbaycanda müstəqil dövlət quruculuğu prosesi yeni dinamika alıb. Bütün istiqamətlər üzrə ciddi nailiyyətlər əldə edilib. Daxili və xarici siyasətin tam vəhdəti təmin edilib. Ölkəmiz hazırda sabit şəraitdə sürətli inkişafını davam etdirir. Özü də bu, bütün dünyada müxtəlif sahələrdə özünü göstərən böhranların fonunda baş verir”.
Bunu Siyasetinfoya açıqlamasında politoloq Ramiz Alıyev bildirib.
Onun sözlərinə görə, hətta bir çox opponentlər növbədənkənar president seçkilərinin keçirilməsinin əsl səbəbini bilməyərək onu yanlış istiqamətlərə yozmağa çalışırdılar: “Amma zaman göstərdi ki, president seçkilərinin vaxtından öncə keçirilməsi uzaqgörən siyasətin nəticəsi idi. Növbədənkənar prezident seçkilərinin keçirilməsini şərtləndirən amillər ilk növbədə Azərbaycan ərazilərinin uzun illər boyu davam edən işğalına tezliklə son qoymaq üçün dövlətin daha da gücləndirilməsinə, ölkə daxilində islahatları sürətləndirərək çevik idarəetmənin qurulmasına, millətin hakimiyyətə etimadının bir daha sınaqdan çıxarılmasına, güvənməsinə əmin olmaqdan ötrü növbədənkənar seçkilərin keçirilməsi zəruri idi. Yaranmış mürəkkəb beynəlxalq şərait, müxtəlif dövlətlər arasında münasibətlərin gərginləşməsi çevik addımların atılmasını labüd edirdi”.
Politoloqa görə, cənab İlham Əliyevin Azərbaycan dövlətinə başçılıq etdiyi dövrə nəzər salanda bütün sahələrdə nə qədər böyük inkişafın getdiyinin şahidi oluruq: “Prezident cənab İlham Əliyev davamlı olaraq iqtisadiyyat sahəsində islahatların təşəbbüskarı kimi çıxış edir. 2003-2018-ci illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olub. Bu dövrdə ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə, strateji valyuta ehtiyatları 26.6 dəfə artıb. Xarici ticarət dövriyyəsi 4,6 dəfə, ixracın həcmi altı dəfə artıb. Regionlarda ümumi məhsul buraxılışının artımı 3,6 dəfəyə bərabər olub. Əhalinin nominal gəlirləri 8.6 dəfə, minimum əməkhaqqı 12.9 dəfə artıb. 1 958 400 yeni iş yeri açılıb, 326.6 min nəfərə ünvanlı dövlət sosial yardımı verilib. İşsizliyin səviyyəsi 9.2 faizdən 5 faizə, yoxsulluğun səviyyəsi 44.7 faizdən 5.4 faizə enib, 245 min nəfər məcburi köçkün mənzillə təmin olunub. Həmin illərdə maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb, 3100-dən çox məktəb və 640-dan çox xəstəxana tikilib və təmir edilib. Bölgələrdə 43 Olimpiya İdman Mərkəzi yaradılıb.
Cənab İlham Əliyev Azərbaycana Prezident kimi rəhbərlik etdiyi 20 ildə Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib və ən əsası 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edilib.
Prezidentin rəhbərliyi ilə ölkədə iqtisadi sahələrdə əldə edilən uğur və tərəqqi digər sahələrin inkişafına da təsir göstərib. Güclü iqtisadi tərəqqi güclü ordunun yaradılmasına təkan oldu. Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülmüş işlər sayəsində Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alib”.
R.Alıyev bildirdi ki, bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin əsas hədəfi işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad edilməsi idi: “2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Prezident kimi gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı. Prezidentin effektiv siyasəti, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı Qalib ölkəyə çevirdi. Ərazi bütövlüyümüzün bərpa olunması Prezident cənab İlham Əliyevin siyasətinin şah əsərinə çevrildi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Bu qayıdış Böyük Qayıdış olmaqla təkcə azərbaycanlıların Qarabağa deyil, vaxtilə deportasiya edildikləri bütün tarixi torpaqlarına qayıdışını əhatə edəcəkdir”.
Həmsöhbətimiz qeyd etdi ki, 2018-ci ildə keçirilmiş seçkilərin nəticələri bir daha göstərdi ki, radikalların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur: “2018-ci ildə Azərbaycan xalqı Prezident cənab İlham Əliyevə səs verməklə ölkədə aparılan demokratik islahatlara səs vermiş oldu. Demokratik institutların inkişafı ilə bağlı siyasət davamlı olaraq reallaşdırılır. Siyasi müstəqillik sayəsində Azərbaycan xalqı öz taleyinin sahibidir”