Prezident İlham Əliyevin aprelin 10-da Qazaxıstana rəsmi səfəri mühüm əhəmiyyət kəsb edir. Bu iki ölkə arasında dostluq və qardaşlıq əlaqələrinə, münasibətlərin bundan sonrakı müstəvidə inkişafına müsbət təsir edəcək. Ölkə başçısının Qazaxıstana səfəri zamanı da hər iki ölkənin rəhbəri qarşılıqlı əlaqələrin inkişafı ilə bağlı ətraflı müzakirə aparıb. Bu da öz növbəsində əlaqələrimizə yeni çalarların əlavə olunmasında vacib rol oynayacaq. Sözsüz ki, hazırda Azərbaycanla Qazaxıstan arasında münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Bunun fonunda iki dost, qardaş ölkə arasında əlaqələrin bundan sonra daha da güclənməsinə böyük önəm verilir.
Bunu Siyasetinfoya Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.
Professor ötən ilin avqustunda Azərbaycanla Qazaxıstan arasında strateji münasibətlərin və müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi haqqında imzalanan Bəyannamənin əhəmiyyətindən bəhs edib: “Bu sənəd iki ölkə arasında münasibətlərin xarakterinə və formasına zəmanət verir. Çünki iki dövlət arasında strateji müttəfiqlik artıq qarşılıqlı fəaliyyətin ən yüksək səviyyəsi hesab edilir. Azərbaycan Prezidentinin aprelin 10-da Astanaya səfəri və imzalanan sənədlər qarşılıqlı əlaqələrin hüquqi bazasınıın güclənməsinə xidmət edir. Dövlət başçılarının mətbuata bəyanatında Prezident İlham Əliyevin dediyi kimi, “ölkələrimiz arasında müttəfiqlik münasibətləri bizim qarşılıqlı fəaliyyətimizin gələcək inkişafının möhkəm təməlidir. Bu gün biz bu təməli konkret məzmunla zənginləşdiririk və ötən ilin avqust ayında Bakıda qəbul edilmiş qərarlar bu gün artıq reallaşır”.
Millət vəkili bildirib ki, son dövrlər Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən regionun türk dövlətləri ilə münasibətlərə böyük önəm verir: “Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri artıq müntəzəm xarakter almaqla əlaqələrin daha da intensivləşməsinə zəmin yaradıb. Bu amil ölkələrarası əlaqələrin bundan sonrakı inkişafı istiqamətində, yeni əməkdaşlıq imkanlarının formalaşmasına imkanlar açmış olur. Təbii ki, Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biri də dost, qardaş Qazaxıstan dövlətidir. Azərbaycan və qazax xalqları arasında tarixi, mədəni və dini ortaqlıqlar mövcuddur. Bu da öz növbəsində iki ölkə arasındakı əlaqələrin ənənəvi dostluq və qardaşlıq münasibətlərinə müsbət təsir edir. Bu gün Qazaxıstanda iki yüz minə qədər azərbaycanlı yaşayır ki, onlar bu ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində aktiv şəkildə təmsil olunur, çalışır. Azərbaycanla Qazaxıstan arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da qurulub. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri açılıb. 2008-ci ilin sentyabrında Azərbaycanın Qazaxıstanın Aktau şəhərində baş konsulluğu fəaliyyətə başlayıb. Eyni zamanda ötən il 13-14 oktyabr tarixlərində Prezident İlham Əliyev Qazaxıstanda səfərdə olub. Azərbaycan Prezidenti Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin VI Zirvə Toplantısında, həmçinin Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında iştirak edib. Həmçinin ötən il avqustun 24-də isə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkəmizdə rəsmi səfərdə olub. Təbii ki, dövlət başçılarının qarşılıqlı səfələri münasibətlərin xarakterinə mühüm töhfə verən amillərdəndir”.
Deputat bütün bunlarla yanaşı Qazaxıstanda Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş sənədli film çəkilib, nümayiş olunmasının yüksək diqqətə layiq olduğunu söyləyib: “Bu, qazax xalqının Ümummilli Liderə Heydər Əliyevə verdiyi böyük dəyərin və qiymətin bariz nümunəsi hesab edilir. Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sənədli filmdə Qazaxıstan-Azərbaycan dostluq münasibətlərinin inkişafında Ümummilli Liderin xidmətlərindən bəhs edilir. Ekran əsərində hər iki ölkənin siyasi, dövlət və ictimai xadimlərinin Ulu Öndərlə bağlı xatirələri əksini tapıb. Müəllifi jurnalist Asimə Nurbayevna olan filmin çəkilişləri Astana, Aktau və Bakıda aparılıb”.
Eldar Quliyev vurğulayıb ki, paytaxt Astananın mərkəzi küçələrindən birində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adına küçə var: “Bununla yanaşı iki ölkə arasında əməkdaşlıq xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində daha geniş spektora inkişaf etdirilir. Azərbaycan və Qazaxıstan TDT çərçivəsində əməkdaşlıq sahələrinin genişləndirilməsində, inkişaf etdirilməsində öz mövqeyini və iradəsini ortaya qoyub. Bütün bu amillər soykök və ortaq tarixi-mədəni əlaqələr müstəvisində ölkələrimiz və xalqlarımız arasında yüksək münasibətin olmasının bariz nümunəsi kimi dəyərləndirilir”.