Ermənistan yenə sülh əvəzinə təxribatı seçdi. Qarşı tərəf ötən gün Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Bu təxribat nəticəsində təəssüf ki, Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb. Allah şəhidlərimizə rəhmət eləsin. Təbii ki, şəhidlərimizin qanı yerdə qalmayacaq. Ermənistan növbəti təxribatına və cinayətinə görə mütləq cavab verir və verəcək.
Bunu Siyasetinfoya Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
O qeyd edib ki, işğalçı ölkə bu cür təxribatlara əl atmaqla sülhdə maraqlı olmadığını bir daha təsdiqlədi: “Beynəlxalq ictimaiyyət tərəfindən sülh sazişi üzrə danışıqlara ciddi çağırışlar fonunda Ermənistanın bu cür təxribatlar törətməsi sadəcə, təəssüf doğurur.
Rəsmi Bakı haqlı olaraq Ermənistanın bu davranışını
nəinki Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini pozulması, eyni zamanda regional sülh və təhlükəsizliyə ciddi şəkildə təhdid hesab edir.
Təbii ki, Ermənistanın bu əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınanılmalıdır”.
Deputat vurğulayıb ki, Azərbaycan Ordusu bütün lazımı tədbirləri görür və bundan sonra da görəcək: “Ümumiyyətlə, Ermənistanın son zamanlar yürütdüyü siyasət, Paşinyanın təxribatçı açıqlamaları yeni təxribatların və insidentlərin qaçılmaz olduğunu göstərir.
Avropa İttifaqının “mülki”
missiyasının Ermənistana gəlməsi bu ölkənin hakimiyyətini cəsarətləndirib. Ermənistanın siyasi və hərbi rəhbərliyi güman edir ki, Aİ missiyasının bu ölkədə olması onlara öz yersiz iddialarını gerçəkləşdirmək üçün zəmin yaradıb. Amma Azərbaycan tərəfi bu regionun lokomativi kimi bütün prosesləri nəzarətdə saxlamaq əzmindədir. Hazırda vəziyyət Azərbaycan Ordusunun nəzarəti altındadır.
Bölgədə baş verən bütün təxribatlara görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür”