Azərbaycanla Tacikistan arasında münasibətlərin xüsusi xarakteri mövcuddur. Hər iki ölkə arasında əlaqələr dostluq və səmimiyyət üzərində qurulub. Ölkələrimiz həm ikitərəfli, həm də çoxtərfli münasibətlər konseptində bir-birinin maraqlarını müdafiə edir. Bu baxımdan da hər iki dövlət arasında əlaqələr günü-gündən möhkəmlənir, inkişaf edir. Sözsüz ki, bu cür səmimi əlaqələr münasibətlərin digər xarakterik cəhətləri üçün də əsas baza rolunu oynamış olur.
Bunu Siyasetinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Azərbaycan-Tacikistan münasibətlərinin bundan sonrakı inkişafında, əlaqələrin daha geniş spektorda inkişafında Prezidenti İlham Əliyevin bu ölkəyə səfəri və əldə edilən vacib razılaşmalar, imzalanan yeni sənədlər mühüm tarixi önəmə malikdir: “Prezident İlham Əliyevin Tacikistana səfəri çərçivəsində keçirilən görüşlər, aparılan müzakirələr dostluq münasibətlərinin yüksək səviyyədə olduğunun bariz nümunəsidir. Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti əsasında baş tutan səfər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 31-ci ildönümünə təsadüf etməsi xüsusi ilə qeyd edilməlidir”.
Deputat ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlərin xarakterinin birləşdirdiyini söyləyib: “Təbii ki, Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıq mövcuddur. Bu da dövlətlər arasında əlaqələrin əsasını təşkil edir. İki ölkə arasında ümumilikdə bir çox sənədlər, o cümlədən 2007-ci il martın 15-də “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb. Eyni zamanda Azərbaycan Milli Məclisində Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Tacikistan Ali Məclisinin hər iki palatasında da Azərbaycan Milli Məclisi ilə parlamentlərarası dostluq və əməkdaşlıq qrupu mövcuddur. Bütün bunlar Azərbaycanla Tacikistan arasında münasibətlərin fundamental əsaslarla, qarşıdakı perspektivdə şaxələndirilmiş şəkildə inkişafını təmin edən başlıca amillər hesab edilir”.
Millət vəkili hesab edir ki, Azərbaycan və Tacikistan prezidentləri həm təkbətək, həm də geniş tərkibdə görüşləri zamanı qarşılıqlı əməkdaşlığın inkişafına dair faydalı müzakirələr aparılıb: “Hər iki ölkə başçısının mətbuata vermis olduğu birgə bəyanatda da əldə edilən razılaşmaların və əlaqələrin bundan sonrakı inkişafında müəyyənləşən strateji xəttin əsas mahiyyətini aydın görmək mümkün olur”.
Məlahət İbrahimqızına görə, sözsüz ki, iki dövlət arasında imzalanmış sənədlər qarşılıqlı münasibətlərin daha geniş formada inkişafına zəmin olacaq: “Xüsusəndə imzalanmış sənədlər arasında “Şuşa şəhəri ilə Tacikistanın İsfara şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol” da mühüm önəm kəsb edir. Bu fakt işğaldan azad edilmiş ərazilərlə bağlı beynəlxalq birliyin Azərbaycanın ərazi bütövlüyünə olan münasibətinin birmənalı təzahürü kimi də dəyərləndirilir”