Azərbaycanla Tacikistan münasibətlərinin tarixi xalqlarımız arasında olan bağlar xüsusi xarakterə malikdir. Hər iki dövlət arasında münasibətlər hər zaman qarşılıqlı maraqlara və səmimiyyətə əsaslanıb. Bu amillər isə dövlətlərin bir-birinin maraqlarını müxtəlif platformalarda açıq müstəvilərdə müdafəsini təmin etməyə imkan yaradıb. Ölkələrimiz həm ikitərəfli, həm də çoxtərfli münasibətlər konseptində sıx əməkdaşlığa malikdir. Sözsüz ki, müasir çağırışlara uyğun olaraq qurulan əlaqələrin bundan sonrakı dövr üçün konsepsiyası, inkişafa, tərəqqiyə əsaslanır.
Bunu Siyasetinfoya Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
Deputat hesab edir ki, Prezident İlham Əliyevin Tacikistana səfəri əldə edilən vacib razılaşmalar, imzalanan yeni vacib sənədlər mühüm əhəmiyyət kəsb edir: “Azərbaycan Prezidentinin Tacikistana səfəri zamanı keçirilən yüksək səviyyəli görüşlər, müzakirələr əlaqələrin bundan sonrakı inkişafında vacib amil kimi qiymətləndirilir. İki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 31-ci ildönümündə bu səfərin baş tutması xüsusi ilə diqqəti cəlb edir. Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti Azərbaycanın Prezidentinin bu ölkəyə baş tutan səfəri münasibətlərin inkişafına yeni çalarlar əlavə etmiş olacaq”.
Millət vəkili Azərbaycanla Tacikistan arasında tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlərin xarakterinin mahiyyətinə toxunub: “Azərbaycan və tacik xalqları tarixi, mədəni və dini və bir çox məsələlərdə ortaq cəhətlərlə bir-birinə bağlıdır. Bu amil dövlətlər arasında əlaqələrin formalaşmasına və inkişafına da təsirsiz ötüşmür. İki ölkə arasında ümumilikdə bir çox sənədlər, o cümlədən 2007-ci il martın 15-də “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb. Eyni zamanda Azərbaycan Milli Məclisində Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Tacikistan Ali Məclisinin hər iki palatasında da Azərbaycan Milli Məclisi ilə parlamentlərarası dostluq və əməkdaşlıq qrupu mövcuddur”.
Aqil Məmmədov bildirib ki, Azərbaycanla Tacikistan arasında münasibətlərin fundamental əsaslarla, inkişafı üçün münbit zəmin formalaşıb: “Azərbaycan və Tacikistan prezidentləri həm təkbətək, həm də geniş tərkibdə görüşləri zamanı qarşılıqlı əməkdaşlığın inkişafına dair faydalı müzakirələr aparıb. Hər iki ölkə başçısının mətbuata vermis olduğu birgə bəyanatda da əldə edilən razılaşmaların və əlaqələrin bundan sonrakı inkişafında müəyyənləşən strateji xəttin əsas mahiyyətini aydın görmək mümkün olur. İki dövlət arasında imzalanmış sənədlər qarşılıqlı münasibətlərin daha geniş formada inkişafına zəmin olacaq. Xüsusəndə imzalanmış sənədlər arasında “Şuşa şəhəri ilə Tacikistanın İsfara şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol” da mühüm önəm kəsb edir”.