Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının fövqəladə Zirvə görüşü mühüm tarixi dövrə təsadüf edib. İndiki dövrdə türk dövlətlərinin birlik hümayiş etdirməsi olduqca önəmlidir. Artıq qlobal miqyasda türk birliyinin gücü və imkanları qəbul olunmaqdadır. Bu mənada özünün yeni formatda və imkanlar müstəvisində növbəti Zirvə toplantısını keçirən Türk Dövlətləri Təşkilatı qarşıda duran bir sıra vacib məsələlərin həllində hədəflərə daha tez çatılması məsələsində konseptual mövqe sərgiləyir.
Bunu Siyasetinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Prezident ilham Əliyevin birbaşa təşəbbüsü ilə baş tutan Türk Dövlətləri təşkilatının Ankara Zirvə görüşü xüsusi əhəmiyyətə malikdir: “Bu Zirvə görüşünün türk dünyasının mədəniyyət paytaxtı Şuşa şəhərində keçrilməsi nəzərdə tutulmuşdu. Lakin qardaş Türkiyədə baş verən zəlzələ və çoxsaylı insan tələfatı Azərbaycanı ümumilikdə türk dünyasını qardaşlarımızın yardımına səfərbər etdi. Bu mənada Azərbaycan Prezidenti qardaş Türkiyədə baş verən zəlzələnin acı nəticələrinin aradan qaldırılması məqsədilə TDT-nın fövqaladə Zirvə Sammitinin Ankarada keçirilməsi təşəbbüsü ilə çıxış edib. Bu təklif TDT-yə üzv dövlətlər tərəfindən yekdilliklə qəbul olunub”.
Deputat bildirib ki, sözsüz ki, Ankarada baş tutan Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə Görüşü üzv dövlətlər arasında əlaqələrin daha da gücləndirilməsi baxımından mühüm hadisə hesab edilir: “Burada dövlət başçılarının çıxışlarında əməkdaşlığın genişləndirilməsinə xidmət edən təşəbbüslərin irəli sürülməsi bu birliyin güclənməsinə, münasibətlərin daha da sıxlaşmasına xidmət edən amillərdəndir. Qardaş Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra “Fəlakət-Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda TDT-nin Fövqəladə Zirvə görüşünün keçirilməsi də bu baxımdan vacib əhəmiyyətə malikdir”.
Məlahət İbrahimqızına görə, qardaş ölkədə baş vermiş əsrin fəlakətinin fəsadlarınının aradan qaldırılmasında türk dövlətlərinin birlik nümayiş etdirməsi vacib idi: “Fəlakət-Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusuna həsr olunan Ankara Zirvə görüşündə də məhz bu istiqamətdə qarşıdan duran vaicb məsələlər müzakirə edilib. Türk dövlətlərinin başçıları təbii fəlakətlərlə mübarizədə Türk Dövlətləri Təşkilatı daxilində çoxtərəfli sıx əməkdaşlıq və koordinasiya mexanizmlərinin yaradılmasının zəruriliyini önə çəkiblər. Eyni zamanda digər amil, Türkiyənin regional və qlobal miqyasda aparıcı mövqeyindən bəhs edilib. Sözsüz ki, qardaş Türkiyənin artıq qlobal bir güc kimi formaşlaşmasında çox hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın xidmətləri olduqca müstəsnalıq təşkil edir. Ankara Zirvəsinin önəmli məqamlarından biri də ilk dəfə Şimali Kıprıs Türk Dövlətinin də müşahidəçi kimi uştirak etməsi də xüsusi ilə qeyd edilməlidir. TDT-nin sonuncu Zirvə Sammitində Şimali Kipr Türk Cümhuriyyətinin ünvanladığı müşahidəçi statusluğuna baxılmış və müsbət qəbul edilmişdi. Bununla yanaşı TDT-nın Ankara zirvəsində Macarıstanın baş naziri də iştirak edib”.
Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyevin Zirvə toplantısında çıxışında qardaş ölkəyə Azərbaycan zəlzələ baş verən ilk gündən xalq, dövlət olaraq bütün imkanlarını səfər etməsindən bəhs edib. Eyni zamanda dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan Vətən müharibəsi nəticəsində ərazi bütövlüyünü bərpa edib. Amma buna baxmayaraq Ermənistan tərəfi hələ də 2020-ci ilin 10 noyabr üçtərəfli razılaşma ilə öz üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi Sammit iştirakçılarının diqqətinə çatdırıldı. Vurğulandı ki, Ermənistan Zəngəzur dəhlizinin açılması və mümkün sülh prosesi məsələsindən mümkün qədər yayınır. Amma bütün bunlara baxmayaraq Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı yenidənqurma işləri aparır. Ölkəmizin başçısı qeyd etdi ki, “Biz sıfırdan 9 yeni şəhər və birinci mərhələdə 300-dən çox kənd və qəsəbə qururuq”. Sözsüz ki, bu prosesdə də Azərbaycan-Türkiyə qardaşlığı özünün göstərir. Bu gün Azərbaycan dövlətinin qarşısında duran digər bir vacib məsələnin isə Qərbi Azərbaycan İcmasının pozulmuş hüquqları ilə bağlı olduğu bildirilib. Vaxtilə indiki Ermənistan ərazisindəki tarixi ata-baba yurdlarından zorla deportasiya edilən azərbaycanlılar indi haqlı olaraq tarixi torpaqlarına qayıtmaq istəyir. Bu insanlar Qərbi Azərbaycan İcması ətrafında birləşərək pozulmuş fundamental hüquqlarının bərpasına çalışır. Yaxşı olardı ki, beynəlxalq hüquq qarşısında erməni tərəfi bu məsələ ilə bağlı üzərinə düşən öhdəlikləri icra etsin. Çünki bu insanların yenidən öz ata-baba ocaqlarına dönüb yaşamaq istəyi təmin edilməlidir. Məhz Ankara Zirvəsində də Azərbaycan Prezidenti tərəfindən bu məsələnin bir daha qeyd edilməsi bu proseslə bağlı qısa zamanda uğurlu nəticələrin əldə olunacağına inamımızı daha da gücləndirmiş olur”.