Artıq türk dünyası üçün yeni bir dönəm başlayıb. Eyni kökə, tarixə, adət-ənənələrə sahib olan türk dövlətləri yeni bir konsepsiya müstəvisində birlik nümayiş etdirir. Bu sözsüz ki, Türk Dövlətləri Təşkilatıdır (TDT). Yeni formalaşmasına baxmayaraq təşkilat beynəlxalq müstəvidə və münasibətlər sistemində güclü, təsiredici faktor kimi çıxış edir.
Bunu Siyasetinfoya Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
Deputat Azərbaycanın bu təşkilatın ən fəal və aktiv üzvlərindən biri kimi burada xüsusi rola malik olduğunu söyləyib: “TDT artıq yeni çağırışlara adekvat cavab verən, strateji məsələləri ehtiva edən birlik formatına çevrilib. Təbii ki, Təşkilatının əsas hədəfi bundan sonra qlobal miqyasda önəmini və nüfuzunu daha da artırmaqdır. Burada təmsil olunan dövlətlərin bir-birinə tarixi, dini, milli-mənəvi köklərə əsaslanan bağlılığı bu amili təşkil edir. Bu baxımdan da türk dövlətlərinin yeni formatda iş birliyi səmimiyət və qarşılıqlı maraqlara hörmət üzərində formalaşıb. Türk xalqları arasındakı birlik, qardaşlıq gündən-günə möhkəmlənir və bu da öz növbəsində böyük bir coğrafiyanı əhatə edir”.
Millət vəkili hesab edir ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün keçirilməsi bu mənada xüsusi əhəmiyyətə malikdir: “Bu eyni zamanda tarixi bir hadisə kimi xarakterizə edilir. Qardaş Türkiyədə çoxsaylı insan tələfatına və xəsarət almasına səbəb olan güclü zəlzələ on minlərlə insanın həyatına son qoyub. Bu ağır fəlakətin fəsadları Azərbaycan xalqını təbii ki, dərindən sarsıtdı. Ölkəmizin başçısı bu kədərli problemdən bəhs edərkən bildirdi ki, “Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olmuşdur. Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər, tibb personalı və könüllülər zəlzələ bölgəsinə göndərilib. Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci olub. Xilasedicilərimizin və həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarılıb. Həmçinin 780 nəfərin cəsədi dağıntılar altında aşkar edilib. Tibb personalımız ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərib. Bu amil bir daha Azərbaycan və Türkiyənin həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olduğunu göstərir”.
Aqil Məmmədov qeyd edib ki, Prezident İlham Əliyev TDT-nin Ankara Zirvə toplantısında dünyada yaşayan azərbaycanlıların 50 milyondan çox olduğunu və onun 10 milyonunun Azərbaycanda yaşadığını söyləyib: “Dövlətimizin başçısı vurğulayıb ki, qədim türk yurdu olan Qərbi Zəngəzurun sovet hökumətinin qərarı ilə Azərbaycandan ayrılıb Ermənistana verilməsini Türk dünyasının coğrafi cəhətdən ayrılmasına xidmət edib. Prezident İlham Əliyev çıxışında, eyni zamanda, müharibə dövründə və ümumiyyətlə, hər zaman Türkiyə dövlətinin əsl qardaş kimi Azərbaycanın yanında olduğunu qeyd edib. Azərbaycanın Qələbəyə olan əzminin artmasında qardaş Türkiyənin göstərdiyi dəstək və mənəvi dayağının mühüm rolunun olduğu vurğulanıb. Türkiyə Prezidenti çox hörmətli Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan bu savaşda tək deyil. Türkiyə Azərbaycanın yanındadır və hər zaman yanında olacaqdır” sözlərinin xalqımıza nə qədər böyük güc verdiyini xüsusi ilə qeyd edib. Prezident həmçinin Azərbaycanın da hər zaman Türkiyənin yanında olduğunu bəyan edib”.