Azərbaycana qarşı hər zaman qərəzli və birtərəfli qaydada münasibət sərgiləyən beynəlxalq təşkilatlardan biri də Avropa Parlamentidir. İkili standartlardan uzaqlaşa bilməyən bu qurumlar özlərinin fundamental dəyərlərindən belə uzaq düşüblər. Erməni lobbisinin əlində oyuncağa çevrilən bir qrup Avropalı Parlamentari davamlı olaraq ölkəmizə qarşı bu təşkilat tərəfindən qərəzli qətnamə və qərarların qəbul edilməsinə çalışır. Bu mənada indiki halda Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etmiş olduğu heç bir fakta və əsasa malik olmayan qətnaməsı kağız parçasından ibarətdir.
Bunu Siyasetinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, Azərbaycan ictimaiyyəti Avropa Parlamenti Aİ-Azərbaycan əlaqələrinə dair 15 mart 2023-cü ildə qəbul etdiyi qətnaməyə qəti şəkildə etiraz edir və bunu şiddətlə qınayır: “Qətnamənin mətnində Avropa Parlamentinin insan hüquqları, əsas azadlıqlar, yaxşı idarəetmə və digər mövzular üzrə Azərbaycana münasibətdə səsləndirdiyi özünəməxsus aldadıcı şərhləri də təkrarlanıb. Amma ümumilikdə bu qətnamənin mətni Azərbaycanın sülhə nail olmaq səylərini qəsdən gözdən salmağa hədəflənib. Burada başlıca məqsəd Ermənistandakı revanşist qüvvələri təhrik etməkdir. Eyni zamanda Cənubi Qafqazda, Azərbaycanın Qarabağ iqtisadi rayonunda vəziyyətin destabilizasiyasına yönəlmiş yalan və təhqiredici ritorikaya geniş yer verilib. Təəsüfedici fakt odur ki, Avropa Parlamenti öz nüfuzuna xələl gətirən bu qətnamənin qəbul edilməsinin qarşısını ala bilməyib. Bununla da AP-i Cənubi Qafqazda məkirli planları olan qüvvələrin əlində alətə çevrilib”.
Deputat deyib ki, Avropa Parlamentinin absurd qətnaməsində Azərbaycanın ərazi bütövlüyünün şübhə altına alınması beynəlxalq hüquqa ziddir: “Eyni zamanda bu qurumun özünün nizamnaməsinə qarşı çıxmaqdır. Bu cür qərəzli bir sənədin qəbul edilməsi Avropada Ermənistan və erməni diasporunun fəaliyyətindən qaynaqlandığı hər kəsə məlumdur. Fakt odur ki, Avropa Parlamenti və Avropa İttifaqı son illər sanki ermənilərin və onların lobbi təşkilatlarının sifarişlərini yerinə yetirən bir instituta çevrilib”.
Sevinc Hüseynova hesab edir ki, Azərbaycanda olan tolerantlıq, dini, siyasi, etnik dözümlülük dünyanın əksər dövlətlərində yoxdur: “Azərbaycana gələn xarici qonaqlar hər zaman buradakı mühitdən, onlara yaradılan şəraitdən razılıq ifadə ediblər. Azərbaycan çoxmillətli, çoxdinli ölkədir. Burada bütün dinlərin nümayəndələrinə, bütün xalqlara bərabər şərait yaradılıb. Amma Ermənistana nəzər saldıqda bunun tam əksini görürük. Monoetnik dövlət olan Ermənistanda nə siyasi, nə də dini dözümlülük var. Azərbaycanda on minlərlə erməni yaşadığı halda Ermənistanda bir nəfər də olsun azərbaycanlıya rast gəlmək mümkün deyil”.
Milli vəkili vurğulayıb ki, Azərbaycan dövləti isə atdığı addımları beynəlxalq hüquq normaları uyğun həyata keçirir: “Ermənistan tərəfindən Azərbaycan əraziləri 30 ilə yaxın işğalda saxlanıldı dövrdə, 1 milyondan artıq vətəndaşımız öz vətənində qaçqın və məcburi köçkünə çevrildiyi halda Avropa Parlamenti və digər beynəlxalq qurumlar susurdu. Onların bu susqunluğu erməni lobbisindən nə dərəcədə asılı olduqlarını, ikili standartlardan uzaqlaşa bilməmələrinin təzahürüdür. Amma bütün bunlara baxmayaraq Azərbaycan II Qarabağ müharibəsindən sonra yeni bir reallıq yaradıb. Bu reallığı dünya ictimaiyyəti qəbul edir. Bu sülhü, təhlükəsizliyi, inkişafı xarakterizə edən bir reallıqdır”.