Azərbaycan xalqı II Qarabağ müharibəsindən sonra özünün qürurlu dövrünü yaşayır. Bu yeni bir dövrdür. Eyni zamanda yeni bir reallıq, yeni bir situasiya yaranıb. Bu reallığın müəllifi isə Müzəffər Ali Baş Komandan İlham Əliyev və Azərbaycan xalqıdır. 30 ilə yaxın bir dövlətin pozulmuş ərazi bütövlüyünü heç bir beynəlxalq hüquq səviyyəsində təmin etmək mümkün olmadı. BMT özünün 4 məlum qətnaməsinin Ermənistan tərəfindən icra edilməməsinə görə, heç bir ciddi addım atmadı və adekvat reaksiya verilmədi. Digər beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyü ilə bağlı çıxarmış olduğu qərarlar sadəcə olaraq kağız üzərində qaldı. Bunun fonunda Ermənistan özünün işğalçı ritorikasından əl çəkmir Azərbaycanı yeni müharibə, yeni ərazilərlə təhdid edirdi. Belə olan halda Azərbaycan dövləti özünün pozulmuş fundamental hüquqlarını bərpa etməyə, beynəlxalq hüququ təmin etməyə məcbur oldu. 44 gün davam edən Vətən Müharibəsi ilə Azərbaycan özünün dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyün təmin etdi.
Siyasetinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.
Professor qeyd edib ki, Azərbaycan bununla beynəlxalq təşkilatların çıxarmış olduğu qərarları təkbaşına icra etmiş olub: “Sözsüz ki, bu gün erməni işğalından azad edilmiş 30 ilə ərzində talanmış xarabazara çevrilmiş ərazilərdə yenidən həyat canlanır. Artıq azad torpaqlarımızda bayram tonqalları alovlanır. Bu il də Novruz tonqalı Müzəffər Ali Baş Komandan tərəfindən Tərtər rayonunun Talış kəndində yandırıldı. 44 günlük Vətən müharibəsində bu istiqamətdə əldə edilmiş uğurlar müharibənin gələcək gedişatı üçün çox böyük önəm daşıyırdı. Çünki Talış kəndinin olduqca vacib strateji əhəmiyyəti var. Düşmən tapdağından azad olunan Talış kəndində də Azərbaycan bayrağı dalğalanılır. 2020-ci il 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu bizə böyük Qələbə bəxş etdi və artıq 3 ildir milli bayramımız olan Novruzu tarixi torpaqlarımızda qeyd edilir. Azad olunmuş ərazilərimizdə zəfər tonqalları yandırılır Bu, hər birimizi qürurlandırır”.
Deputat deyib ki, Böyük qələbədən sonra ilk Novruz tonqalı Qarabağın tacı olan Şuşada, Cıdır düzündə qalandı: “Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ulu Öndər Heydər Əliyevin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Böyük Qələbəmizdən sonra bütün bölgələrimizdə olduğu kimi, Talış kəndində də Prezident İlham Əliyevin tapşırıqları əsasında tikinti-bərpa işləri aparılır, yeni evlər inşa olunub, zəruri infrastruktur yaradılır. Dövlət başçısının bayram münasibətilə təbrik müraciətində də qeyd etdiyi kimi, “Talış kəndinin yenidən qurulmasına başlanmasından hələ bir il keçməyib, artıq kəndə 20 ailə qayıdıb, 180-ə yaxın ailə isə qayıdacaq”. Bu, bərpa-quruculuq işlərinin sürətlə və plan üzrə davam etdiyini təsdiqləyir. Azərbaycan öz maliyyə imkanları hesabına öz tarixi torpaqlarını bərpa edir. Biz heç kimdən asılı deyilik və müstəqil şəkildə öz sərhədlərimizdə möhkəmlənirik. Sözsüz ki, Talış kəndində yandırılan Novruz tonqalı, kənd sakinlərinin doğma yurdunda milli bayramımızı qeyd etməsi dünya azərbaycanlılarını qürurlandırır”.
Millət vəkili hesab edir ki, Prezident İlham Əliyevin Novruz bayramı ilə bağlı təbrik müraciətində olduqca vacib məqamlar yer alıb: “30 il ərzində işğala göz yumanlar bu gün regionda yaranan yeni reallıqları həzm edə bilmir. Prezident ölkəmizə qarşı atılan ədalətsiz addımlara da toxunaraq erməni havadarlarının informasiya müharibəsi elan etməsinə diqqət çəkib. Yəni, çirkin niyyətdə olanların yanaşması bu gün yenə dəyişməyib. Dövlət başçısının söylədiyi kimi, “bəzi ermənipərəst ölkələr dünya xəritəsində olmayan, Azərbaycanın ərazisində mövcud olmayan dırnaqarası “Dağlıq Qarabağın müstəqilliyini” tanıyırlar. Bu, nə deməkdir? O deməkdir ki, işğal dövründə bütün bu qüvvələrin yeganə amalı bu işğalı əbədiləşdirmək idi. Bu münaqişəni həll etmək yox, dondurmaq idi”. Amma bütün bunlar heç bir əhəmiyyət kəsb etmir. İndi regionda şərtləri diktə edən tərəf qalib Azərbaycandır. Ölkəmiz məhz bu şətlər kontekstində Ermənistana dayanıqlı sülh təklif edir. Bu, təbii ki, qarşı tərəf üçün ən böyük güzəştdir. Çünki Ermənistan yeni reallıqları qəbul etməlidir. Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımayacaqsa ölkəmiz də onun ərazi bütövlüyünü tanımayacaq və bu dövlətimizin birmənalı mövqeyidir. Azərbaycan qarşı yenidən məkirli planlar düşünənlər isə növbəti dəfə yanılırlar. İndi Azərbaycan II Qarabağ müharibəsindən də daha güclü və hərtərəfli şəkildə özünün milli və dövlətçilik maraqlarını müdafiə etməyə qadirdir”.