Novruz bayramı qədim və əzəmətli tarixə sahib olan Azərbaycan xalqının qədim köklərə, adət-ənələrə malik milli bayramı, sərvətidir. Novruz tarixən qədim köklərinə, adət-ənələrinə sıx bağlı olan xalqımızın zəngin daxili aləmini, nikbin dünyagörüşünü əhatəli olaraq əks etdirən bayramdır. Bu bayram həm də xalqımızın özünüdərk təşəkkülünə bir çox töhfələr verib. Ali və milli dəyərlərin daşıyıcısı hesab edilən milli bayramımız insanlarımızı vahid mənəviyyat, birlik ətrafında cəmləşdirib. Məhz bütün bu zəngin dəyərlər, Novruz Bayramının adət və ənənələri çoxəsrlik mədəni irsimizə ehtiramda aydın şəkildə özünün xarakterizə edib.
Bunu Siyasetinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
Deputat Azərbaycan xalqının hər zaman Novruz Bayramını çox yüksək səviyyədə qeyd etdiyini deyib: “30 ilə yaxın xalqımız bu bayramda ən böyük arzusu erməni işğalından azad edilən torpaqlarımızda Novruz tonqallarının alovlanması idi. Vaxtilə Ulu Öndər Heydər Əliyev vurğulayırdı ki, “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır”. Artıq üçüncü ildir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırıb. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı erməni işğaldan azad edib. Artıq həmin ərazilərdə Novruz bayramı qeyd edilir, tonqallar alovlanır. Məhz işğaldan sonra ilk Novruz Bayramının Şuşada, Cıdır düzündə Prezident İlham Əliyev tərəfindən alovlandırılan bayram tonqalı Azərbaycan xalqının 30 ilə yaxın gözlədiyi bir tarixi mənzərə, arzuların reallaşması idi. Bu tariximiz, mədəniyyətimiz, milli kimliyimiz üçün şərəfli bir gün oldu”.
Millət vəkili vurğulayıb ki, birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun mədəniyyətlə, incəsənətlə bağlı layihələri Azərbaycanın mənəvi, tarixi, mədəni irsinin qorunması işində əvəzolunmaz rol oynayır: “Milli sərvətimiz olan muğam sənətinin yenidən inkişafı və beynəlxalq arenaya çıxarılması məhz Mehriban xanım Əliyevanın təşəbbüsü nəticəsində mümkün olub. Mehriban xanım Əliyeva Azərbaycanın maddi və qeyri-maddi irsinin, Qarabağ mədəniyyətinin, Azərbaycan xalqının yaratmış olduğu ənənə və dəyərlərin dünyada tanıdılması üçün müxtəlif təqdimatlar, sərgilər, tədbirlər keçirib. Azərbaycan xalqının yaratmış olduğu mədəni abidələr dünya irs siyahılarına daxil edilərək qorunma altına alınıb. Bütün bunlarla yanaşı, Azərbaycan muğamı, xalçası, aşıq musiqisi, tar ifası, kəlağayı sənəti, Lahıc misgərlik sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına, Çövkən-Qarabağ atüstü oyun ənənəsi isə qurumun təcili qorunmağa ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib. Eyni zamanda, Qız Qalası, İçərişəhər, Şirvanşahlar sarayı və Qobustan Dövlət Tarix və Bədii Qoruğu da UNESCO-nun Ümumdünya İrs siyahısına salınıb.
Qeyd edək ki, 28 sentyabr – 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli (Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb. İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. Belə ki, 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub.
Sevinc Hüseynova əlavə edib ki, Azərbaycan xalqı üçüncü ildir hər bir bayramı, tarixi günü xüsusi ilə qeyd etdiyi kimi Novruz bayramını da fərqli bir ovqatda keçirir: “Ölkəmizin hər yerində olduğu kimi işğaldan azad edilmiş torpaqlarımızda Novruz Bayramı xüsusu təmtəraqla qeyd edilir. Artıq azad edilmiş torpaqlarımıza Böyük Qayıdışın təcəssümü olaraq Zəngilan rayonunun Ağalı kəndinin sakinləri öz ata-baba yurdlarına bayramı qarşılayır. Martın 18-də Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Tərtər rayonunun Talış kəndində olub. Orada Azərbaycan Prezidenti Novruz tonqalını alovlanıdırb və Talış kənindəki evlərinə əbədi yaşamaq üçün qayıtmış sakinləri bayram münasibəti ilə təbrik edib. Sözsüz ki, qısa zamanda azad edilmiş bütün tarixi torpaqlarımızın sakinləri öz yurd-yuvalarına qayıdacaq. Azərbaycan xalqı 30 ilə yaxın bu tarixi anların həsrəti ilə yaşayıb. Bu ərazilərimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın rəşadəti sayəsində erməni işğalından azad edilib. Təbii ki, xalq olaraq abadlaşan torpaqlar uğrunda qanı tökülən igid övladlarımızı, Azərbaycan tarixinə öz qanları ilə adlarını yazdıran şəhidlərimizi, qazi və veteranlarımızı dərin qürur və iftixar hissi ilə anırıq, daima da anacağıq”.
Novruz Bayramınız mübarək olsun!