
Ölkəmiz hər zaman sülhü və təhlükəsizliyi regional və qlobal miqyasda dəstəkləyən dövlətlərdən olub. Azərbaycan özünün 90-cı illərin əvvəllərindən Ermənistan tərəfindən ərazilərinin 20 faizinin işğalda saxlanılmasına, əhalisinin 1 milyondan artığının doğma yurd-yuvasından didərgin salınmasına baxmayaraq sona qədər sülhü təşviq edib. Azərbaycan dövlətinin sərgilədiyi mövqe o olub ki, münaqişə sülh müstəvisində həll edilsin. Dövlətimizin dünya birliyi və beynəlxalq hüquq tərəfindən tanınan, qəbul edilən ərazi bütövlüyü təmin olunsun. Ev-eşiklərindən didərgin düşmüş sakinlərimiz yerlərinə qayıtsın. Amma nə beynəlxalq hüquq, nə də ki, aparıcı təşkilatların Azərbaycanın ərazi bütövlüyü, pozulmuş hüquqları ilə bağlı çıxarmış olduğu vacib qərarlara Ermənistan tərəfindən əməl edilməyib. Buna baxmayaraq, Azərbaycan özünün sülh konsepsiyasına sadiq qalaraq 30 ilə yaxın Ermənistanla və vasitəçilərlə danışıqlar prosesində iştirak edib.
Bunu Siyasetinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, ulu öndər Heydər Əliyevin Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı beynəlxalq miqyasda aparmış olduğu uğurlu siyasət sonrakı dövrlər üçün daha təsirli, fundamental əsas yaradıb: “Tarixi Lissabon Sammiti və burada Azərbaycanın ərazi bütövlüyünü dünya birliyi tərəfindən qəbul olunması, Ermənistanın işğalçı kimi beynəlxalq ictimaiyyətə tanıdılması böyük siyasi, diplomatik qələbə idi. Sonrakı dövrlərdə biz Avropa Parlamentinin, AŞPA-nın, İslam Əməkdaşlıq Təşkilatanın, Türk Dövlətləri Təşkilatının və digər aparıcı qurumların Azərbaycanın ərazi bütövlüyü ilə bağlı çıxarmış olduğu vacib qərarların şahidi olduq. BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələrindən qeyri-şərtsiz azad edilməsi ilə bağlı çıxarmış olduğu 4 mühüm qətnaməsi də heç şübhəsiz ki, beynəlxalq hüququn vacib elementi idi. Bu Azərbaycana, onun sülh konsepsiyasına beynəlxalq təşkilatların birmənalı yanaşması kimi dəyərləndirilirdi. Amma bütün bunlara baxmayaraq Ermənistan işğal faktından əl çəkmir, çıxarılmış qərarların icrası ilə bağlı heç bir addım atmırdı”.

Deputat deyib ki, Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə ulu öndər Heydər Əliyevin sülh strategiyasının uyğun olaraq vacib uğurlu siyasət davam etdirilib: “Sözsüz ki, sülh müstəvisində Azərbaycanın aparmış olduğu siyasətlə yanaşı onun təmin edən əsas konpenentlərin də hazırlanması yönündə mühüm işlər aparılıb. Azərbaycan iqtisadiyyatı güclənib, Ordusu formalaşdırılıb. Bölgədə sülhü bərqərar etmək üçün Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə bağlı beynəlxalq hüququn ona vermiş olduğu mandatı icra etməyə hər zaman hazır olduğu dəfələrlə vurğulanıb. Bunun fonunda danışıqlar davam edirdi. Ölkəmiz sona kimi sülh müstəvisində aparılan müzakirələrə sadiq qalmışdı. Prezident İlham Əliyevin mahir siyasi-diplomat kimi apardığı strateji xətt Azərbaycanın mövqelərini günü-gündən gücləndirirdi. Ermənistanın işğalçı, aqressiv siyasəti isə həmişə olduğu kimi beynəlxalq hüququ açıq şəkildə təhdid edirdi. İşğal faktına baxmayaraq Ermənistan Azərbaycana qarşı aqressiyasını, təxribatlarını davam etdirirdi. Növbədi belə bir təxribat isə Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək üçün Vətən Müharibəsinə başlamasına başlıca zəmin yaratdı. Ölkəmiz beynəlxalq birlik tərəfindən tanınan, qəbul edilən ərazisinin bütövlüyünü 44 gündə təmin etdi. Separatizmə sarsıdıcı zərbə vuruldu. Bölgədə təhlükəsizliyə başlıca təhdid olan Ermənistanın işğal faktına son qoyuldu”.
Sevinc Hüseynova hesab edir ki, Azərbaycan II Qarabağ müharibəsindən dərhal sonra Ermənistana beynəlxalq hüququn təməl prinsiplərinə uyğun 5 bəndlik sülh təklifi göndərib: “Bu amil Azərbaycanın münaqişədən öncə olduğu kimi, münaqişədən sonra da sülhə olan yanaşmasının bariz nümunəsidir. Bu gün Azərbaycan qlobal və beynəlxalq miqyasda aparıcı dövlət kimi özünün sülh strategiyasına uyğun təşəbbüslərlə çıxış edir. Ölkəmiz Avropanın enerji təhlükəsizliyinə başlıca töhvə verir. Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində Azərbaycan beynəlxalq hüquqla hər kəs üçün eyni, bərabər amillərə söykənən yanaşmaları təşviq edir. Bütün bunlar isə məhz Prezident İlham Əliyevin güclü, praqmatik siyasəti ilə Azərbaycanı layiq olduğu səviyyədə idarə etməsi və beynəlxalq hüquqa, sülhə, təhlükəsizliyə olan yanaşmasından irəli gələn amillərdir”.